"Qazaxıstan və Azərbaycan dost ölkədir" - DEPUTAT ŞƏRH ETDİ

"Qazaxıstan və Azərbaycan dost ölkədir" - DEPUTAT ŞƏRH ETDİ

"Qazaxıstan və Azərbaycan dost ölkədir. Uzun illər hər iki ölkənin ikitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə demək olar ki, mövqeləri üst-üstə düşüb. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir. Biz strateji tərəfdaş, müttəfiqlərik". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında yanacaq-energetika, nəqliyyat, logistika, informasiya–kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir: "Azərbaycan şirkətləri Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrdə və digər istehsal sahələrində iştirak ediblər. Azərbaycanın sənaye parklarının məhsullarının Qazaxıstan bazarına çıxarılması, həmçinin qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi məsələləri də diqqət daim mərkəzində saxlanılır".

Deputat sözlərinə belə davam edib: "Uzun illərdir iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından daha səmərəli şəkildə faydalanmaqdır. Bunun üçün son illər bir çox sənədlər imzalanıb. Gələcəyə dair planlardan ən başlıcası da Qazaxıstan və Azərbaycanın bu tranzit şansını hər iki ölkənin vətəndaşlarının rifahının təmin olunmasında mühüm amilə çevirməkdir. Deyə bilərəm ki, bundan sonra da Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdiriləcəkdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə