Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var ŞƏRH
Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu vacib sənəddir. Ölkəmizin həyata keçirilən bütün layihələrdə son dərəcə şəffaf şəkildə öhdəliklərini yerinə yetirməsi, etibarlı tərəfdaş imicini qoruması yeni əməkdaşlıq üçün geniş zəmin yaratmaqda davam edir. Qlobal müstəvidə Azərbaycanla siyasi, iqtisadi əlaqələr partnyorlar tərəfindən məmnunluq xarakteri alır. İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri və Prezident İlham Əliyevlə Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanması qeyd olunanların sübutu kimi təsdiqini tapır.
Azərbaycanın böyük layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdiyini bildirən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin hazırda heç vaxt olmadığı qədər mühüm önəm daşıdığını qeyd etdi. Azərbaycan Prezidenti imzalanan Memorandumu gələcək üçün mühüm yol xəritəsi hesab etməklə planlaşdırılan bütün məsələlərin bundan sonra da uğurla icra olunmasına əminliyini bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada münasibətlər qurur. Çünki Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırılan bütün məsələlərin həllinə nail olacağına heç bir şübhə yoxdur. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen yeni ikitərəfli saziş üzərində ölkəmizlə çalışdığını qeyd edərək, məqsədlərinin iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlıq əlaqələrinin genişləndirməkdən ibarət olduğunu söylədi. Bakıda imzalanan saziş Avropa İttifaqı-Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafına böyük töhfə verməklə yanaşı, siyasi müstəvidə də geniş perspektivlərdən xəbər verir.
Azərbaycan Prezidentinin anonsunu verdiyi yeni saziş məhz bu sahəni ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev hazırda dünya liderləri arasında elə bir nüfuza və yüksək mövqeyə sahibdir ki, bu, Azərbaycan Respublikasının gücünə daha da güc qatır. Azərbaycan lideri dünya çapında öz inkişaf yolu ilə inamla irəliləyir. Bu baxımdan Bakıda Avropa İttifaqı ilə imzalanan saziş də bunun bariz ifadəsi, yüksəlişə doğru atılan inamlı bir addımdır. Yeri gəlmişkən, imzalanan Anlaşma Memorandumu ilə Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artırmaq üçün bir neçə il ərzində Cənub Qaz Dəhlizinin ötürücülük imkanının 20 milyard kubmetrə çatdırılacağı ilə bağlı tərəflərin üzərlərinə öhdəliklər götürməsi də mövcud əməkdaşlığın yeni inkişaf səviyyəsinə yüksəlməsindən xəbər verir.
Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır.
Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Öncə neft hasilatı sonra, qaz hasilatı baş verdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur.
Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir.
Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb.
Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. Gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Son illər xüsusən də Avropa ölkələri ilə uğurlu əməkdaşlıq daha böyük perspektivlər vəd edir. Nəhəng layihələr icra olunur. Həqiqətən də Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Bu, ölkəmizin enerji siyasətinin fəlsəfəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və dinamik xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal üzvü olmaqla, öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları əsasında reallaşdırır.
Kamran Quliyev
Xızı rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Xızı rayon təşkilatı Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB