2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyulmuşdur. Azərbaycan BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak edir. Azərbaycan BMT-nin əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq edir. BMT-nin seçkili orqanlarında iştirak etməklə Azərbaycan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verir. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT Nizamnaməsində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına davamlı olaraq töhfə verir. Azərbaycan bu məqsədlə BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə iştirak edir və BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir. Azərbaycanın 2012-2013-cü illər dövrü üzrə BMT TŞ-nin qeyri-daimi üzvlüyü beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi üzrə siyasi proseslərdə ölkəmizin çəkisini artırmışdır. Beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsinə məsul əsas qurum olan BMT TŞ üzvlüyü zamanı Azərbaycan tərəfi həmişə beynəlxalq hüquq və ədaləti müdafiə etmişdir. Şuraya üzvlük zamanı rotasiya qaydasına əsasən Azərbaycan TŞ-yə iki dəfə sədrlik etmişdir. Birinci sədrliyimiz dövründə 2012-ci ilin 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə TŞ-də Beynəlxalq sülh və təhlükəsizliyə terrorizmin açdığı hədələr mövzusu çərçivəsində “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı yüksək səviyyəli görüş keçirilmişdir. İkinci sədrliyimiz dövründə Azərbaycan tərəfi ənənəvi olaraq sədr ölkə tərəfindən təşkil edilən yüksək səviyyəli iclası “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusuna həsr etmişdir. 28 oktyabr 2013-cü il tarixində təşkil edilən bu iclas ilk dəfə belə bir mövzuya aid edilmişdi. Əlavə olaraq, Azərbaycanın təklifi əsasında 30 may 2012-ci il tarixində “Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət” mövzusunda BMT TŞ-nin “Arria formulası” çərçivəsində qeyri-rəsmi müzakirələri təşkil olunmuşdur.Ümumilikdə, Azərbaycan BMT TŞ-yə üzvlüyü dövründə beynəlxalq sülh və təhlükəsizliyə aid mühüm qərarların qəbul olunmasında yaxından iştirak etmiş və bu sahədə beynəlxalq konsensusun möhkəmlənməsinə öz töhfələrini vermişdir.Azərbaycan beynəlxalq hüququn inkişafı, o cümlədən, beynəlxalq hüququn kodifikasiyası məsələlərində fəal iştirak edir. Azərbaycan tərəfi bu istiqamətdə fəaliyyəti zamanı dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü, suveren bərabərliyi və daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüquq prinsiplərini rəhbər tutur.

Varis Rüstəmov,

YAP Sabirabad rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə