Qarabağda yaşayan ermənilərə heç bir imtiyaz verilməyəcək ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev avqust ayının 12-də Ağsu və İsmayıllı rayonlarına səfəri çərçivəsində bir sıra tədbirlərdə, o cümlədən sosial, mədəni və iqtisadi obyektlərin açılışında iştrak etmiş, bərpa-tikinti işləri ilə yerində tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir. Cənab Prezident İlham Əliyevin prezidentliyi dönəmində qəbul olunmuş Dövlət Proqramları və Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının şəxsi nəzarətində saxlanması nəticəsində yalnız paytaxda deyil, reionlarda böyük abadlıq və quruculuq işləri həyata keçirilmiş, nəhəng infrastruktur layihələri icra olunmuş, minlərlə sosial və mədəniyyət obyektləri inşa edilərək əhalinin istifadəsinə verilmişdir. Aparılan məqsədyönlü siyasət sayəsində regionların xarici siması tamamilə dəyişdirilmiş, bölgələrdə insanların müasir dövrün tələblərinə uyğun yaşayışı üçün bütün şərait yaradılmışdır.

Cənab Prezident Ağsu və İsmayıllı rayonlarına səfərinin sonunda İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Müsahibə zamanı cənab Prezident Ağsu və İsmayıllı rayonlarında aparılan işlərdən bəhs etmiş, eyni zamanda ölkəmizdə, regionda və dünyada baş vermiş hadisələr haqqında fikir və rəylərini bildirmişdir. Müsahibə zamanı cənab Prezident bildirmişdir: “Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həmdə əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır". Cənab Prezident əlavə etmişdi ki, son illərdə hər iki rayonda böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır: "İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə - Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bir sözlə, bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Çünki bildiyiniz kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz. Bu gün isə yolüstü “Diri Baba” türbəsində gedən işlərlə tanış oldum. Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, həm konservasiya olunsun, həm də onun ətrafında turizm infrastrukturu yaradılsın. “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb”. Bu gün Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Eyni zamanda, İsmayıllı rayonunda bu obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır. Müxbirin “Cənab Prezident, məlum olduğu kimi, avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda qarşıdurma baş verdi. Bu hadisə ilə bağlı nə deyə bilərsiniz" sualına cənab Prezidentin verdiyi cavab olduqca təqdirəlayiq olduğunu nəzərə alaraq, həmin cavabı Sizin diqqətinizə olduğu kimi çatdırıram: ”Bəli, Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi mənim tərəfimdən qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi. Nəticə də bəllidir, bu barədə çox danışmaq istəmirəm. Təkcə onu demək istəyirəm ki, nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur.

Prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bax bu faciəvi hadisələr baş verir. Biz müharibədə Zəfər çalmışıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq. Onu da bildirməliyəm ki, “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Bu, onu göstərir ki, əfsuslar olsun ki, belə əməliyyatların təsiri var. Ona görə “əfsuslar olsun” deyirəm ki, buna gətirib çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı. Hər halda, birinci biz başlamamışıq. Biz istədiyimizi təmin etmişik, öz torpağımızda möhkəmlənmişik və möhkəmlənəcəyik". Cənab Prezident müsahibənin yekununda Ermənistanda və Qarabağda yaşayan ermənilərə və onların havadarlarına xüsusi mesaj verərək bildirdi ki, bu hadisələrin nəticələrindən, önəmli nəticələrindən biri də odur ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və atacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə də, bilmirəm, hansısa populizm naminə, yaxud da ki indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol.

Cənab Prezident Azərbaycan xalqının ümumi mövqeyini ifadə edərək Qarabağda yaşayan ermənilərə seçim etmək üçün istiqaməti göstərdi. Ya Azərbaycanın qanunlarına tabe olub, vətəndaş hüquqlarınız qorunmaqla yaşayın, ya da Azərbaycanın ərazilərini tərk edin. İki yoldan birini seçin.

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə