Zəngəzur reallıqları: Bakı və Moskva İrəvanı tələsdirir ANALİTİK+AKTUAL
“İzvestiya” nəşri Rusiyanın dəhliz məsələsindəki iqtisadi maraqlarını da gizlətməyib
Azərbaycan və Ermənistan dəmir yolu dəhlizi ilə Naxçıvana getməklə bağlı çoxdan razılaşma əldə ediblər. Avtomobil yolu ilə bağlı İrəvanın uzun-uzadı pauza götürməsi isə davam edir. Lakin iyunun cari ilin 3-də baş nazir müavinlərinin sonuncu görüşləri zamanı gələcək yolun istifadəsi ilə bağlı müəyyən razılaşmalar edilib, sadəcə 6 km-lik sahə istisna olunmaqla. Belə ki, orada yüksək dağlıqlar mövcuddur və Rusiya tərəfi həmin sahənin öyrənilməsi üçün öz ekspertlərini göndərib ki, sadə mühəndis işləri ilə bağlı öz tövsiyələrini versinlər. Bu barədə Rusiyanın “izvestiya” nəşri adının açıqlanmadığı mənbəsinə istinadən yazıb.
Həmin ərazilər 1992-ci ilə qədər Naxçıvanı Muxtar Respublikasını Azərbaycanın Zəngilan rayonu ilə birləşdirən və Ermənistanın ərazisindən keçən sahələrdir
Bildirilir ki, avtomobil yolu Araz çayının ermənilər olan tərəfindən keçəcək. Yerdə qalan sahələrdə isə köhnə sovet xəritələri əsasında işlər aparılacaq. Həmin ərazilər 1992-ci ilə qədər Naxçıvanı Muxtar Respublikasını Azərbaycanın Zəngilan rayonu ilə birləşdirən və Ermənistanın ərazisindən keçən sahələrdir. Həmçinin, gələcək dəhliz boyunca Naxçıvanla Ermənistan sərhədindən keçəcək həmin ərazilər praktiki olaraq mövcuddur. – deyə mənbə qeyd edib.
Lakin o da faktdır ki, Bakı cari ilin martına Tehranla memorandum imzaladı və memoranduma əsasən Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvana qədər gedən yolun bir hissəsi İran ərazisindən keçməlidir. Məhz bundan sonra Ermənistan Bakı ilə danışıqlar prosesini sürətləndirməyə məcbur oldu.
Mənbənin bildirdiyinə görə, baxmayaraq ki, bu variant reallıqda Ermənistan ərazisindən daha başa gəlir, lakin İlham Əliyev buna da hazır olduğunu nümayiş etdirdi və bununla Nikol Paşinyanın prosesi uzatmasına qarşı qətiyyətli addım atdı.
Rusiya dumasının deputatı Kalaşnikov: “Yaxşı ki, razılaşdılar”
Bu arada, Rusiyanın dövlət dumasının soydaşlarla iş üzrə və Avrasiyaya inteqrasiya qrupunun, həmçinin MDB ilə əlaqələr komitənin rəhbəri Leonid Kalaşnikov “İzvestiya” nəşrinə bəyan edib ki, Bakı ilə İrəvanın nəqliyyat dəhlizlərinin blokadadan çıxarılması ilə bağlı müəyyən razılıqlara getmələrini çoxdan gözləyirdilər. “Yaxşı ki, razılaşdılar”, deyə Kalaşnikov bildirib.
Rusiya nəşri qeyd edir ki, kommunikasiyaların blokadadan çıxması və inşaat işlərinin aparılması Ermənistanın cənub sərhədlərinin İran və Zəngəzurla birləşməsi ilə nəticələnəcək. Bu yol Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirir. “Bu, ikitərəfli gündəlikdə ən problemli məsələlərdən biri idi. Rusiyanın və Avropanın Azərbaycana və Ermənistana vasitəçilikləri sayəsində 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaların növbəti mərhələləri üçün imkanlar yarandı”, deyə rusiyalı deputat bildirib.
İrəvan bu istiqamət üçün 200 milyon dollar ayıracaq
2021-ci ilin mayında Azərbaycan Culfa-Ordubad dəmir yolu istiqamətinin Naxçıvanla Ermənistanı birləşdirən hissəsindəki tikinti işlərini başa çatdırdı. Ermənistan 2022-ci ilin martına geodezik işlərin aparılması üçün Arazdəyən (ermənilər “Yerasx”adlandırırlar) -Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə görə vəsait ayırdı. Erməni hissəsindəki dəmir yolunun uzunluğu 45 km olacaq deyə Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan bildirib.
Həmçinin bildirilir ki, İrəvan bu istiqamət üçün 200 milyon dollar ayıracaq. Naxçıvandan Azərbaycana olan yolun ümumi uzunluğu isə 340 km-i təşkil edəcək. Azərbaycan öz növbəsində dəmir və avtomobil yollarının 100 km-ni artıq inşa edərək tamamlayıb. Ermənistanla sərhədi birləşdirəcək məsafənin tamamlanmasına isə cəmi 60 km qalır.
Ermənistanın məsul olduğu işləri icra etməkdən başqa heç bir yolu yoxdur
Beləliklə, Rusiya nəşrinin sözügedən mövzuya diqqət ayırmasının daha bir məqsədi budur ki, əslində Zəngəzur dəhlizinin açılması, ümumiyyətlə - həm dəmir yolunun, həm də avtomobil yolunun istifadəyə verilməsi Şimal qonşumuzun da iqtisadi maraqlarının təmin olunması üçün şərait yaradır. Hər halda, Bakının və Moskvanın bu məsələdə İrəvanı tələsdirməsi və üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməsi üçün tələblərini sərtləşdirməsi prosesin sürətlənməsinə zəmin yaradır. Ermənistanın isə məsul olduğu işləri icra etməkdən başqa heç bir yolu yoxdur.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB