Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilib - YENİLƏNİB

Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilib - YENİLƏNİB

Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilib. SİA-nın verdiyi məlunata görə, brifinqdə qurumun Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov çıxış edib.

Onun sözlərinə görə, sentyabrın 12-si tarixində gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bir qrup kəşfiyyat diversiya qrupu dövlət sərhədinin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində ərazi relyefi və dərə boşluqlarından istifadə edərək bölmələrimizin arxasına sızaraq ətrafı minalamağa cəhd göstərib: “Bu, ordumuzun bölmələri tərəfindən aşkar edilib. Bölmələrimiz tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib və qarşıdurma baş verib. Sentyabrın 13-ü səhərə qədər davam edən döyüşlərdə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçusu ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücaət göstərərək şəhid olub. Şəhidlərimizin qanı yerdə qalmayıb. Adekvat cavab tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurularaq təxribata cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi böyük itkilər verərək geri çəkilməyə məcbur edilib”.

Anar Eyvazov bildirib ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur. Bu qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır: “Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə