Azərbaycan dövləti hərbçilərin sosial müdafiəsinin təminatçısıdır ŞƏRH

Azərbaycan dövləti hərbçilərin sosial müdafiəsinin təminatçısıdır ŞƏRH

Müasir dövrün çağırışlarına cavab verən, sosial-iqtisadi inkişafı ilə diqqətdə olan Azərbaycanda dövlət başçısının müdrik və uzaqgörən siyasəti nəticəsində iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər diqqətçəkəndir. Sosialyönümlü istiqamətdə aparılan uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılmasında mühüm addımlar atılıb. Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ana xəttini əhalinin sosial rifahı təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsidir ki, təkcə cari il ərzində üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşı əhatə edən böyük bir islahatlar paketi icra olunub. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşımıza əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırılıb. Bütün sahələrə olduğu kimi, hərbi sahədə də islahatlar aparılır və hərbçilərin rifahının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısının bu ilin altı ayı ərzində hərbi sahədə də islahatlar aparıldığını bildirərək, struktur islahatlarının, hərbi təhsildə islahatların həyata keçirildiyini qeyd edib. Dövlət başçısı hərbçilərin sosial müdafiəsi məsələlərinin Azərbaycanda yüksək səviyyədə təmin edilməsi məsələsinə nəzər salaraq, hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraitinin yaxşılaşdırıldığını bildirib. "Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır", - deyən Cənab Prezident qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillərin verildiyini qeyd edib: "Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun haradasa 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur - biz bunu o ağır iqlim şəraitində edirik. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir".

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Dövlətimiz həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Müşavirədə dövlət başçısının bildirdiyi kimi, "Öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır. Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır".

Şəhid ailələrinə və müharibə əlillərinin sosial təminatı istiqamətində ardıcıl işlər görülür. Ötən dövr ərzində şəhid ailələri və müharibə əlilləri üçün icra olunan ən geniş və mühüm fəaliyyətlərdən olan mənzillə təminat proqramı 5 dəfə genişləndirilib.

Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olunublar. Postmüharibə dövründə 100 min unikal fərdə 193 min xidmət göstərilib. Bunun ən böyük istiqaməti sosial ödənişlərdir. Sosial ödənişlər çərçivəsində 94 min unikal şəxsə 105 min sosial ödəniş təyin olunub. Bu ödənişlərin məbləğləri - ötən il sosial müavinətlər 60 faiz, bu il isə təqaüdlər 60 faiz artırılıb. Bu ödənişlərin mütləq əksəriyyəti proaktiv qaydada – sənədlərin elektron qaydada toplanması ilə əlaqədar şəffaf şəkildə baş verib. Bakı, Sumqayıt və Abşeron ərazisində dövlət başçısının tapşırığına uyğun olaraq, əsas kontingent olan şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatı yekunlaşdırılacaqdır. Paralel olaraq regionlarımızda, böyük şəhərlərimizdə də bu iş davam etdirilir. Əlavə olaraq, cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə təqdim edilib. Artıq 200 nəfər Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub. Cənab İlham Əliyev bildirib ki, dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər: "Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır". Qarabağ müharibəsi əlillərindən 130 nəfər də bu protezlərlə təmin edilib. Yəni, son bir il yarımda bu protezlərlə təchiz edilən hərbçilərimizin sayı 330-a çatıb.

Bu, bir daha göstərir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısının bu kateqoriyadan olan insanların sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi vətəndaşına olan münasibətdir ki, bu da hər bir insanda məmnunluq hissini yaratmış olur. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Bu kateqoriyadan olanlara belə münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir.

NATİQ ALLAHVERDİYEV

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə