Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları gecə saatlarında müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Baş verənlər bir daha Ermənistanın qeyri-ciddi və sabit olmayan şəxslər tərəfindən yönəldiyini nümayiş etdirdi. Bəs şəhər sakinləri bu məsələ ilə bağlı nə düşünür?
SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb:
Şəhər sakini Əkbər Cabbarov: "Ermənistan tərəfi mütəmadi olaraq sərhədlərimizdə təxribat törədirlər. Biz onlara yaşamağa yer verdik, amma onlar bizdən sui-istifadə etdilər. Ermənistanın sülhə getməkdən başqa çıxış yolu yoxdur. Onlar ya sülh sazişini imzalayacaqlar, ya da ki, Azərbaycan Ordusunu darmadağın edəcək".
Şəhər sakini Nuriyyə Qafarova: "Təxribatlarla bağlı onu deyə bilərəm ki, Ermənistan son çırpınışlarını edir. İstər hakimiyyət olsun, istərsə də müxalif qüvvələrin Ermənistan hakimiyyətində heç bir gücü və nüfuzu qalmayıb. Onların silahlı birləşmələri bu təxribatları edərək sanki gündəmdə qalmağı, kimlərdənsə yardım almağı umurlar. Amma onu da anlamalıdılar ki, artıq onların köməyinə heç kim çata bilməz. Əgər belə təxribatlar davam edərsə, bu səfər şanlı ordumuz Ermənistanı yer üzündən tamamilə siləcək. Allah ordumuzu qorusun".
Şəhər sakini Əli Məmmədov: "Ermənilərin ölkəmizə qarşı, mövqelərimizə qarşı törətdiyi təxribatların kökü keçmişə dayanır. I Qarabağ müharibəsini görməsəm də özümü tanıdığım vaxtdan Ermənistanın dövlətimizə qarşı törətdiyi cinayətlərin şahidiyəm. Buna qarşı çox böyük qəzab hissi keçirirəm. Ermənilər mənum insanları qətlə yetirmiş, körpələrə belə insaf etməmişlər. Ərazilərimizi işğal etmiş və tariximizi saxtalaşdırmağa çalışıblar. İgid oğullarımız vətən uğrunda canından keçmişlər. Biz elə bir düşmənlə üz-üzəyik ki, bu düşməndən hər an hər şey gözləmək olar".
Şəhər sakini Nərgiz Əlizadə: "Əlbəttə erməni tərəfi hər zaman təxribatlar törətməyə çalışıb. Çünki onlar məğlubiyyəti qəbul edə bilmirlər. Bizim torpaqlara göz dikiblər. Özlərini buranın sahibi olduğuna inandırıblar. Amma biz onlara lazım olan cavabı verdik. Qarabağ bizimdir. Nə qədər təxribatlar törətsələr də ancaq özlərinə ziyan verəcəklər".
Şəhər sakini Ehtiram Cəbiyev: "Biz 30 ildən çoxdur ki, ordumuzu, diplomatiyamızı gücləndirərək işğal altında olan torpaqlarımızı azad etmək üçün çox səylər göstərmişik. Biz bugünkü qələbəmizi ordumuzun gücünə borcluyuq. Tarix boyu hər zaman Azərbaycan həqiqətləri gizlədilib, Azərbaycanın haqq səsini heç bir dövlət eşitmək istəməyib. Biz öz gücümüzlə torpaqlarımızı işğaldan azad etdik. Bir Azərbaycan gənci olaraq b öz dövlətimizin həqiqətlərini bütün dünyaya çatdırmalıyıq. Biz öz tariximizi yaxşı bilməliyik. Biz faktlarla öz tariximizi müdafiə etməliyik".
Şəhər sakini Ülviyyə Qarayeva: "Onlar hər zaman nankor olublar. Torpaqlarımız işğal altında olanda belə bu təxribatları davam etdirirdilər. İndi torpaqlarımızı işğaldan azad etdik yenə də təxribatlar törədirlər. Onlar kimi qansız, cığal millət yoxdur".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB