“Azərbaycan Prezidenti verdiyi bütün vədlərə həmişə sadiq olub“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Prezidenti verdiyi bütün vədlərə həmişə sadiq olub“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Prezidentinin bu ilin 6 ayının yekunlarına dair keçirdiyi müşavirədə geniş nitqi həmişə olduğu kimi proqram xarakteri daşıyırdı və ölkənin inkişafı ilə bağlı bütün strateji hədəfləri müəyyən edirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan xalqının rifahının yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi və və dövlətimizin daha da güclənməsi dayanır: “Azərbaycan Prezidenti verdiyi bütün vədlərə həmişə sadiq olub və qarşıya qoyulmuş vəzifələrə vaxtında və artıqlaması ilə nail olunub. Bu gün Azərbaycan bütün sahələrdə olduğu kimi xarici siyasətdə də böyük uğurlar qazanır, beynəlxalq təşkilatlar çərçivəsində fəallığını durmadan artırır, dünyanın aparıcı ölkələri və güc mərkəzləri ilə qarşılıqlı səmərəli əməkdaşlıq edir. Bunun nəticəsidir ki, indi Azərbaycan dünyanın çox etibarlı və əvəzedilməz tərəfdaşına çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində mümkün olub.

Azərbaycan Prezidenti çıxışında növbəti dəfə Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində həyata keçirilən siyasətə toxundu və Azərbaycanın sülh təşəbbüslərini, Ermənistanın qeyri-konstruktivliyi və üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsini birdaha dünyaya çatdırdı. Məlumdur ki, Ermənistanın 10 noyabr üçtərəfli bəyanatına əməl etməməsi, Zəngəzur dəhlizinin açılmasına maneələr yaratması, status məsələsini yenidən gündəmə gətirmək cəhdləri Azərbaycan üçün qəbuledilməzdir və Prezident İlham Əliyev bununla bağlı da lazımi ünvanlara sərt mesajlar göndərdi. Bu da əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində həyata keçirilən siyasətin tərkib hissəsidir.

Azərbaycan Vətən Müharibəsindəki tarixi Zəfərdən sonra ordu quruculuğuna daha böyük önəm verir və ordumuz durmadan gücünü artırır. Təbiidir ki, hazırki geosiyasi vəziyyət də bunu şərtləndirir və biz hər an istənilən təhlükə və təhdidlərə hazır olmalıyıq. Elə buna görə də ölkə başçısı müşavirədə bu önəmli məsələyə də toxundu və ordu quruculuğu, hərbi sahədə islahatlar, Azərbaycan Ordusunun müasir silahlarla təchizatı, hərbçilərin sosial məsələlərinin həlli və s. bağlı məsələləri ictimaiyyətin diqqətinə çatdırdı.

Ən vacib məqamlardan biri də Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasıdır ki, Prezident İlham Əliyev bu sahəni də daim xüsusi diqqətdə saxlayır. Azərbaycan dövlətinin sosial siyasəti, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlar, şəhid ailələri, müharibə veteranları və iştirakçılarına dövlətin diqqət və qayğısı göz önündədir.

Sözsüz ki, bütün bu işlər Azərbaycanın güclü iqtisadi imkanları hesabına həyata keçirlir. Prezident İlham Əliyevin müəyyən etdiyi mükəmməl strategiyanın nətciəsidir ki, 2022-ci ilin birinci yarısında Azərbaycan yüksək istiqadi inkişaf göstəriciləri əldə edib. Baxmayaraq ki, hazırda dünyada sürətli iqtisadi tənəzzül baş verir, amma bu mənfi iqtisadi şoklar Azərbaycan iqtisadiyyatına ciddi təsir etmir. Çünki, iqtisadiyyatımız dayanıqlıdır və möhkəm təməllər üzərində qurulub.

Azərbaycanda energetikanın inkişafı, elektrik stansiyalarının tikintisi, bərpaolunan enerji növlərinin inkişaf etdirilməsi, yeni qaz yataqlarının işlənməsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun yüksəlməsi də uğurlarımızın bir hissəssidir. Ölkə başçsının vurğuladığı digər məsələ isə nəqliyyat-logistika sahəsi idi. Azərbaycanın bu sahədə də əhəmiyyəti artır, ölkəmizin tranzit imkanları yüksəlir.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan dövləti ötən aylar ərzində də Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətində xeyli işlər görüb. Proses şəxsən Prezident İlham Əliyevin nəzarəti və rəhbərliyi ilə həyata keçirilir. Ölkə başçısı çıxışı zamanı bu sahəyə də toxundu və görülmüş işlər, gələcək hədəflərlə bağlı planları vətəndaşların diqqətinə çatdırdı. Təbiidir ki, azad edilmiş ərazilərin bərpası hər bir vətəndaşımızın böyük qürur hissi ilə izlədiyi prosesdir və ictimaiyyətdə xüsusi məmnunluq yaradır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə