"Gələcək proseslər qarşı tərəfin addımlarından asılıdır" - HƏRBİ EKSPERT AÇIQLADI

""Qisas" əməliyyatının birinci mərhələsinin başa çatdığını deyə bilərik. Çünki Azərbaycan ordusunun hissə və bölmələri bu əməliyyatla qarşısına qoyduğu bütün vəzifələri yüksək peşəkarlıqla icra etdi". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, təxribatların ilk saatlarında bir nəfər şəhidimiz oldu: "Amma sonrakı mərhələdə iki yüksəklik və onun ərtafındakı yüksəkliklərin azad edilməsi zamanı ordumuz bir nəfər də olsun şəhid vermədi. Bu isə əməliyyata cəlb olunan bölmələrin, xüsusilə də komando hissələrinin yüksək döyüş hazırlığından və onların mənəvi-psixoloji vəziyyətinin kifayət qədər yüksək olmasından xəbər verir.

Azərbaycan ordusu bir nəfər şəhidin əvəzinə düşmənin 23 nəfər silahlısını zərərsizləşdirdi. Şəhidimizin qisası alındı. Bundan sonrakı vəziyyət bizdən daha çox Qarabağdakı erməni silahlılarının və Ermənistanın hərbi-siyasi rəhbərlərinin davranışlarından asılı olacaq. Əgər əks tərəf birgə bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasına aid real faktlar ortaya qoyarsa bu əməliyyatların ikinci mərhələsinin başlanmasına ehtiyac qalmayacaq. Yox əgər yenə də Ermənistan tərəfi və ya Qarabağdakı separatçılar birgə bəyanat şərtlərindən yayınarsa o zaman bu əməliyyatların ikinci mərhələsinin həyata keçirilməsi qaçılmazdır. Odur ki, gələcək proseslər qarşı tərəfin addımlarından asılıdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə