“Tokayevin Bakıya səfəri müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətli oldu” - POLİTOLOQ AÇIQLADI
“Əvvəla qeyd edim ki, Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb: "1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
Qazaxıstan prezidentinin Azərbaycana səfəri çox böyük əhəmiyyət daşıyır. Bu səfəri ölkələrimiz arasında yeni bir mərhələnin başlanğıcı da adlandırmaq olar. Qazaxıstan Mərkəzi Asiyanın ən önəmli türk ölkələrindən biridir və indiyə qədər Azərbaycanla Qazaxıstan arasında bir çox sahələr üzrə əməkdaşlıq münasibətləri olub. Bundan əlavə hər iki ölkə beynəlxalq təşkilatlarda da eyni mövqeyi nümayiş etdirir və deyə bilərəm ki, beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Bu da təbiidir, çünki hər iki ölkənin insanı tarixən bir-birinə yaxın, qardaş, dost münasibətlərində olublar. Müstəqillik qazanandan sonra isə Ümummilli Lider Heydər Əliyev və Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin səyləri nəticəsində münasibətlər nümunəvi səviyyəyə yüksəlib".
Politoloq həmçinin onu da qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin indiki səviyyəsi və bu münasibətlərin müttəfiqliyə qədər yüksəlməsində isə Prezident İlham Əliyevin rolu danılmazdır: "Elə bu səbəbdən də heç təsadüfi deyil ki, Tokayev Bakıda Azərbaycan Prezidentini münasibətlərimizin inkişafındakı xüsusi xidmətlərinə görə ən ali ordenlə, Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif etdi. Bu orden xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətin göstəricisidir.
Tokayevin Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətın yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir.
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram, strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram, Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı, hökumətlər arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş, nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu və digər ümumilikdə 20-dən artıq sənəd imzalanmışdır ki, bu sənədlər də heç şübhəsiz ki, qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə, iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə ciddi töhfələr verəcək".
"Şübhəsiz ki, imzalanan sənədlər içərisində “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyət daşıyır. Bəyannamə Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın demək olar ki, bütün istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza rolunda çıxış edəcək. Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyinin də öz əksini tapması da təqdirəlayiqdir. Çünki həmin dəhliz gələcəkdə hər iki ölkənin nəqliyyat loqistikasında əhəmiyyətli rol oynayan Orta Dəhlizin tərkib hissəsi olacaq”,-deyə politoloq əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB