Avropa Parlamenti hansı nəticələri çıxarmalıdır? ŞƏRH+AKTUAL

Yaxud, Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən və sərt tənbehlərini irəli sürərkən nəyə eyham vurdu?

Məlum olduğu kimi, son günlər ölkəmizin siyasi gündəmi sıxlığı ilə seçilir və burada ən çox görünən tərəf rəsmi Bakının Avropa qurumları ilə münasibətlərini möhkəmləndirməsidir. Belə ki, Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfər edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni qəbul etməsi və rəsmi qəbul zamanı bir sıra mühüm məqamlara toxunulması da məhz bu xüsusdandır. Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması isə ölkəmizlə Aİ arasında münbit əlaqələrin daha genişlənməsinə, strateji əməkdaşlığa öz töhfələrini verir. O cümlədən, qeyd edə bilərik ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri də bir sıra əhəmiyyətli faktorları nümayiş etdirməkdədir. Bu səfər həm də belə deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqaz regionunda liderlik mövqeyini təsdiqləyir, eyni zamanda, ölkəmiz Avropa İttifaqı üçün çox mühüm dost və eyni zamanda, strateji partnyor olaraq tanınmaqdadır.

Aİ-nin Azərbaycanla əməkdaşlığını davam etdirməkdə maraqlı olduğunu bəyan etməsi növbəti uğurlu münasibətlərin anonsunu verməkdədir

Bütün bunların fonunda son dövrlərdə Prezident İlham Əliyevin Aİ Şurasının rəhbəri Şarl Mişellə mütəmadi görüşlər keçirməsi, Aİ-nin Azərbaycanla əməkdaşlığını davam etdirməkdə maraqlı olduğunu bəyan etməsi növbəti uğurlu münasibətlərin anonsunu verməkdədir.

Prezident İlham Əliyevin onları qəbul etməsi, eləcə də görüş zamanı dövlət başçımızın Avropa Parlamentinin fəaliyyətinə qarşı haqlı iradlarını çatdırması bir sıra digər məqamları üzə çıxarmış olur

Məhz həmin görüşlər fonunda Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətinin də Bakıya rəsmi səfər etməsi, səfər çərçivəsində Prezident İlham Əliyevin onları qəbul etməsi, eləcə də görüş zamanı dövlət başçımızın Avropa Parlamentinin fəaliyyətinə qarşı haqlı iradlarını çatdırması bir sıra digər məqamları üzə çıxarmış olur. Əbəs deyil ki, dövlətimizin başçısı görüş zamanı xatırlatdı ki, Avroparlamentin Bakıya sonuncu səfəri illər əvvəl baş tutub və ötən 5 il ərzində bu qurumdakı ayrı-ayrı dairələr anti-Azərbaycan xarakterli fikir və çıxışları, hətta təhqirləri ilə yadda qalıblar. SİTAT: “Yadımdadır, sonuncu nümayəndə heyəti 2018-ci ildə gəlmişdi. Səmimi desək, mən Azərbaycana səfərinizi planlaşdırdığınızı eşidəndə, hətta bir az təəccübləndim. Ola bilsin, səbəb sizə məlumdur. Əməkdaşlığın inkişafı ilə bağlı geniş şəkildə müzakirə etdiyimiz görüş yadımdadır. Lakin, əfsuslar olsun ki, bu, baş tutmadı. Səbəb bizimlə yox, Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyi ilə bağlı idi. Biz həmin mövqeni tamamilə əsassız hesab edirik. Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı”.

Bu əsnada daha bir danılmaz fakt budur ki, dövlətimizin başçısı Avroparlamentin riyakar münasibətlərini də unutmadığını xüsusilə nəzərə çatdırıb. Məsələn, Prezidentin sözlərinə görə, o Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmayıb: “Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni, müharibə bitəndən ilyarım sonrakı vaxta təsadüf edir”.

Dövlət başçımız fikirlərinə sübut olaraq qeyd edib ki, Avropa Parlamenti 44 günlük müharibədən sonra dünyanın bir sıra ölkələrinin səəfirləri, səfirlik nümayəndələri, siyasətçiləri, Avropanın bəzi ölkələrinin parlament sədrləri, jurnalistlər azad olunmuş torpaqlarımıza səfərlər ediblər və onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olublar. Lakin Avropa Parlamenti əlində heç bir əsası, sübutu, faktı olmadan Azərbaycanı ittiham edərək guya “erməni irsinin dağıdılması” ittihamları ilə çıxış edib və burada açıq-aşkar riyakarlıq mövqeyi görünür.

Prezident İlham Əliyev qeyd edib: “Onlar hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər. Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur. Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılmışdır. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər.

Hazırda biz səfərlər təşkil edirik və Azərbaycanın hər bir vətəndaşı Şuşanı, Füzulini və Ağdamı ziyarət edə bilər. Hər kəs erməni vandalizminin, barbarlığının miqyasını görə bilər. Belə şəraitdə Azərbaycanı heç vaxt etmədiyimiz məsələlərdə ittiham edən Ermənistanın və ermənilərin ərazilərimizdə törətdiyinə göz yuman birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır. Əfsuslar olsun, bu, baş verdi. Bilirəm ki, nümayəndə heyətinizin bir çox üzvləri həmin qətnamənin lehinə səs veriblər. Bu isə tamamilə əks-nəticə verən addımdır. Birincisi, bu, yalandır və uydurulmuş faktlara, böhtan və iftiralara əsaslanır. İkincisi, bu, o qədər böyük əhəmiyyət kəsb etmir. Çünki siz yəqin bilirsiniz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yaxşı tarixi var və xüsusilə hazırda əlaqələr çox uğurla inkişaf edir”.

Məhz bu kimi faktorları incələyərkən bir daha məqalənin əvvəlində qeyd edilən fikirləri önə sürmək olar. Belə ki, ölkə rəhbərimiz Avropa parlamentariləri ilə görüşü zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərininin yüksək səviyyədə inkişafını xüsusi ilə xatırlayıb. SİTAT: “Siz Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin dünənki səfəri haqqında yəqin məlumatlısınız. Bizim çox yaxşı müzakirələrimiz oldu. Bu, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin əhəmiyyətini bir daha vurğulayır. Eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə fəal şəkildə cəlb olunub. O, artıq Ermənistan və Azərbaycan rəhbərlərinin və özünün iştirakı ilə üç üçtərəfli görüşə ev sahibliyi edib. Beləliklə, bu, çox müsbət kontekstdir”.

Dövlət başçımızın haqlı iradlarından belə bir nəticə də hasil etmək olar - Avropa Parlamenti həddini o qədər aşıb ki, hətta zaman-zaman əndazəsini aşmaqla aqressiya nümayiş etdirir və bu aqressiya ermənipərəstliyin pik həddi ilə paralellik təşkil edir. SİTAT: “Lakin bunu nəzərə alaraq, biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik. Əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir. Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir. Təəccübləndiyimi deyəndə mən məhz bunu nəzərdə tuturdum”.

Dövlətimizin başçısı nümayəndə heyətinin rəhbərinin diqqətinə çatdırıb ki, görüşə şaddır və MakAlisterin Azərbaycan əleyhinə səsvermədə iştirak etmədiyindən məlumatlı olduğunu da deyib. Sizi görməyə çox şadam. Mən bizim görüşümüzü xatırlayıram: “Bilirəm ki, siz bu qətnamənin lehinə səs verməmisiniz. Lakin əfsuslar olsun ki, bir çox Avropa parlamentariləri heç bir əsas olmadan bizi hücuma məruz qoyublar. Beləliklə, vəziyyət belədir. Biz real dünyada yaşayırıq, bu, bizim seçimimiz deyil. Siz mənim mövqeyimi bilirsiniz. Mənim mövqeyim 2017-ci ildə sonuncu görüşümüzdən bəri dəyişməyib. Biz Avropa ilə yaxın münasibətlər qurmaq istəyirik və bizim bütün etdiklərimiz, o cümlədən indicə qeyd etdiyim əməkdaşlığın nəzərəçarpan əlamətləri bunu nümayiş etdirir. Lakin Avropa Parlamenti belə bir yol seçməyi düşünürsə, bu, onların seçimidir. Amma onlar parlamentin bəzi üzvlərinin cəhdlərinə baxmayaraq, Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etməyin mümkün olmadığını bilməlidirlər”.

Prezident İlham Əliyev eyni zamanda qeyd edib ki, o özünü heç nəyin baş vermədiyi kimi göstərmək istəmir və əslində baş verib: “Baş verib, çox ciddi və bizi narahat edən məsələ baş verib. Buna görə də mən sizi özümün və Azərbaycan xalqının mütləq əksəriyyətinin baxışları haqqında məlumatlandırmağı qərara aldım. Onlar torpaqlarımızı özümüzün azad etməyimizdən, cəsur əsgərlərimizdən, Vətən uğrunda canından keçənlərdən, azərbaycanlı olmaqdan, işğala son qoyan, ədaləti, milli ləyaqətini bərpa edən və indi uğurla inkişaf edən xalqın nümayəndələri olmaqdan qürur hissi keçirirlər”.

Beləliklə, dövlət başçımızın qətiyyətli, sərt və birmənalı iradları, eləcə də tənbehləri Avropa Parlamentinə çatdırıldı və qalır bu qurumun özünə çəki-düzən verərək reallıqları dərk etməsinə. Ümid edək ki, bir sıra ermənipərəst dairələrin, erməni lobbisinin təsiri altında olan bu qurum doğru-dürüst nəticə hasil etmək üçün özündə siyasi iradə tapacaq...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə