Azərbaycanın Qarabağda yeni əməliyyatlar aparması üçün daha bir ehtimal var! ANALİTİK+ÖZƏL

Digər məsələlərlə yanaşı, Qarabağ ermənilərinin pozulan hüquqları da bərpa edilməlidir

Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcərdə etdiyi çıxışı və orada səsləndirdiyi bəyanatı ilk olaraq belə nəticəyə gəlməyə zəmin yaradır ki, 44 günlük müharibədən sonra - 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfi bəyanat və oradan irəli gələn müddəalar kapitulyant Ermənistan tərəfindən icra edilməməkdədir. Daha dəqiq desək, rəsmi İrəvan regionda sülhün əldə olunması istiqamətində aparılan işlərə, sözün əsl mənasında, pəl vurmaqla, prosesi uzatmaqla Bakının səbrini tükəndirir.

Əbəs deyil ki, dövlətimizin başçısı son xəbərdarlıqlarından birini də edərək vurğuladı ki, kağızlar masa üzərində əbədi qala bilməz və Ermənistan üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyə məhkumdur.

Bakı heç də legitim yollar axtarmır, belə ki, bu legitimliklər artıq mövcuddur

Onu da qeyd edək ki, İlham Əliyevin bəyanatından öncə Nikol Paşinyan hakimiyyətinə yaxın olan KİV-lərdən birinə verdiyi müsahibəsində Bakının yeni müharibəyə başlaması üçün legitim yollar axtardığını bildirib. Əslində, o yanılmayıb və Bakı heç də legitim yollar axtarmır, belə ki, bu legitimliklər artıq mövcuddur. Sadəcə, Azərbaycan səbr, təmkin nümayiş etdirməklə yanaşı, həm də xəbərdarlıq notlarını qarşı tərəfə çatdırır.

Bu arada onu da xatırladaq ki, Ermənistan rəhbərliyi hələ də Qarabağdakı separatçılarla əlbirliyini, işbirliyini davam etdirir və biz bunu ölkənin müdafiə nazirliyinin rəsmisinin Qarabağa müqaviləli hərbi qulluqçular göndərməsi ilə bağlı fikirlərindən də görə bilərk. Lakin belə olan halda Bakının daha bir legitimlik hüququ barədə bəzi qeydlərimizi apara bilərik. Daha dəqiq desək, Azərbaycanın Qarabağda əməliyyatlara başlaması üçün daha bir səbəbi var – Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisinin hüquqlarının təmin olunması səbəbi!

Qondarma və quldur rejimin “milli təhlükəsizlik xidməti” adlandırılan terrorçu qrupları Qarabağda yaşayan erməniləri təqib edir və Azərbaycan vətəndaşlığı almaq istəyənləri müxtəlif üsullarla neytrallaşdırırlar

Hələ 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan sonra biz separatçı tör-töküntülərin Qarabağda yaşayan ermənilərə qarşı repressiyalar uyğulamalarının şahidləri olmuşuq. Misal üçün, bir erməni ananın dörd övladı ilə Azərbaycanın nəzarəti altında olan ərazilərə daxil olması və Azərbaycan vətəndaşlığını almaq istəməsinin qarşısının alınması, bu kimi daha bir neçə hadisələrin baş verməsi ilə həmin insanlara qarşı təzyiqlərin göstərilməsi faktları kifayət qədərdir.

Qondarma və quldur rejimin “milli təhlükəsizlik xidməti” adlandırılan terrorçu qrupları Qarabağda yaşayan erməniləri izləyir, təqib edir və Azərbaycan vətəndaşlığı almaq istəyənləri müxtəlif üsullarla neytrallaşdırırlar. Bu isə bilavasitə onların hüquqlarının pozulması anlamını daşıyır.

Məlumatlara görə, qarabağlı ermənilərin reinteqrasiyası planlı rejimdə aparılmalıdır. Lakin separatçı terrorçular yeri erməniləri sözün əsl mənasında kütlə-kütlə həbs edirlər, nədir ki, onlar Azərbaycan tərəfi ilə kontaktlara gedirlər və vətəndaşlıq almaq istəyirlər. O cümlədən, reinteqrasiya olunmaq fikrində olanlara maliyyələr, hədiyyələr də təqdim edilir ki, onlar bu vasitələrlə ələ alınırlar.

Araik Arutyunyan və Bitali Balasanyan kimi hərbi cinayətkarlar isə vaxtilə Qarabağın resurslarını talan edirdilərsə, indi də “tikinti”, “inşaat” adı altında göndərilən pul-paraları oğurlayırlar

Beləliklə, hazırda Qarabağ erməniləri özlərini aldadılmış hiss edirlər – Ermənistan vaxtilə onlara “təhlükəsizlik zəmanəti” verirdi, amma indi Ermənistan heç özü-özünün təhlükəsizliyinə zəmanət verə bilmir. Rusiya sülhməramlı qüvvələri isə müvəqqəti olaraq həmin ərazilərə yerləşiblər.

Üstəlik, həmin ərazilərin heç bir iqtisadi perspektivi də yoxdur. Araik Arutyunyan və Bitali Balasanyan kimi hərbi cinayətkarlar isə vaxtilə Qarabağın resurslarını talan edirdilərsə, indi də “tikinti”, “inşaat” adı altında göndərilən pul-paraları oğurlayırlar.

Nəticədə Azərbaycan üçün daha bir legitimlik yolu açılır – hərbi cinayətkarların, terrorçuların qamçıları altında vurulan, əzilən Qarabağ ermənilərinin hüquq və azadlıqlarını təmin etmək üçün hərəkətə keçmək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə