“ABŞ və Fransa nümayəndələri Azərbaycan xalqı qarşısında cavab verməlidir”

“ABŞ və Fransa nümayəndələri Azərbaycan xalqı qarşısında cavab verməlidir”

Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev Qarabağın simvolik şəhəri Şuşada keçirilən beynəlxalq konfransda ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa səfirlərinin iştirak etməməsinə münasibət bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Şuşada Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya nümayəndələrinin iştirakı ilə keçirilən konfransın açılışından sonra mətbuata açıqlama verən H.Hacıyev deyib: “ABŞ və Fransa səfirləri konfransda iştirak etmədi. Başa düşə bilmirik ki, onlar niyə bu toplantıya qatılmadılar. Digər tərəfdən, əslində Şuşanın onların iştirakına ehtiyacı yoxdur. Gələ də bilərlər, gəlməyə də. Yəqin bundan sonra onları dəvət etməyəcəyik. Onlar ATƏT-in Minsk qrupunun üzvləri kimi Azərbaycanın torpaq bütövlüyünü həzm edə bilmirlər, yoxsa Şuşanın bərpa olunmasını? Bilmirəm.

Şuşaya gəlməyən ABŞ və Fransa səfirləri Azərbaycan xalqı qarşısında cavab verməlidir. Azərbaycanın 30 illik danışıqlar prosesində onların hansı məqsədlərə xidmət etdikləri və hansı maraqları güddükləri onların Şuşaya gəlməmələrindən anlaşılır.

Kimlərinsə Minsk Qrupunu dirçəltmək cəhdləri həm ikiüzlülükdür, həm də biabırçılıq. Məncə, Minsk Qrupu həmsədrlərinin ölkələri utanmalıdır. Çünki onlara ədalətsizliyi aradan qaldırmaq, işğalı sonlandırmaq səlahiyyəti verilmişdi. Amma Azərbaycanın bir qarış torpağı belə işğaldan qurtulmadı. 30 illik uğursuz fəaliyyətindən sonra ATƏT-in Minsk Qrupuna yeni təyinatlar vermək ayıbdır. Bizim üçün artıq belə bir təşkilat yoxdur. Azərbaycanın münasibəti belədir. Minsk Qrupu özü-özünü öldürən bir təşkilat, bizim üçün artıq tarixin bir parçasıdır".

Qeyd edək ki, Şuşadakı beynəlxalq konfransda 60 ölkə və 19 beynəlxalq təşkilatdan 160-dan çox diplomat və rəsmi şəxs iştirak edib. Tədbirdə işğal edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri barədə iştirakçılara məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə