Azərbaycan- ABŞ əlaqələri milli maraqlara söykənən strateji tərəfdaşlığa əsaslanır ŞƏRH
XXI əsrin başlanğıcından Amerika dünya siyasətinin transmilliləşməsi, iqtisadi, siyasi, sosial və mədəni həyatın qloballaşması, milli səddlərin aradan qalxması və qlobal inteqrasiyanın fəallaşması istiqamətində xüsusi fəallıq göstərir ki, burada aparıcı rolun ABŞ-a məxsus olması heç kəsdə şübhə doğurmur. Maraqlarını kənar təsirlərdən, qəfil zərbələrdən sığorta etmək, azad ticarət və enerji təminatını möhkəmlətmək, Qərb yarımkürəsində, Afrikada, Mərkəzi və Şərqi Asiyada, Qafqaz və Xəzər regionunda öz təsir gücünü artırmaq da müasir dövrdə ABŞ-ın geosiyasət və qloballaşmadan gözlədiyi vəzifələrdir. Bütün bu qeyd edilən məsələlərin fonunda Azərbaycan-ABŞ əlaqələrinə nəzər yetirmək olduqca vacibdir. Dünyanın sözügedən fövqəl dövləti ilə Azərbaycan arasındakı münasibətləri şərtləndirən əsas amillər, bir yandan, ABŞ-ın ölkəmizin beynəlxalq təhlükəsizliyinə və müstəqilliyinə təminat vermək, onun ayaq üstə dayanmasına ilkin iqtisadi və siyasi dəstək göstərmək, sivil dövlətlərarası münasibətlər sisteminə inteqrasiya olunmasına yardım etmək imkanı ilə əlaqəlidirsə, digər yandan, Azərbaycanın ABŞ-ın milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara, xüsusən neft yataqlarına malik olması və beynəlxalq prinsiplərə uyğun, sivil və müstəqil siyasət yeritməsi ilə bağlıdır. Burada təbii ki, Azərbaycanın da milli maraqları nöqteyi nəzərindən əlaqələrin inkişafına töhfə verməsi də əsas amillərdəndir. Azərbaycan-ABŞ əlaqələrinin qurulması və əsaslı şəkildə inkişaf etməsi heç şübhəsiz ulu öndər Heydər Əliyevin xarici siyasət kursu ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin layiqli varisi Cənab Prezident İlham Əliyevin bu xarici siyasət kursuna sadiq qalaraq Azərbaycan-ABŞ əlaqələrində müsbət dinamika əldə olunmasındakı rolu da əvəzolunmazdır. Burada biz ABŞ-ın Qafqaz siyasətində və Azərbaycana münasibətdə artıq özünü açıq-aşkar büruzə verən dəyişikliklər, ilk növbədə, bu illərdə yürüdülən məqsədəyönlü xarici siyasətin, xüsusən neft siyasətini qeyd etməliyik. Xəzər dənizinin neft yataqlarının istismarına ABŞ-ın ən iri şirkət və kampaniyalarının cəlb edilməsi Azərbaycan dövləti üçün mühüm və həyati əhəmiyyət kəsb edən və çox zəruri vəzifələrin yerinə yetirilməsinə yardım etməklə bərabər, həm də iki ölkə arasındakı münasibətlərin strateji əməkdaşlıq və tərəfdaşlıq istiqamətində inkişafını sürətləndirdi. ABŞ-ın neft kampaniyalarının Azərbaycana çox böyük miqdarda investisiya qoyması respublikamızı Amerikanın iqtisadi tərəfdaşına çevirdi.
Məhz cari ilin iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ABŞ-la əlaqələrin əhəmiyyətini vurğulayan ölkə başçısı bildirmişdir: “Eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti mənə iki dəfə məktub göndərmişdir - həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb. Əgər ümumiyyətlə, son illərin tarixçəsinə nəzər salsaq görərik ki, Azərbaycan hər istiqamət üzrə irəliləyib. Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub, biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən buna görə dünyada böyük hörmət qazanmışıq. Həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik. Əlbəttə, bu beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək. Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik. Əminəm ki, bundan sonra da belə olacaq. Çünki əsas beynəlxalq oyunçularla, əgər belə demək mümkündürsə, bizim artıq oturuşmuş və dərin məzmunlu əməkdaşlıq formatımız vardır”.Bütün bunlar göstərir ki, Azərbaycanın xarici siyasətində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də ümumilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yeni strateji kurs iki ölkə arasında mövcud olan ziddiyyətləri aradan qaldırmaqla yanaşı, həm də Azərbaycan və ABŞ-ın bütün sahələr üzrə əsas dövlət maraqlarını uzlaşdırmış və onları birbirinə əsl strateji tərəfdaş etmişdir. Çağdaş dövrümüzdə bunu şərtləndirən əsas amil isə heç şübhəsiz 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, regionda yaranan reallıqlar və bunun nəticəsində vətənimizin regionda böyük güc mərkəzinə çevrilməsidir. Məsələyə bu kontekstdən yanaşsaq görərik ki, Amerika Birləşmiş Ştatları regionda bütün sahələrdə Azərbaycan kimi etibarlı tərəfdaşla əlaqlərini genişləndirib inkişaf etdirməklə yanılmamışdır.
Aytəkin Əhmədova
YAP Yasamal rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB