Azərbaycan Respublikasında iqtidar-xalq birliyi sabitliyin təminatçısıdır ŞƏRH

Azərbaycan Respublikasında iqtidar-xalq birliyi sabitliyin təminatçısıdır ŞƏRH

Hər bir ölkədə sosial-iqtisadi inkişafın əsasını ictimai-siyasi sabitlik, qarşılıqlı etimada əsaslanan vətəndaş-dövlət münasibətləri təşkil edir. Siyasi, sosial, iqtisadi sahələrdə sabitliyə və davamlı inkişafa nail olmaq üçün uzaqgörən daxili və xarici siyasətə və bu siyasəti həyata keçirmək qüdrətində olan siyasətçiyə ehtiyac vardır. Azərbaycan müstəqillik tarixində dövlətçiliyin, demokratik sistemin, vətəndaş cəmiyyətinin qurulması kimi böyük inkişaf yolu keçmişdir. Xalqın israrlı tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev gəlişi ilə ölkəmizdə siyasi və hərbi sabitliyə nail oldu. Bununla yanaşı, ölkəmizin iqtisadi vəziyyətinin ağır olduğu bir dövrdə Ermənistanla atəşkəsin imzalanması ilə, ölkə daxilində və cəbhə xəttində sabitliyin təmin edilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafı və xalqımızın həyat şəraitinin yaxşılaşması üçün geniş imkanlar açıldı. Sosial-siyasi sabitliyin təmin edilməsi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilməyə başladı. Ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, dövlətçilik ənənələrimiz güclənmiş, müasir səviyyədə infrastruktur layihələri uğurla həyata keçirilir. Azərbaycan, beynəlxalq ictimaiyyət tərəfindən ictimai-siyasi sabitliyi, təhlükəsiz və layiqli həyat səviyyəsini təmin etmiş ölkə kimi tanınır. Təməli Ulu Öndər tərəfindən qoyulmuş bu kurs, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Dövlət başçımızın ölkəyə rəhbərliyi dövründə müstəqilliyimiz daha da möhkəmlənmiş, sosial-iqtisadi və hərbi quruculuq sahəsində çox böyük nailiyyətlər qazanmışıq.Uğurlu xarici siyasətin həyata keçirilməsi və sürətli iqtisadi inkişafa nail olmaq üçün daxildə ictimai sabitlik xüsusi önəm daşıyır. Mövcud olan ictimai sabitlik nəticəsində bütün millətlərin nümayəndələri və fərqli dini etiqadlı insanlar Azərbaycanda vahid xalq kimi yaşayır. Azərbaycan, təmin edilən ictimai sabitlik mühitinə görə bu gün özlərini demokratiyanın beşiyi hesab edən ölkələr üçün örnək götürüləcək səviyyədədir.

Sabitlik və əmin-amanlıq ölkəmizin beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir. Ölkəmizdə beynəlxalq tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi, sabitliyin, əmin-amanlığın təzahürüdür.Azərbaycanda mövcud ictimai-siyasi sabitliyin davamlı olması siyasi, iqtisadi, mədəni sahələrdə uğur qazanılmasını və ölkəmizə sərmayə axınını stimullaşdıran əsas amillərdən biridir. Prezident İlham Əliyevin dünyada öz xalqının mənafeyi naminə müstəqil siyasət həyata keçirən nüfuzlu lider olması, vədlərinə sadiqliyi, xalqın sevgisini, dəstəyini və birliyini möhkəmləndirən əsas xüsusiyyətlərdir. Bu, rəhbər-xalq münasibəti isə sabitlik və təhlükəsizliyimizi şərtləndirən əsas amildir.

Akif Əliyev,

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə