Növbəti beynəlxalq tədbir xüsusi məqamlarla yadda qaldı ŞƏRH

Son bir neçə ildə Azərbaycan ölkənin potensialına və milli maraqlarına əsaslanan, eyni zamanda, qlobal miqyasda meydana çıxan çağırışlarla adekvatlıq təşkil edən, gözlənilən bütün riskləri önləməyə hesablanan məqsədyönlü praqmatik siyasət həyata keçirib. Nəticədə isə ölkəmizin bütün dünyada böyük maraqla izlənilən hər cəhətdən nümunəvi inkişaf modeli formalaşıb. Bütövlükdə respublikamızın daxili və xarici siyasəti kifayət qədər dinamik və intensiv xarakter daşıyır. Bir-birini tamamlayan bu siyasət ölkənin iqtisadi-maliyyə imkanlarının genişlənməsinə və bu əsasda insanların həyat səviyyəsinin daha da yüksəlməsinə, eləcə də Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsinə hesablanıb.

Ölkəmiz hazırda dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq qurmuş, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısı olmuş və nüfuzlu beynəlxalq qurumlarla əlaqələri daha da genişləndirmişdir. Azərbaycanın 2019-cu ildən dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik etməsi hər birimizdə qürur hissi yaradır və bu fakt ölkəmizin dünya birliyində nüfuzunun daha da artmasından xəbər verir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini bu illər ərzində göstərmiş oldu. Azərbaycan demək olar ki, beynəlxalq səviyyədə koronavirus pandemiyasına qarşı mübarizə aparıb. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki çıxışları çərçivəsində ölkəmiz COVİD-19 infeksiyası ilə qlobal şəkildə mübarizənin aparılması üçün dəfələrlə dünya ölkələrini səfərbərliyə çağırıb. Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdəndir. Bu mənada Qoşulmama Hərəkatına sədrlik edən Prezident İlham Əliyev bir sıra qlobal təşəbbüslərin müəllifidir.

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması dünya ölkələrinin Azərbaycana verdiyi dəyərdir. Qeyd edək ki, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Prezident İlham Əliyevin gündəliyində olub. Beləliklə, dünya bir daha şahid oldu ki, Azərbaycan ağır pandemiya dövründə real təşəbbüskar ölkələrin önündə gedib. Azərbaycanın pandemiyanın dəf edilməsi üçün irəli sürdüyü təşəbbüslər və göstərdiyi real fəaliyyət ölkəmizin bu məsələdə də lider olduğunu göstərir.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...