Şuşadan dünyaya, dünyadan Şuşaya...

Düz 1 il 8 ay bundan əvvələ qədər ölkəmizin mediası dünyaya Şuşadan danışırdı. Həm də 30 il idi ki, danışırdı. Bu gözəlliklər diyarına edilən haqsızlıqdan, beynəlxalq təşkilatların bu haqsızlığa susmasından danışırdı. İllərdi ki, Azərbaycan mediası Şuşadan yazırdı, sosial şəbəkələr vasitəsilə dünyaya erməni vandalizmindən danışırdı. Bu gözəl yurdun sakinlərinin qaçqın, köçkün, didərginliyindən, bu bənzərsiz təbiət gözəlinin yadların əlində dustaqlığından yazırdı.

Bu qələmlər dərdin töküb vərəqlər üzərinə illər uzunu... İşğaldan, yurd acısından, hicrandan, yurd həsrətlilərindən yaza-yaza incəlib, ölüb-birilib, mürəkkəbini qara libasına çevirib əyniə geyinib illər uzunu. Nəhayət, 1 il 8 ay əvvəl ilk dəfə Zəfər sözünü yazan da bu qələmlər oldu. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə milli ordumuzun canı-qanı bahasına qazandığı Zəfərdən yazmaq da nəsibi oldu bu qələmlərin. Mürəkkəbindən qürur süzdü vərəqlərə. Çünki 30 ilin əvvəli ilə sonu arasındakı bir qərinəyədək dövrü salnamələşdirib dünyaya çatdırması ilə daim cəbhədəki qılıncınla çiyin-çiyinə olmuşdu bu qələmlər...

Bəli, bizim qələbəmiz qılınc və qələmimizin birgə qələbəsidir. 22 iyulda-Milli Mətbuat və Jurnaklistika Günündə Beynəlxalq Media Forumunun ilk dəfə Şuşada keçirilməsi də illərin arzusu olan bu qələbəyə 200-ə yaxın yaradıcı insanın, qələm sahibinin göz aydınlığı verməsi dəyərində oldu. Möhtəşəm Zəfərimizi bizə bəxş edən Ali Baş Komandanımıza bu Forumun da keçirilməsində təşəbbüsünə görə qəlbən minnətdar olduq. Bir daha ölkəmizdə qələm sahiblərinə verilən dəyərin şahidi olduq.

Həmkar qonaqlarımızı illər ərzində yazılarımızla tanış etmişdik Şuşayla. Bir də bu gözəlliyi, canlı coğrafiyanı və tarixi gözləri ilə görmələri qürurumuzun üzərinə qürur gətirdi. Çünki Şuşa özü qürurdur. Tarix, mədəniyyət, ədəbi dünya, təbiət ensklopediyası, bir də ki, Qarabağın tacı, hər bir azərbaycanlının göz bəbəyidir...

Tanrının xoş vaxtının Şuşası...

Bizdə belə bir deyim var: Tanrının xoş vaxtı. Gözəl bir yer, insan görəndə deyərik ki, bəh-bəh, gözəlliyə bax, Tanrının xoş vaxtına düşüb elə bil. Şuşa da Tanrının xoş vaxtına düşüb, vallah. O, bir möcüzə, bir yaradıcı qüvvənin əl işi, yaratdığı gözəllik, bir təbiət bəxşişidir. Yaradan onu anbaan, saatbasaat əllərinin minbir sığalı ilə yaradıb. Qarabağa baş tacı, Azərbaycan mədəniyyətinə paytaxt edib bu şəhəri. Bu yurdun hər daşına, qayasına, gülünə-çiçəyinə musiqi duyumu bəxş edib. Onun havasını udanlar zaman-zaman bu musiqi duyumunu da onunla bərabər ciyərlərinə çəkib bülbül kimi cəh-cəh vurublar.

Elə bu ay Şuşada Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən “Vaqif Poeziya Günləri”ndə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin Şuşa ilə bağlı xatirələrində söylədiyi kimi: Keçən il işğaldan sonra ilk dəfə Cıdır düzündə “Xarıbülbül” festivalına gəldik... Həmin günün səhəri gözümü Şuşada açanda inana bilmirdim. Bir də gördüm qulağıma azan səsi kimi Alim Qasımovun (Xalq artisti – red.) canlı muğamı gəlir. Bütün bunlardan ilhamlanaraq 42 ildən sonra Şuşaya yeni şeir həsr etdim:

Min şəhər adı var dillərdə əzbər,

Adların ən üstün adıdır Şuşa.

Musiqi notudur cüt hecasıyla,

Dilimin şəhdidir, dadıdır Şuşa.

Ulu Yaradan Şuşanı dağların qoynuna yerləşdirib, zivəyə doğru yalçın qayalarla qol-boyun edib. Tanrı özü də bu yurdu sevib sanki. buranı əl uzatsan səmaya çatacaq hündürlükdə yaradıb ki, düşməndən qorunsun, daim pak qalsın. Elə onun sirri-sehri də bu yadılışındadır.

Qoynuna hər gələn yüz xəyal eylər,

Uzaqdan baxanlar qeylü-qal eylər.

Birini coşdurar, birin lal eylər,

Tilsimdir, ovsundur, cadudur Şuşa.

270 ilin şəhəri qonaqlarına özündən danışdı

Elə Yaradanın Qarabağ xanı Pənahəli xana bəxş etdiyi güc, qüvvə, istəklə 1752-ci ildə Şuşa yaradıldı. Tarixin o üzündən boylanan Şuşanın yaşı hələ bundan da qədimdir. Çünki o, Azərbaycanın əzəli torpaqları üzərində 270 il bundan əvvəl Şuşa kimi yaradılıb.

Pənahəli xan özünü bu torpaqların xanı elan edəndən sonra xanlıq ərazisini düşməndən qorumaq üçün mükəmməl qala tikdirməyi qərara alıb. 1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilib. Sonra isə Pənahəli xan daha ehtibarlı sığınacaq barədə düşünür və üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunan əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara alır. Yeni qala əvvəl banisinin adı ilə “Pənahabad”, sonralar isə “Şuşa” adlandırılır.

Tarix də sübut edir ki, feodal müharibələri dövründə Şuşa bir neçə dəfə çətin sınaqlardan uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edənlər onu ala bilməyib. Beləliklə Şuşanın işğalının mümkünsüzlüyünü tarixin özü, bu yerin təbiəti, coğrafiyası subut edib. Çünki onu İlahi öz qüdrəti ilə yaratmışdı. Bəs necə olmuşdu ki, bu əlçatmaz şəhər 1992-ci ildən üzübəri 30 ilə yaxın erməni qəsbində qalmışdır. Axı onun müdafiəsi Tanrının işi idi. Tanrının işinə kim qarışa bilərdi.

Satılmışdı Şuşa. Ozamankı Azərbaycan rəhbərləri tərəfindən satılmışdı. Xəritə ilə düşmənə haradan girib haraya gedəcəkləri göstərilmişdi. Yoxsa erməni hara, Şuşanı əldə etmək hara. Bura bəlkə də dünyada yeganə məkandır ki, özünün özünü qorumaq gücü var. Çünki Tanrı onu bu xalq üçün yaratmış, “dilini” də tək onlara anlatmışdı.

Beynəlxalq Media Forumunun iştirakçıları bu şəhərin möcüzəsini öz gözləri ilə gördülıər. Şuşa özündən danışdı onlara, tarixini bir daha xatırladı. “Şuşa ili”ndə həm də 270 yaşlı şəhərin yubileyinin qeyd ediləcəyindən xəbərdar etdi qonaqlarını.

Şuşa Dünya Media Forumuna ev sahibliyi etməyə layiqdir

30 il Şuşadan dünyaya danışan media mənsublarımız İkinci Vətən Müharibəsindəki Zəfərimizdən ötən dövr ərzində doğma Şuşamızda ayrı-ayrı vaxtlarda qonaq olan dünya media nümayəndələrinin 30 ilin vəhşilikləri ilə tanış olmalarından, dünyaya çatdırdıqlarını bir də onların öz gözləri ilə görmələrindən məmnun qalırlar. 22 iyulda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən Beynəlxalq Media Forumuna gələn nümayəndə heyəti də bu şəhəri gəzdilər, gördülər.

Dörd maraqlı panel üzrə keçirilən Beynəlxalq Media Forumunda müzakirə olunan məsələlər, fikir mübadilələri Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərindən xəbər verir. Forumun “Azərbaycan mətbuatında Şuşa izi” adlı panel iclası daha çox diqqətçəkəndir. Çünki Şuşa beynəlxalq aləm, dünya mətbuatı üçün əvəzolunmaz mövzudur. Yeni məqalələrin, əsərlərin yaranma mövzusudur. TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı 3 il sonra - Azərbaycanmətbuatının 150-ci ildönümündə Şuşada Dünya Media Forumu keçirilməsini təklif etdi.

Çox gözəl təklifdir. Hər birimiz qüruur duyarıq ki, dünənədək dünyaya haqqında danışdığımız Şuşada dünyanın media nümayəndələrinin birgə forumu keçirilə. 30 il beynəlxalq təşkilatların susma səbəblərini burada müzakirə edib onların haqsız olduqlarına, Qarabağ məsələsinə ədalətsiz yanaşdıqlarına bir daha əmin olalar. Şuşanın dünyaya səslənməsinin, kömək istəməsinin cavabsız qaldığını bir daha bilələr. Düşmənin bu şəhərin mədəni-tarixi abidələrini necə məhv ediyini dünyaya bir daha çatdıralar.

Mətbuatımızn 150 yaşına 3 il var. Bu üç ildə Şuşanın gözəlliyinin üstünə onlarla gözəllik əlavə olunacaq. Dünya Media Forumunun burada keçirilməsi baş tutarsa, Şuşaya gələn nümayəndələr bu gözəllər gözəlinin tarixinə də, özünə də heyran qalacaqlar.

Hələ öyrənəndə ki, müharibə dövründə xüsusi təyinatlılarımız bu şəhəri əlbəyaxa döyüşlə geri alıblar, bu sıldırım qayalardan şəhərə sinələrinin gücü ilə qalxıblar, Şuşanın həqiqətən alınmaz qala olduğuna bir daha əmin olacaqlar. Və bütün dünyanın bunu bilməsi çox vacibdir. Ona görə ki, biz torpağımızı şərəfimiz bilirik. Onun hər qarışı üçün də hər zaman canımızdan keçmişik. 90-cı illərdə bu torpaqlar satılmışdı. Minlərlə şəhidimiz, qazimiz isə bütün bunlardan xəbərsizcə qurbanlara çevrilmişlər.

Beləliklə, dünənədək Şuşadan dünyaya danışırdıq, indi dünyanın Şuşadan danışmaq vaxtıdır.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə