"Azərbaycan Parlamenti bu missiyanı uğurla yerinə yetirib" - DEPUTAT AÇIQLADI

"Qoşulmama Hərəkatının Parlament şəbəkəsinin Bakı konfransının baş tutması tarixi bir hadisədir. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət ərzində çox nümunəvi işlər gördüyünün bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatı Prezident İlham Əliyevin liderliyi ilə bəlkə də tarixinin ən yaxşı dövrlərini keçirmiş oldu: "Pandemiya ilə mübarizə zamanı Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq çox böyük aktivlik nümayiş etdirdi və maraqlı təşəbbüslərlə çıxış etdi. Bu təşəbbüs demək olar ki, əksər dövlətlər tərəfindən qəbul edildi və Birləşmiş Milətlər Təşkilatı ilə çox səmərəli əməkdaşlıq baş tutdu. Həmçinin 44 günlük Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv olan dövlətlər Azərbaycana dəstək verdilər. Azərbaycanı haqq savaşında tək qoymadılar. Bu da birbaşa olaraq Prezident İlham Əliyevin liderlik qabiliyyətindən asılı oldu. Bu gün də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının baş tutması məhz bu sadaladığım nailiyyətlərin uğurlu olması ilə əlaqədardır. Məhz bu şəbəkənin ilk toplantısı Madriddə keçirildi. Təbii ki, burada təşəbbüs Azərbaycanın idi. Azərbaycan Parlamenti də Sahibə Qafarovanın rəhbərliyi altında bu missiyanı uğurla yerinə yetirib".

Naqif Həmzəyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament şəbəkəsinin Bakı konfransında Prezidentin çıxış etməsi, Azərbaycan reallıqlarını bir daha səsləndirməsi region üçün Azərbaycanın oynadığı rolun önəmini vurğulaması, Qoşulmama Hərəkatı çərçivəsində çox böyük işlərin görüldüyünü, burada bu fəaliyyətin davam etdiriləcəyini vuğulaması hər kəs tərəfindən maraqla qarşılandı: "Xüsusilə də Azərbaycana gələn rəsmilərin işğaldan azad olunmuş ərazilərə, Azərbaycanın mədəniyyət paytaxtının Şuşaya səfər etməsi bizi qürurlandırır. Əldə olunmuş bu qürur Azərbaycan Parlamentinin daha aktiv parlament diplomatiyasını işlətməsinə də səbəbdir. Biz aktiv olaraq parlament diplomatiyaslndan istifadə edə bilirik. Bu gündən sonra da Azərbaycan parlamenti bu missiyanı uğurla yerinə yetirəcək”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə