Vətəni yaşadan vətənpərvərlik ruhu... MƏQALƏ

Salatın Əsgərova, Alı Mustafayev, Osman Mirzəyev, Çingiz, Mustafayev, Arif Hüseynzadə, Fəxrəddin Şahbazov, Sirac Abışov, Məhərrəm İbrahimov – onların hər biri qorxu-hürkü bilmədən, Vətən qarşısında öz vəzifələrini icra edərkən qanlı erməni terrorunun qurbanlarına çevrilən jurnalistlərimiz, reportyorlarımız və operatorlarımızdır... Və onların hər birinin qəlbi ayrı-ayrı vaxtlarda olsa belə, eyni məqsəd üçün döyünürdü – Vətən üçün, dövlət üçün, AZƏRBAYCAN üçün!

Məsələ həm də ondadır ki, əgər Azərbaycan əsgəri, zabiti Vətən torpaqlarını əlindəki silahlı ilə yağı düşməndən azad edirsə, Azərbaycan jurnalistinin, operatorunun silahı onun qələmi, fotoaparatı və videokamerasıdır. İstər 44 günlük Vətən müharibəsində, istərsə də birinci Qarabağ müharibəsində cəbhədə iki cinah düşmənə qarşı döyüşürdü – hərbçilərimiz və jurnalistlərimiz. Hərbçilərimiz düşmənlə müharibə meydanında döyüşərkən, jurnalist və operatorlarımız müharibə reportyorları olaraq informasiya savaşında qorxmadan mübarizə apardılar. Cəbhədə ən qızğın döyüşlərin baş verdiyi nöqtələrdən informasiyalar, kadrlar hazırlayan qəhrəman media işçiləri əlbəttə ki, hər təhlükəni, hətta şəhid olmaq ehtimalını da gözə alırdılar. Belə bir məqamda isə qorxu amili arxa plana keçir. Çünki ön planda, eləcə də qəlbin dərinliklərində milli dəyərdən, qandan və candan gələn, VƏTƏNPƏRVƏRLİK RUHU deyilən faktor dayanır. Misal üçün, biz heç vaxt 1991-ci ilin 9 yanvar tarixində vəzifəsini icra edərkən mənfur erməni terrorçularının xain gülləsinə tuş gələrək şəhid edilən ilk qadın jurnalistimiz Salatın Əsgərovanı həmin ilin 20 noyabr tarixində - Qarakənd üzərində vurulan helikopterdəki şəhid jurnalistlərimiz – Alı Mustafayevlə, Osman Mirzəyevlə, Arif Hüseynzadə ilə, Fəxrəddin Şahbazovla eləcə də, 1992-ci ilin iyun ayının 15-də, Əsgəranın Naxçıvanik kəndində düşmən snayperinin açdığı atəş nəticəsində həyatını itirən Çingiz Mustafayevlə fərqləndirə bilmərik. Əgər onların fəaliyyətlərini uzlaşdırsaq, hər birini bir müqəddəs söz birləşdirir – ŞƏHİDLİK ZİRVƏSİ...

Bəli, onlar Qarabağa reportaj hazırlamağa gedərkən bilirdilər ki, qarşılarına hansı həyati təhlükələr çıxa bilər və bir gerçəkliyi də dərk edirdilər ki, gedilən bu yolun geriyə dönüşünün olmaması ehtimalları da var. Ancaq ruhən formalaşmış vətənpərvərlik ideyası, bu ideyanın dönməzliyi, sırf əqidə məfkurəsinə bağlılığı bütün keçilməz sədləri aşdı. Onlar Vətən uğrunda şəhid olmağa hazır olduqlarını əməli qaydada isbatladılar, sübuta yetirdilər. Həqiqət isə budur ki, geridə qalan zamanlar əsla heç nəyi dəyişmir, belə ki, bu dəyişilməzlik müqəddəs şəhidlik, vətənpərvərlik adları üzərində cəmlənib. Yəni zaman başqa ola bilər, amma məramın və məkanın ünvanı VƏTƏNDİR!

Biz əminliklə qənaətə gələ bilərik ki, şəhid jurnalistlərimizin hər birinin evində onların ata və anaları, nənə və babaları vətənpərvərlik mövzularını təlqin ediblər. Axı ulularımız da hər zaman deyiblər ki, bir körpənin təməli onun evində, ailəsində qoyulur və təməli necə qoyulursa elə də həyat formalaşır. Bu xüsusda, biz yenidən 44 günlük Vətən müharibəsinə və sonra baş verən proseslərə geri dönməli oluruq...

2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni terrorçularının basdırdığı tank əleyhinə minaya düşərək şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun da adları şəhidlik zirvəsinə ucaldı. Məhz bu iki həmkarımızın Vətən müharibəsi dövründə və sonrakı müddətdə yerli və dünya mediasına çatdırdıqları xəbər və informasiyalar maraqla izlənilirdi. Jurnalistlərin şəhid olduqları o məşum gündə onlarla eyni avtomobildə olmuş və qəlpə yarası almış AzTV-nin ictimai-siyasi verilişləri redaksiyasının əməkdaşı, televiziya rejissoru Emin Məmmədovla Siracla Məhərrəmin son dəqiqələri haqqında söhbət etdim, nə haqda düşündüklərini soruşdum. Eminin mənə danışdıqlarından isə təsirlənməmək olmur. “Ümumiyytlə, onların hər ikisi son bir neçə gündə qayğılı görünürdülər, yarım qalmış işləri barədə düşünür, planlarını qururdular”, deyən Emin hələ də onların həyatda olmadıqlarına inanmadığını deyir. Emin Məmmədov hazırda arxivində saxladığı videogörüntülərlə özünə təskinlik verdiyini, bununla sakitlik tapdığını mənə danışır, sonda isə bu sözlərini ifadə edir: “Hər ikisi layiqli Vətən övladları idilər, gözlərində az da olsa qorxu hissləri yox idi. İstər Sirac, istərsə də Məhərrəm yalnız irəliyə gedərək həsrətində olduqları torpaqları gəzmək, düşüncələrini isə oralardan reportajlar hazırlamağa fokuslamışdılar...”.

Əbəs deyil ki, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev ölümlərindən sonra Sirac Əliyevə və Məhərrəm İbrahimova "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Məhz Vətənə xidmətə görə, onların öz canlarını “uf” demədən Vətən uğrunda qurban verdiklərinə görə, Vətən torpaqlarına qovuşduqlarına görə...

Vətən sevgisi, vətənpərvərlik eşqi Siracla Məhərrəmi bu dünyadan haqq dünyasına da iki şəhid dost kimi yola saldı, Allah hər ikisinə və cəmi Vətən uğrunda canlarını fəda etmiş bütün vətənpərvər övladlarımıza rəhmət eləsin, ruhları şad olsun. Şad olsun ki, onlar müqəddəs amal uğrunda, şərəf və ləyaqət uğrunda şəhidlik şərbətini dadıblar.

Bu məqamda daha bir amilə toxunmaq istərdim. Hələ 44 günlük Zəfər yolunda, Vətən müharibəsi dövründə Ermənistanla və ermənipərəst qüvvələrlə gedən informasiya müharibəsində çoxsaylı jurnalistlər, müxtəlif media təmsilçiləri cəbhəyə getməyə, oradan reportajlar hazırlamağa can atırdılar.

Lakin təbii ki, onların hər birinin döyüşlərin getdiyi qızğın nöqtələrə gedərək materiallar hazırlamaları fiziki cəhətdən qeyri-mümkün idi. Onsuz da arxa cəbhədə də işlər çox idi və əsas hədəf bilavasitə düşməni informasiya məkanında susdurmaqdan ibarət idi. Kənardan elə də diqqət çəkməyən bu özəlliyin daxilində dayanmış əsaslı dayaq nöqtəsi isə Vətən sevgisi və ondan qaynaqlanan vətənpərvərlik ruhunun danılmaz səciyyəsidir!

Eyni zamanda, sözügedən məsələyə əsaslanan bütün mühüm fəaliyyətlər birbaşa Prezident İlham Əliyevin dünyanın nüfuzlu media mərkəzlərinə verdiyi əsaslı, arqumentli müsahibələrindən, sərt və qətiyyətli bəyanatlarından bəhrələnirdi. Onun hər kəlamı, hər ifadəsi Vətən eşqli qalibiyyət ruhuna stimullar verir, düşmənə qarşı istər cəbhədə, istərsə də media məkanında sarsıdıcı zərbələr endirməyə imkanlar yaradırdı. Və bu gün Azərbaycanın vətənpərvər övladları öz qanları və canları ilə müasir dünyaya Vətən sevgisinin nə olduğunu sübuta yetirdilər – istər hərbçilərimiz, istər media işçilərimiz, istərsə də həkimlərimiz.

Təbii ki, mövzunun əsas özəyində dayanan daha bir faktor da mövcuddur – AZƏRBAYCANÇILIQ! Azərbaycançılıq ifadəsinin daxilində isə bildiyimiz bütün layiqli, şərəfli, qürurlu və vətənpərvərliyə söykənən tendensiyalar mövcuddur. Bu mövcudluq gənclərimizi düşmənə qarşı döyüşə səsləyirdi. Müharibədən sonra belə bir aforizm əbəs yerə yaranmadı – atalarının çəkmə izləri qalan yerlərə tankların üstündə qayıdan oğullar..! Bu oğullar birinci Qarabağ müharibəsində döyüşən, şəhid və qazi olan kişilərin övladları və nəvələri idi və bu oğullar mənfur, yağı və namərd düşmənin gözlərini ağlar qoyaraq onlara işğalın, vəhşiliyin, talanın, soyqırımı törətməyin aqibətinin necə olacağını sübut etdilər. Neçə-neçə Xocalı, Ağdaban və s. qatilləri müharibə qanunlarının tələb etdiyi və layiq olduqları cəzalarını aldılar. 30 il əvvəl yetim qalan körpələrimizin, ər itirən ana və bacılarımızın, nənələrimizin, ömür-gün yoldaşlarını itirən babalarımızın, atalarımızın qisasları artıqlaması ilə alındı - düşmən öz ucuz, qorxaq ölümünə kirli qanı ilə imza atdı!

Vətən yaşayır və onu yaşadan vətənpərvərlik ruhudur!

Rövşən RƏSULOV

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş jurnalistlər arasında “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə