Zəngilandan xoş təəssüratlarla: keçmişdən-gələcəyə... BƏHRUZ QULİYEV YAZIR

Bakıdan Cəbrayıla, oradan isə Zəngilana səfərimiz zamanı səmimi hisslər bir maraq üzərində cəmləşdi – dialoq, qarşılıqlı anlaşma və əlbəttə ki, Vətən sevgisi

Hələ tələbə olduğum dövrlərdə Naxçıvandan Bakıya və geriyə qatar yolu ilə səfər edərkən Zəngilanın qalın və yaşıl meşələrini, başıqarlı dağlarını böyük həvəslə, heyranlıqla izləyirdim. Düşünürdüm ki, Uca Allah Vətənim Azərbaycanıma nə qədər əsrarəngiz nəqşlər vurub və bu torpaqlarımızı nə qədər müqəddəs qılıb. Daha sonrakı illərdə - Zəngilan təcavüzkar düşmən tərəfindən işğala, talana məruz qaldığı zamanlarda qonşu İran İslam Respublikasından keçməklə Naxçıvana quru yolu ilə səfər edərkən cənnət Zəngilanın, Cəbrayılın necə bozardığının, dil açıb nalə çəkməsinin də şahidi olarkən qəlbimdən qara qanlar axırdı, həsrət və hədsiz nisgil dəhşətli dərəcədə məni sıxır, mənəvi iztirab yaşadırdı. Axı mən Zəngilanımızı, Cəbrayılımızı belə görməmişdim, heç belə olacağını, onilliklər boyu düşmən əsarətində qalacağını təsəvvürümə belə gətirə bilmirdim...

Artıq bu gün ötən illərin qəlbimizə vurduğu ağır yaraları sağalır, işğaldan azad edilmiş torpaqlarımıza yeni nəfəs verilir və mən bir daha bu torpaqları gördüyüm üçün, oraya ayaq basdığım üçün Rəbbimə şükranlıqlar edir, öz ordusuna və Xalqına güvənən Fateh Sərkərdə İlham Əliyevə minnətdarlığımı ifadə edirəm.

Bu baxımdan, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Qarabağ və ətraf rayonları görmək hər birimizin ümdə arzusuna çevrildi. Çünki bizlər bu arzu ilə 30 il yaşamışıq, 30 il həmin torpaqların yağı düşmən tapdağından azad olunması günlərini səbirsizliklə gözləmişik. Artıq Vətənimizin, torpaqlarımızın bütövlüyü uğrunda aparılan bu müqəddəs savaş üzərindən il yarımdan artıq vaxt keçir və bizlər o torpaqlarımızı ziyarət edir, orada aparılan sürətli tikinti-quruculuq, abadlıq işləri ilə yaxından tanış olur, bu torpaqlarımızın çiçəklənməsi prosesinə öz gözlərimizlə şahidlik edirik, bir sözlə, reallaşan arzularımızdan, sözün əsl mənasında, hədsiz həzz alırıq.

O da əbəs deyil ki, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamənin imzalanmasından dərhal sonra 16 noyabrda dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri sonra atılacaq addımların konturlarını cızdı. Bu, həm də Böyük Qayıdış haqqında verilən böyük və mühüm mesajlar oldu.

Qarabağın və Şərqi Zəngəzurun yağı düşmən tapdağından azad edildiyi ilk günlərdən başlayaraq bu tarixi ərazilərimizin mənzərəsi yalnız ürək ağrıdırdı. Mən bu xüsusda Ağdam, Füzuli, Şuşa səfərləri zamanı gördüyüm dəhşətli mənzərələri, erməni vandallıqlarının isbat və sübutlarını bir daha xatırlatmaq istərdim. Ən əsası isə, ötən müddət ərzində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, xarici jurnalistlər, politoloqlar və beynəlxalq ictimaiyyətin digər təmsilçiləri bu ərazilərə bir neçə dəfə səfərlər edib, gördüklərindən dəhşətə gəldiklərini etiraf ediblər. Əbəs deyil ki, Qarabağın talan edilmiş, dağıdılmış əraziləri Qafqazın Xirosiması kimi adlandırıldı.

Bakıdan Cəbrayıla və oradan da Zəngilana aparan yoldaşlıq yolu...

Beləliklə, İyunun 24-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, media nümayəndələrinin Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də məhz bəhs etdiyim mövzunun proloqu olaraq qiymətləndirilə, həmçinin, siyasi dialoqun, həmrəyliyin, birgəbaxış prizmasının göstəricisi olaraq da dəyərləndirilə bilər.

Məqalənin bir yarımbaşlığını isə əbəs yerə “Bakıdan Сəbrayıla və oradan da Zəngilana aparan yoldaşlıq yolu” adlandırmadım. Belə ki, ölkəmizdə yaranan mühüm dialoq mühitinin bəhrəsi olaraq səfərimizdə yalnız media nümayəndələri deyil, həm də müxtəlif siyasi partiyaların rəhbərlikləri də iştirak etdilər.

Qarşılıqlı dialoq mühiti bütün keçilməz sədləri aşır!

Bu faktor həm də siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi reallığının göstəricisidir. Əbəs deyil ki, bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizdə siyasi sabitlik mövcuddur və bu sabitliyin mühüm amili ondan ibarətdir ki, siyasi partiyalar iqtidarla dialoqlar qurur, müxtəlif ümummilli və ümumdövlətçlik məsələlərində eyni masa arxasına əyləşir, ortaq məxrəclərə gəlinir. Bu baxımdan, daha bir mühüm məqamı da qeyd etmək yerinə düşərdi. Belə ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin davamlı şəkildə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirməsi, onlarla ölkənin aktual məsələləri müzakirə etməsi sözügedən dialoq prosesinin təkmilləşməsinə öz müsbət təsirlərini göstərməkdədir. Məhz sözügedən Zəngilan səfərimizin həyata keçirilməsi də bu mənada əhəmiyyət kəsb etməkdədir. Onu da etiraf edək ki, fərqli siyasi baxışlara və idarəçilik tendensiyalarına baxmayaraq bizləri bir amal birləşdirir – AZƏRBAYCANÇILIQ!

Məsələ həm də ondan ibarətdir ki, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və bu ruha əlavə çalar qatan demokratik dəyərlərə verdiyi yüksək diqqəti ölkəmizdə yeni reallıqları kifayət qədər ehtiva etməkdədir. 44 günlük Vətən müharibəsi isə həmin reallıqların inkişafına öz töhfələrini vermiş oldu. Milli həmrəylik və xalq-iqtidar vəhdətinin möhkəm əsaslara söykənməsi də bugünkü gerçəklikləri isbat etməkdədir. Misal üçün, 44 günlük Vətən müharibəsi başlayan kimi 50-yə qədər siyasi partiya birgə bəyannamə imzalayaraq Azərbaycanın apardığı haqq mübarizəsinə öz dəstəklərini nümayiş etdirdilər. Məqsəd və amal bir idi – torpaqlarımızın düşmən işğalından azad edilməsi, qələbənin qazanılması və ərazi bütövlüyümüzün tam təmin olunması. Azərbaycan xalqının ürəyinin eyni anda döyündüyü bir zamanda belə bir vəhdətin yaranması zəfər ruhunu daha da genişləndirdi. Qələbədən sonra isə Azərbaycanla Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsində də bu fərəhli hadisə, qürur reallığı öz təsdiqini tapmış oldu.

Beləliklə, bütün bunlar, ilk növbədə, dialoq mühitinin əsaslı təməllərə söykənməsi üçün çox əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər. Sonuncu səfərdə isə 40-dan çox siyasi partiyanın 50-yə yaxın nümayəndəsi təmsil olunurdu. Bununla yanaşı, bizimlə yol yoldaşlığı edənlər sırasında politoloqlar, tanınmış siyasi-ictimai şəxslər də var idi.

Cəbrayılda əsən zəfər rüzgarı

Yay ayı olmasına baxmayaraq bu yerlərdə zəfər rüzgarı əsirdi və bir daha şahidi olursan ki, azad olunmuş torpaqlarımızın ayrıca, məxsusi özəllikləri vardır. Qeyd edim ki, işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa və inşaat işləri aparılır və paralel olaraq işğal dövründə Ermənistan tərəfinin basdırdığı minalanmış ərazilər hələ də təmizlənməkdə davam edir.

Belə ki, qarşı tərəf mina xəritələrini təqdim etsələr də onların əksəriyyəti səlis və düzgün xəritələr deyillər. Bu baxımdan, minaların təmizlənməsi prosesində də sürətli, gecə və gündüz işlər aparılmaqdadır. Səfər zamanı iştirakçılara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verildi. Həmçinin bizə düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləmək imkanı da yaradıldı.

Səfərin iştirakçıları olaraq biz, eyni zamanda, sahələrdə aparılan minatəmizləmə əməliyyatlarında mexaniki minatəmizləmə maşınlarının, minaaxtaran itlərin təmizləmə proseslərini də izlədik. Prosesi izlədiyimiz zaman Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev rəsmi İrəvanın spekulyasiya məqsədləri barədə məlumatlar verdi, beynəlxalq ictimaiyyətin həmin məsələlərlə bağlı məlumatlandırılması prosesində siyasi partiyaların da aktivlik göstərmələrinin vacibliyindən danışdı. Belə ki, Ermənistan tərəfi ərazilərin minalardan təmizlənməsini istəmir, eyni zamanda, sözügedən təhlükənin regionda mövcud olmasında da öz maraqlarını gizlətmir. Ona görə də İrəvanın siyasi “çiling-ağac” oyununa son qoyulması üçün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da fəallıqlarını artırmalı, müvafiq beynəlxalq təşkilatlara bu qanunsuzluqlar barədə məlumatlar verməli, bəyanatlar səsləndirməlidirlər.

Böyük Qayıdışın ilk ünvanı - Zəngilanın “ağıllı kəndi” Ağalı!

Qısa müddətdə nəhəng işlərin ərsəyə gətirilməsi həqiqətən də Azərbaycan dövlətinin gücünün, qüdrətinin bariz göstəricisidir. Biz Zəngilana səfər etdik və orada “ağıllı kənd” kimi tarixə yazılan Ağalı kəndinə baş çəkdik. Gördüklərimiz isə bizi hədsiz dərəcədə heyrətləndirdi.

Belə ki, 2021-ci ilin aprel ayında işğaldan azad edilmiş Zəngilan rayonunda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə ilk “ağıllı kənd” layihəsinin təməli qoyuldu. Ağalı kəndində icra olunan layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri də iştirak edirlər. Kəndin əsası qoyularkən ölkə rəhbərimiz İlham Əliyev ilk gündən azad olunmuş ərazilərin bərpası ilə bağlı qarşıya qoyduğu vəzifələri açıqladı və bəyan etdi ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq. Artıq bu vədlər də yerinə yetirilir və o da əbəs deyil ki, 2021-ci il aprelin 26-ı Böyük Qayıdışın başlandığı günü kimi qiymətləndirilir.

Məlumat üçün qeyd edim ki, “Ağıllı kənd” pilot layihəsi 5 istiqamət üzrə icra edilir. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Bu baxımdan, həmin ərazilərdə əvvəlcə onlarla fərdi evlərin tikintisinə başlanılıb və bu gün onlar artıq öz sahiblərini gözləyirlər. Evlər isə əsasən bir və iki mərtəbələrdən ibarətdirlər, eləcə də bu yaşayış ünvanları öz sahiblərinə təqdim olunarkən ailələrin say tərkibinə uyğun qaydada bölgülər aparılacaq.

Lakin biz evlərlə tanış olarkən bir daha əmin olduq ki, Azərbaycan dövləti 30 ilə yaxın öz doğma yurd-yuvalarının nisgillikləri ilə alışıb-yanan, həsrət çəkən insanlarımız üçün necə rahat və komfortlu şəraitlər yaradıb. Eyni zamanda, həmin kəndlərdə ən müasir standartlara uyğun məktəb, bağça, poliklinika, poçt və elektron idarəetmə mərkəzləri inşa olunur. Habelə Zəngilanda turizm infrastrukturu formalaşdırılır, həmçinin, oradakı yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri hesabına təmin ediləcək. Nəzərə alsaq ki, Zəngilan həm də iqtisadi region olaraq Şərqi Zəngəzurun giriş qapısıdır, bu zaman oranın yaxın illərdə necə nəhəng logistika mərkəzinə çevriləcəyini də qeyd edə bilərik.

Bu arada onu da xatırladım ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər. Artıq bu kənd öz sakinlərini qarşılamağa hazırlaşır – Zəngilana yeni nəfəs, yeni həyat gəlir!

Yeri gəlmişkən, daha bir maraqlı nüansı da xatırladım ki, Zəngilanın Ağalı kəndi ölkəmizdə ilk “ağıllı kənd” kimi tarixə düşməsi ilə yanaşı, Qarabağımızın qəlbi hesab edilən Ağdam şəhəri ilk “ağıllı şəhər” olaraq tarixə düşəcək! Və əlbəttə ki, bütün bunların reallaşdırılmasında dayanan əsas güc, əsas qüvvə Prezident İlham Əliyev qətiyyəti, siyasi iradəsi və praqmatik idarəçiliyidir. Çünki ölkə başçımız bütün çıxışlarında soydaşlarımızın 30 ilə yaxın dövrdə bütün çətinliklərini önə çəkərək onlar üçün ən yüksək şəraitin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyub. O cümlədən, işlərin daimi nəzarətdə saxlanılması üçün həmin ərazilərdə Prezidentin şəxsi nümayəndəliyinin fəaliyyəti də təmin edilib. Dövlətimizn başçısı bu il mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən vurğulayıb ki, Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bu planları görə bilər: “Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.”

“Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq.”, deyən Prezident İlham Əliyev bununla daha bir amilə toxunaraq qeyd etdi ki, həmin ərazilərdə hər hansı qanunsuz tikililər və s. olmayacaq.

Artıq bölgədə Qafqazın yeni “İpək yolu” ərsəyə gətirilir və bu yolun sahibi məhz Azərbaycandır!

Qeyd edim ki, Zəngilan rayonuna səfərimiz zamanı biz Ağalı kəndində “Gillmed” tikiş fabriki, Ailə Sağlamlıq Mərkəzi (tibb məntəqəsi), uşaq bağçası, kənd orta məktəbi və bir sıra başqa obyektlərlə də tanış olduq, onların yaxın gələcəkdə həyata keçirəcəkləri iş və fəaliyyətlərinin hansı üsullarla idarə ediləcəyi xüsusiyyətləri ilə də maraqlandıq. Onu da qeyd edək ki, bu il Zəngilan Beynəlxalq Hava Limanının da istifadəyə verilməsi nəzərdə tutulur. 2021-ci il Qarabağın dünyaya açılan hava qapısının - Füzuli Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Həmin səfər zamanı diqqətçəkən və Zəngilanın gələcək inkişafına öz töhfəsini verəcək mühüm hadisəni də qeyd etmək vacibdir. Belə ki, Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olduqdan sonra iki qardaş ölkənin birgə investisiya layihəsi olan “Dost Aqropark”ın təməlini qoydular. Bütün bunlar isə Azərbaycanın və Türkiyənin kənd təsərrüfatının inkişafına, heyvandarlığına, bitkiçilik və əkinçiliyinə həmçinin qida təhlükəsizliyinə öz böyük töhfələrini verəcək, xarici bazarlara çıxış imkanlarını maksimum qaydada təmin edəcək. Səfər zamanı Bəsitçay Dövlət Təbiət Qoruğunu da ziyarət etdik, həmçinin Həkəri çayına balıq buraxılma mərasiminin iştirakçısı olduq.

Zəngilan Beynəlxalq Hava Limanına gəldikdə isə burada əsas diqqət bir neçə aspektlərə bölünür. Uzunluğu 124 kilometr olacaq Zəngilan-Horadiz avtomobil yolu, eləcə də Horadiz-Zəngilan-Ağbənd beynəlxalq dəmir yolu haqqında da məlumat verildi.

Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq. Hətta belə desək, artıq bölgədə Qafqazın yeni “İpək yolu” ərsəyə gətirilir və bu yolun sahibi, məhz Azərbaycandır!

Zəngilanın turizm potensialı ölçüyəgəlməz dərəcədə böyükdür

Prezident İlham Əliyev Zəngilanın turizm potensialının yüksək olması barədə fikirlərini vurğulayarkən deyib: “Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Yəni, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq.”

Yuxarıda da qeyd etdiyimiz kimi, Zəngilanın turizm potensialı yaxın gələcəkdə böyük imkanlar bəxş etmək gücündədir. Səfər çərçivəsində Zəngilanın turizm potensialı ilə də tanış olarkən bir daha əmin olduq ki, göz oxşayan meşələri, uca dağları, saf bulaqları, axar çayları və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bu ərazidə turizmin inkişaf perspektivlərinə böyük töhfələrini verəcəkdir. Ümumiyyətlə,Zəngilanda istirahət zonaları yaradılacaq və kənd turizmi inkişaf etdiriləcək. Bir sözlə, həyata keçirilən yeni infrastruktur layihələri həm də Zəngilana geri dönəcək insanlarımız üçün məşğulluq və gəlir mənbəyi rolunu oynayacaq.

Beləliklə, bu səfərimiz həyatımıza özəl sevinc və qürur hissləri bəxş etdi. Deyilənə görə, yollar insanları daha da yaxınlaşdırır və mən öz şəxsimdə bu həqiqəti bir daha gördüm. Bakıdan Cəbrayıla, oradan isə Zəngilana səfərimiz zamanı səmimi hisslər bir maraq üzərində cəmləşdi – dialoq, qarşılıqlı anlaşma və əlbəttə ki, Vətən sevgisi. Bu yol bizim həmrəylik yolumuza çevrildi və qarşıda birgə keçiləcək bir çox zəfər yollarımız, yoldaşlıq yollarımız isə bizləri gözləyir...

Bəhruz QULİYEV,

“SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

Bakı-Cəbrayıl-Zəngilan-Bakı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...