“Ermənistan noyabra qədər öhdəliklərini yerinə yetirməyə məcburdur” - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair Avropanın siyasi mərkəzi olan Brüsseldə keçirilən sayca 4-cü üçtərəfli görüş sülh prosesinə töhfə kimi dəyərləndirilə bilər. Belə ki, tərəflərin noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəlməsi sülh prosesini pozan Ermənistan üçün bir növ təzyiq hesab oluna bilər. Belə ki, növbəti görüşə qədər öhdəliklərin yerinə yetirilməsi baxımından üçtərəfli görüş hesabat xarakteri daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün öhdəlikləri yerinə yetirən və sülh prosesinə töhfə verən tərəf kimi danışıqlar masasında da üstünlüyü qoruyub saxlayır: “Prosesi pozan Ermənistan isə hər dəfə bu cür görüşlərdə öhdəliklərini yada salmağa və onları icra etməyə məcbur olduğunu anlayır. Bu mənada, Ermənistanın noyabra, yəni növbəti üçtərəfli görüşə qədər praktik addım atmamaq şansı azalır.
Ümumiyyətlə, üçtərəfli görüş dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılmasına xidmət edir. Görüşün yekununda bəyanatla çıxış edən Şarl Mişel də fikir mübadilələrini açıq və məhsuldar qiymətləndirib. Bəyanatdan aydın olur ki, 4-cü üçtərəfli görüşdə də gündəlikdəki bütün məsələlər nəzərdən keçirilib. Hətta 3-cü görüşdə əldə edilən razılaşmalar istiqamətində bəzi addımların atılması təqdir olunub. Xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib. Eyni zamanda, humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi bu dəfə də diqqət mərkəzində oldu. Avropa İttifaqının bu məsələlərlə məşğul olmaqda davam etməsi növbəti mərhələlərdə nəticə əldə etmək istiqamətində ümidləri artırır. Sərhəd komissiyasının növbəti iclasının Moskvadan sonra noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılıq da irəliləyişdir.
Görünən budur ki, Avropa İttifaqı uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır. Budəfəki görüş də Azərbaycanın diplomatik üstünlüyü ilə yadda qaldı. Belə ki, yenə “Qarabağ”, “Minsk Qrupu”, “status” ifadələrinin işlədilməməsi sülh gündəliyində rəsmi Bakının maraqlarının tam şəkildə təmin olunduğunu bir daha təsdiqləyir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB