Soçidəki müzakirələrdə DİQQƏTİ ÇƏKƏN MƏQAMLAR – TƏHLİL

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Soçidə 5 avqust tarixində baş tutan görüş bütün dünyanın diqqətini cəlb edib desək, yanılmarıq. Əvvəla ona görə ki, Rusiya-Ukrayna münasibətləri fonunda bütün dünyanın bu görüşü maraqla izləyəcəyi qabaqcadan da bəlli idi. Digər tərəfdən də, bu iki ölkənin bir-biri ilə get-gedə daha yaxın münasibətlər qurması dünya düzəninə əhəmiyyətli dərəcədə təsir etdiyi halda maraq dairəsindən kənarda qala bilməz.

Doğrudur, Qərb indi Rusiya ilə hansısa ölkənin yaxınlıq etməsinə, münasibətlərini yaxşılaşdırmasına razı ola bilməz və bir tərəfdən sanksiyalar tətbiq etdiyi, digər tərəfdən də rəqib bəllədiyi bir ölkənin meydanda tək qalmamasına sevinmək fikrində də deyil. Amma mövcud reallıqların fonunda buna qarşı da gələ bilmir. Ona görə ki, Rusiya ilk növbədə böyük bir dövlət ilə, artıq hesablaşmaq məcburiyyətində qaldıqları bir dövlətlə, Türkiyə ilə münasibətlərini yaxşılaşdırır və Qərbin bu münasibətlərə mane olmaq istəyinə düşməsi belə əleyhində səslənə bilər. Həmçinin, Türkiyə ümumilikdə Qərb üçün Rusiya ilə dialoq vasitəsi olduğu da bir həqiqətdir və bununla, bu reallıqla barışmamaq mümkün deyil.

Məsələ burasındadır ki, Türkiyə Prezidenti bu dəfə də Soçidə kimlərin nə düşünəcəyini, Qərbin nə reaksiya verəcəyini nəzərə almadan ölkəsinin iqtisadi, siyasi maraqlarından çıxış edib. İlk baxışdan da görünür ki, Putin-Ərdoğan dialoqunun iqtisadi platformasında daha çox “Türk axını” enerji layihəsi, onun Avropanın qaz təminatındakı rolu ön plana çəkilib. Bu layihənin əhəmiyyəti barədə yəqin ki, hər kəs bilir və Türkiyə üçün bunun iqtisadi baxımdan önəminin daha böyük olduğu da bəllidir. Bununla yanaşı, iqtisadi maraqlar daxilində iki ölkənin birgə layihəsi olan “Akkuyu” atom elektrik stansiyasının tikintisi ilə bağlı fikir ayrılıqlarına son qoyulması da ön planda olub ki, bu, hər iki tərəf üçün fayda gətirəcək bir məqam sayılır.

Daha çox diqqət çəkən məqam isə odur ki, hər iki ölkənin lideri Rusiyadan Türkiyəyə ixrac edilən qazın ödənişinin rublla ediləcəyi barədə razılığa gəlib. Bu məqam ona görə daha çox diqqət çəkir ki, bu addımla ABŞ dollarının hegomonluğunun azalması istiqamətində təsirli addım sayılır. Belə bir addım Rusiyanı da, Türkiyəni də qane edir və bu razılaşma da əbəs yerə əldə edilməyib, hansı ki, bütün dünya ictimaiyyəti bunu çox dəqiqliklə izləmiş oldu.

Bilirik ki, ərzaq qıtlığı deyilən bir həyəcan təbili artıq çalınıb və ələlxüsus taxıl tədarükü, taxıl ehtiyatlarının yaradılması da bütün dünya üçün çox vacib hesab olunur. Çünki bu məsələ bütün dünya üçün maraq dairəsində olan məsələdir. Ərzaq təhlükəsizliyi, taxıl tədarükü və ehtiyatlarının yaradılması hər kəsi narahat edir, halbuki Ukrayna taxıl ixrac edən ölkə olaraq müharibə şəraitində bunu edə bilmir. Belə bir məqamda Ukraynada blokadada qalan taxılın dünya bazarlarına çıxarılmasını təmin etmək çox əhəmiyyətli addımdır. Bunun Türkiyənin beynəlxalq humanitar missiyasının prioritetləri sırasında olduğu da bəllidir və belə bir missiyanın öhdəsindən gəlinməsi Türkiyənin beynəlxalq miqyasda ən uğurlu addımlarından biri sayıla bilər. Nəzərə almaq lazımdır ki, qlobal ərzaq təhlükəsizliyini təhdid edən qarşıdurmaya Türkiyə müvəqqəti də olsa son qoysa, bu, böyük nəticə deməkdir. Bu, həm də Türkiyənin istər Rusiya, istər Ukrayna, istərsə də Qərbin etibarını qazanması deməkdir.

Unutmaq lazım deyil ki, qeyd olunan məqamlar Rusiya üçün də önəmlidir. Bu, ilk növbədə, Qərbin sanksiyalarını minimuma endirmək baxımından da Rusiyaya çox lazımdır. Hətta Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiya üçün əvəzedilməzdir desək belə yanılmarıq. Təbii ki, ən çətin vaxtlarından Rusiyanın məhz Qərbin sanksiyalarından yayınma şansı da ruslar tərəfindən başa düşülür və qiymətləndirilir. Heç şübhəsiz ki, Türkiyənin belə bir yanaşmasına, atdığı addıma Rusiya tərəfi də öz növbəsində adekvat reaksiya verməlidir və bu da münasibətlərin gələcəkdə daha da yaxınlaşacağı proqnozunu söyləməyə əsas verir.

Sözsüz ki, hər nə qədər münasibətlər yaxşılaşsa da, əlaqələr dərinləşsə də, Rusiyanın da, Türkiyənin də bir dövlət kimi öz maraqları ön plandadır və strateji maraqlar hər şeydən öndədir. Bu strateji maraqlar baxımından ölkələrin bir-birinə rəqib kimi də görüməsi adi, normal təzahürdür. Qərb də bu məqamdan istifadə etməkdən çəkinməyə bilər. Lakin Türkiyəyə qarşı yanaşma bir qədər fərqlidir, çünki Türkiyə Qərblə Rusiya arasında bir rabitə kimi qəbul edilir və bu mənada Qərb hələ bu yolu tutmaq niyyətində görünmür. Müşahidəçi mövqedə dayanması da bununla izah edilir.

Əlbəttə, Türkiyənin Ukraynaya göndərdiyi çoxlu sayda “Bayraktar” Rusiyanı narahat etməyə bilməz. İyirmi birinci əsrin müharibələrində həlledici rola malik olan “Bayraktar” hər iki tərəf üçün çox faydalıdır və Putinin də həmin o pilotsuz aparatlardan almaq niyyətində olduğuna kimsənin şübhəsi yoxdur. Məsələ burasındadır ki, Ukraynadan fərqli olaraq, Rusiyaya bu pilotsuz aparatların tədarük edilməsi Türkiyəyə sərf etmir. Əvvəla ona görə ki, qeyd olunduğu kimi, hər iki ölkə strateji maraqlar baxımından rəqib sayılır və həmin o pilotsuz aparatlar, yeni nəsil silahlar Türkiyə üçün fövqəladə üstünlük deməkdir hərbi qüvvələr nisbətində.

Bəli, Türkiyənin qlobal miqyasda nüfuzu durmadan artıq. Bunu bir-birinə rəqib mövqedə olan Qərb də, Rusiyada qəbul edir. Türkiyənin söz sahibinə çevrildiyi günümüzün reallığıdır. Əbəs yerə deyil ki, Rusiya heç zaman olmadığı qədər Türkiyəyə yaxın olmağa çalışır. Bununla rəsmi Moskva meydanda tək qalmadığını, hətta yanında böyük bir gücün olduğunu bütün dünyaya bəyan etməkdə davam edir. Bir sözlə, Türkiyə dünyada söz sahibi olan dövlətdir və qardaş ölkənin belə nüfuz, söz sahibi olması Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Hər şeydən öncə bütün dünya Azərbaycanı hal-hazırda Türkiyə üçün ən yaxın, dost ölkə hesab edir ki, bunun əhəmiyyəti olduqca böyükdür. Türkiyənin hər zaman olduğu kimi, Azərbaycana siyasi dəstək göstərəcəyi də təkzib edilə bilməz və bu məqam ölkəmiz üçün çox vacib məqamdır. Ələlxüsus, Cənubi Qafqazda məhz Türkiyənin hərbi-siyasi mövcudluğunun yeni mərhələsinin başlanmaqda olması Azərbaycan üçün təhdidlərin minimuma enməsi, hətta yox olması, təhlükəsizliyinə ən böyük töhfə deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...