"Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir" - DEPUTATIN MÜNASİBƏTİ

"Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir" - DEPUTATIN MÜNASİBƏTİ

ABŞ və Fransanın ölkəmizdəki səfirlərin Şuşada keçirilən konfransda iştirakdan imtina etmələri Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsizlikdir. Hər iki ölkə Minsk qrupunun həmsədrləri kimi münaqişənin həllini uzatmaq, ümumiyyətlə regionda sülhün yaranmasını əngəlləmək üçün 25-30 il ərzində əllərindən gələni ediblər. Bu gün də həmin siyasət davam etdirilir. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Şuşada diplomatların iştirakı ilə keçirilən tədbirə qatılmamaq həm də işğalçı Ermənistanın və Qarabağdakı separatçıların yanında olmaq deməkdir. Bu isə dünyadakı münasibətlər sisteminin şərtlərinə ziddir. BMT Təhlükəsizlik Şurasının üzvü kimi hər iki ölkə dünyanın nizamını pozacaq, münasibətlərdə neqativlik yaradacaq addımlardan çəkinməlidirlər. Əks təqdirdə bu yanaşma presedent yarada bilər. Belə görünür ki, ABŞ və Fransa kimi ölkələrin düşüncəsində beynəlxalq hüquq, ədalət boş şeydir. Onlar ancaq öz mənafələrini və maraqlarını güdürlər. Bu günlərdə ABŞ dövlət katibi Entoni Blinkenin ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etməsi də regionda yaranan kövrək sabitliyə əngəl yaratmaq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini pozmaq məqsədi daşıyır. Onlar regionda gərginliyin olmasını və özlərinin daima mövcudluğunu istəyirlər. Azərbaycanın beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara uyğun addımlar atır. Mesajları da reallığa söykənir. Ölkəmiz müharibənin, münaqişənin əlehinə olduğu kimi, sülh prosesinə mane olanlara da öz sərt üzünü bundan sonra da göstərəcək. Kimsə Azərbaycanın haqq işinə əngəl ola bilməz”.

Bütün xəbərlər Facebook səhifəmizdə