Azərbaycan dünyada etibarlı tərəfdaş, regionda isə lider dövlətdir ŞƏRH

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə regionların inkişafı, ərzaq təhlükəsizliyi, erməni işğalından azad edilən torpaqlarda kənd təsərrüfatı sahəsində görülən işlər haqqında danışmaqla yanaşı, avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda baş verən qarşıdurma ilə bağlı da fikirlərini diqqətə çatdırmışdır. Dövlətimizin başçısı “Qisas” əməliyyatı keçirilərək, təxribat zamanı şəhid olan əsgərimizin qanının alındığını və qarşı tərəfin ciddi cəzalandırıldığını bildirib. Müsahibə zamanı Prezident cənab İlham Əliyevin Ermənistana xəbərdarlıqları olmuşdu. Bu mənada Basqaldan Ermənistana verilən ali mesajın əsl mahiyyəti də ondan ibarətdir ki, əgər Ermənistan yolunu azacaqsa, cəza tədbirləri davam edəcək. Prezident İlham Əliyevin də dediyi kimi, qısamüddətli əməliyyat göstərdi ki, gücümüz yerindədir, sadəcə, biz müharibə istəmirik. Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq.”

Azərbaycan Vətən müharibəsində Ermənistanın 30 illik işğalına son qoymaqla ərazi bütövlüyümüzü bərpa edib. Savaşdan keçən zaman ərzində isə daim sülh çağırışları səsləndirib, bölgədə sabitliyin, əmin-amanlığın bərpası istiqamətində yorulmaz səy göstərib. Bununla da niyyətimizin, məqsədimizin qarşıdurmaya, müharibəyə son qoyulmasına, dincliyə, əməkdaşlığa yönəldiyini bütün dünyaya nümayiş etdirib.

Ermənistanın sonuncu qanlı təxribatına ölkəmizin layiqli cavabı, eyni zamanda, bir daha Azərbaycanı haqq-ədalət yolundan heç kimin çəkindirə, dayandıra bilmədiyini təsdiqlədi. İkinci Qarabağ müharibəsi zamanı da qarşı tərəf bunun şahidi olmuşdu. Təəssüf ki, o vaxtdan iki ilə yaxın bir müddət ötməsinə baxmayaraq, Ermənistan ölkəmizin bu qətiyyətli mövqeyindən, tutduğu yoldan dərs almadı. Törətdiyi son təxribatın qarşılığında isə “Qisas” əməliyyatı ilə cəzalandırıldı.

Erməni hərbi birləşmələrinin Qarabağı birdəfəlik tərk etməli olduğunu bir daha vurğulayan cənab İlham Əliyev demişdir ki, bu, bir öhdəlikdir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib. İstənilən halda biz buna nail olacağıq və nail oluruq. Eyni zamanda, Azərbaycan tərəfi Ermənistanı Xankəndi ilə birləşdirən yeni alternativ yolu çəkib qurtarmış və qarşı tərəfə vaxt vermişdir ki, bu il avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarsın. Artıq ermənilərin bu istiqamətdə məqsədyönlü ətalətdən çıxması və həmin əraziləri boşaltmağa başlaması müşahidə olunur.

Bu gün də Azərbaycan öz üzərinə düşən öhdəlikləri tam uyğunluqla yerinə yetirir. Ermənistan da 10 noyabr razılaşmalarına ciddi əməl etməlidir. Ermənistanı bütün öhdəliklərini yerinə yetirməyə məcbur etmək gücünə sahibdir. İlk növbədə, bütün erməni silahlıları Qarabağdan dərhal çıxmalıdırlar.

Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın müddəalarının icrası hazırkı dövrün əsas tələbləri sırasındadır. Azərbaycan üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Ölkəmiz bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün üzərinə düşən öhdəlikləri zamanında və yüksək səviyyədə yerinə yetirir. Qarşı tərəfə təklif olunan sülh müqaviləsi də bunun təsdiqidir.

Ermənistan tərəfi Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalı, sülhə gəlmək üçün müsbət addımlar atmalıdır. Əks halda, qeyri-konstruktiv mövqe məhz rəsmi İrəvan üçün problemlər yaradacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək. Əminik ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq. Bu gün bölgədə yeni reallığın memarı məhz Azərbaycan Respublikasının Prezidentidir. Bu məsələdə də dövlət baçımızın mövqeyi qısa, aydın və konkret oldu. Artıq ölkəmiz regionda yeni reallıqlar yaradıb və bu reallıqların praktiki mərhələyə keçməsi üçün əməli addımlar atır. Yeni reallıqlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha böyük, möhtəşəm nailiyyətlər əldə etməsinə hədəflənib.

Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə