1991-ci ildə müstəqillik əldə etmiş Mərkəzi Asiya ölkələrində sərhəd problemləri 30 ildən artıqdır ki, davam edir. SİA xəbər verir ki, həllini gözləyən bu problemlər zaman-zaman region ölkələri arasında münaqişələrə çevrilir. Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin fikrincə, bu günə qədər davam edən problemlərin ən mühüm səbəblərindən biri də Sovet İttifaqı dövründə ittifaqı yaradan Orta Asiya ölkələrinin sərhədlərinin “süni şəkildə” çəkilməsidir. Yəni ortaq coğrafiyada yaşayan bölgə xalqlarının ayrı-ayrı yeni dövlətlərə ayrılması sərhədləri üst-üstə düşən ölkələr yaratdı. "Euronews"da yer alan xəbərə görə, bölgədə sərhəd problemlərinə dair bir çox mübahisələr zamanla həll edilsə də, Qırğızıstan, Özbəkistan və Tacikistan torpaqlarına yayılan Freqana vadisi sərhəd münaqişələrinin mərkəzidir. Xüsusilə su ehtiyatlarından istifadə və sərhədin o tayındakı “anklav” torpaqları region ölkələrini bir-birinə qarşı qoyur.
Özbəkistan, Tacikistan və Qırğızıstan regionun ən mürəkkəb sərhədlərinə malik ölkələrdir. Üç ölkənin sərhədlərinin kəsişdiyi Fərqanə vadisi demək olar ki, sərhəd mübahisələrinin “mərkəzi”dir. Özbəkistan və Tacikistan arasındakı 1332 kilometrlik sərhədin təxminən 1000 kilometri 2002-ci ildə, qalan hissəsi isə 2016-cı ildə vəzifəyə başlayan Özbəkistan prezidenti Şövkət Mirziyoyevin mehriban qonşuluq siyasəti ilə həll olunub.
Qırğızıstan 1391 kilometr ümumi sərhədi olan Özbəkistanla sərhədin müəyyənləşdirilməsi işlərinin böyük hissəsini həll edib. Digər tərəfdən, Fərqanə vadisində qonşu olan Qırğızıstan və Tacikistan sərhəd probleminə görə münaqişəyə girən dövlətlər olub. İki ölkə arasındakı mübahisələrdə torpaq iddiaları, su ehtiyatları və yaylaların istifadəsi ön plana çıxıb.
Tacikistanla Qırğızıstan arasında 971 kilometrlik sərhədin 600 kilometri ilə bağlı razılıq əldə olunub, lakin qalan hissədə tərəflər 70-ə yaxın sərhəd məntəqəsində güzəştə getmək istəmir. Son illərdə iki ölkə arasında gedən münaqişələr çoxlu sayda ölüm və yaralanma ilə nəticələnib.
Mübahisəli sərhədlərlə yanaşı, Fərqanə vadisindəki anklav problemi də üç ölkənin xalqını qarşı-qarşıya qoyur. Bir ölkənin əraziləri arasında yerləşən və digər ölkəyə məxsus olan 8 anklavın olması münaqişələrə və insanların həyatının məhvinə səbəb olub. Qırğızıstanda Özbəkistana məxsus Şahimərdan, Soh, Çonqara və Cənqayıl, Özbəkistanda Tacikistanın Voruh və Qərbi Kalaça anklavları, Qırğızıstanın Barak kəndi və Tacikistanın Sarvak anklavları var.
Bu anklavlar arasında 60 minə yaxın insanın yaşadığı Özbəkistana aid Soh anklavı və Tacikistanın Qırğızıstan torpaqları arasında yerləşən Voruh anklavı böyüklüyü ilə diqqət çəkir. Əhalinin sıx yaşadığı bu bölgələrdə gərginlik və qarşıdurmalar baş verir. Bu mübahisəli bölgələrin coğrafiyası, daşınması və su ehtiyatlarının idarə olunması baxımından strateji əhəmiyyəti də region ölkələri arasında onilliklərdir davam edən sərhəd mübahisələrinin və problemin həll olunmamasında mühüm amildir. Ölkələr bölgədəki bu üstünlüyünü başqa ölkəyə qarşı itirmək istəmədiklərindən, bölgədəki sərhəd problemləri uzun müddət həll oluna bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB