“BÖYÜK QAYIDIŞ”IN İLK ÜNVANI – AĞALI KƏNDİ TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Böyük Qayıdış"ın birinci kiçik addımı, bax, bu gün atılır”

Bəli, 44 günlük qələbədən sonra Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və “Böyük Qayıdış”ın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Ölkə rəhbərliyi “Böyük Qayıdış”ı yüksək səviyyədə həyata keçirmək əzmini dəfələrlə nümayiş etdirib. Hazırda işğaldan azad olunan ərazilərdə görülən önəmli və fundamental işlər Azərbaycanın bu istiqamətdəki qüdrətini bir daha göstərir. Belə ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər zamanı dövlət başçısı Qarabağımıza «Böyük Qayıdış»ın rəmzi olan, Zəngilanın Ağalı kəndinin “Ağıllı kənd” layihəsi ilə yenidən qurulmasının başa çatması ilə əlaqədər Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə demişdir ki, Müstəqillik Günü ərəfəsində burada olmalı idimi: “Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq”.“Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq.

SÖZÜ İLƏ ƏMƏLİ ÜST-ÜSTƏ DÜŞƏN QALİB LİDER

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində qeyd edib ki, Ağalı kəndi heç bir il keçmədən yenidən qurulacaq, dünyanın bəlkə də ən mütərəqqi kəndlərindən birinə çevriləcək: «Bu gün Zəngilan Beynəlxalq Hava Limanının təməl daşını qoyduq. Yaxın gələcəkdə Zəngilanda beynəlxalq hava limanı inşa ediləcək. Bu hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq".Dövlətimizin başçısı deyib: “Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”.

Bəli, bu gün Zəngilanın Ağalı kəndində Böyük Qayıdışın ilk təməlini qoyan Prezident İlham Əliyev burada infrastruktur işlərinin öz qaydasında davam etdiyini, birinci “ağıllı kənd” layihəsi olan Ağalı kəndinin bərpasına start verildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, Ağalı kəndi oktyabrın 28-də işğalçılardan azad olundu və altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Bu, nümunəvi kənd olacaq, çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilib. Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirməyə imkan verəcək: «Böyük Qayıdış başlayıb. Bu gün burada təməl daşını qoyduğum hava limanı dövlətimizin gücünü göstərir. Bir qədər bundan aralıda yeni Horadiz-Zəngilan avtomagistral yolunun təməli də qoyulacaq. Mövcud yola paralel olan 4-6 zolaqlı bu yol geniş imkanlar açacaq. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti vardır. Bu hadisə münasibətilə zəngilanlıları və bütün Azərbaycan xalqını təbrik edirəm”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. Bu da sirr deyil ki, Zəngilan rayonu da erməni vandallarının dağıdıcılıq və ekoloji terror əməllərinə məruz qalıb, bütün kəndlər yerlə-yeksan olub, tarixi-dini abidələr məhv edilib. Lakin bu gün işğaldan azad olunmuş digər ərazilər kimi Zəngilanda da abadlıq-quruculuq işləri həyata keçirilir. Eyni zamanda, Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri başlanıb, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi də əsaslı şəkildə təmir olunur. Həmçinin Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu, bu il istismara veriləcək Zəngilan Beynəlxalq Hava Limanı da var. Bütün bu işlər heç şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi və tezliklə insanların doğma torpaqlarına Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə əlaqədar keçirdiyi qəbulda qeyd etdiyi kimi, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur və burada salınan "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Burada yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələri yaradılır. Ərazidə tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası inşa edilir. Ümumilikdə Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər.

“BU GÜN GÖZƏL ZƏNGİLAN TORPAĞINDA HƏYAT QURURUQ”

Prezident İlham Əliyev “Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq”,-deyən Azərbaycan Prezidenti Zəngilana, başqa yerlərə, Şuşaya həyatın qayıtdığını deyib: “İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”.Dövlət başçısı Zəngilanda böyük aqropark salındığını və bu il ilk məhsul götürüləcəyini də dedi: «Biz isə bundan sonra müzəffər xalq kimi yaşayacağıq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır - Zəngilana, başqa yerlərə, Şuşaya. Yaxşı bilirsiniz ki, bu bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək". Prezident bildirib ki, dünən Zəngilan şəhərinin Baş planı ilə tanış olub: “Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir. Yəni, Zəngilanın təbiəti o qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti daha da zənginləşdirməliyik, xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsitçay təbii qoruğunu da məhv etmişlər. O məşhur palıd ağaclarını da kəsmişlər, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə də bizim qızıl yataqlarımızı istismar edərkən heç bir ekoloji normaya riayət etməmişlər. Biz təbiəti qorumalıyıq və Zəngilan şəhərinin artıq dünən Baş planı təsdiq olunandan sonra inşaat işləri başlanacaq”.

“BİZ GÜCLÜ OLMASAQ, İSTƏDİYİMİZ KİMİ YAŞAYA BİLMƏRİK”

Dövlət başçısı çıxışında bütün bu uğurların əsası güc amili olduğunun və ölkəmizin öz gücünü artırmasının zəruriliyi məsələsinə də toxunaraq deyib ki, güc amili ön plandadır: “Mən bu haqda hələ on il bundan əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də".Güc amilinin bundan sonra da dünyada hakim olacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: «Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur”.

“BÖYÜK QAYIDIŞ”IN GERÇƏKLƏŞƏCƏYİ GÜNƏ ÇOX AZ VAXT QALDI...

1993-cü ilin oktyabrın 30-da Zəngilan erməni silahlı qüvvələrinin işğalına məruz qalandan sonra rayonun 45 minlik əhalisi məcburi olaraq ölkənin 43 rayonunda müvəqqəti məskunlaşan, zəngin təbii sərvətləri, tarixi və dini memarlıq abidələri olan bu gözəl diyarı başdan-başa tarmar edilən Zəngilan 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin başladığı güclü əks-hücum əməliyyatları nəticəsində, 44 günlük Zəfər yürüşü ilə doğma torpaqlarımız, o cümlədən Zəngilan düşmən tapdağından azad olunub. Bu gün Zəngilan quruculuq meydanına çevrilib. Artıq “Böyük qayıdış”ın gerçəkləşəcəyi günə çox az vaxt qalır. Bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, onlara həyat qayıdır. Onilliklər boyu yurd həsrəti ilə yaşayan vətəndaşlarımızın qısa müddət ərzində öz dədə-baba torpaqlarına qovuşdurulması üçün böyük işlər həyata keçirilir - “Ağıllı kənd” layihəsinin tətbiq edildiyi Zəngilanın Ağalı kəndi ilə başlayır. Və Zəngilanın "ağıllı kəndi"Ağalı da bu “Böyük Qayıdış”ın ilk ünvanı, doğma sakinlərinə əbədi qovuşan ilk bəxtiyar diyar oldu. Sonda fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Və bu gün hamı «Böyük Qayıdışı» gözləyir, o günə isə çox az qalıb...

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...