Cənazəni qəbrədək müşayiət etmək sünnə və müstəhəb əməldir. Müsəlmanın müsəlman üzərindəki haqlarını sadalayarkən Həzrət Peyğəmbər bildirmişdir ki, cənazə mərasimində iştirak etmək bir müsəlmana qarşı dünyada sonuncu vəzifələrdən biridir.
Belə bir mərasimdə iştirak edən müsəlman ölümü xatırlamalı, axirəti düşünərək ibrət almalıdır. Peyğəmbər əleyhissalam buyurur: “Ölüm – səssiz nəsihətdir”. Yəni ölüm – cənazədə iştirak edənlərin danışmadan ibrət alacaqları bir hadisədir. Hüzr yeri nəsihətalma məkanıdır və ölü onlara öz nəsihətini susaraq verir. Məhz buna görə yas yerlərində möminin əsas vəzifəsi əvvəlcə bu sadalananlara riayət etmək, vəfat etmiş şəxsin yaxınlarına səbir diləmək, onların acısını paylaşmaqdır. Bu kimi dini vəzifələri yerinə yetirmək möminin vəzifəsi və borcudur.
Bunları bir kənara qoyaraq ölü yerində vay-şivən qoparmaq, hay-küy salmaq, qışqırmaq, yaxud dinimənşəli və ya başqa şüarlar səsləndirmək İslam alimlərinə görə caiz deyildir. Bu kimi hallar dində qəbuledilməzdir. Hətta İslam alimlərinə görə, yas zamanı ucadan təkbir səsləri ilə hay-küy salmaq da qadağandır. Əgər bu, bir Şəhidin hüzr mərasimidirsə, burada daha diqqətli olmalı, Şəhidin şəninə uyğun olmayan, onun ruhunu incidən amillərdən çəkinmək lazımdır.
Həmçinin qeyd edək ki, cənazə mərasimlərindən sui-istifadə etmək, məsələn məhəbi zəmində dini təfriqəyə səbəb olacaq işlər görmək, cəmiyyəti parçalayan, insanları bölən şüarlar səsləndirmək də cənazə ehkamından olmadığı kimi dinin əsaslarına da ziddir. Halbuki bu kimi şüarların, dini simvolların hayqıraraq ucadan deyilməsi onu insanların gözündə yüksəltmir, əksinə yas yerinə zidd davranışlar olduğu üçün o dəyərlərin insanların gözündən düşməsinə səbəb olur.
Buna görə də hüzr zamanı dini ehkamlara riayət edilməli, cənazəyə hörmət olunmalıdır. Necə ki, bütün bunlar hər bir müsəlman üçün dini məsuliyyətidir.
Əhməd Niyazov
Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri dosent
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB