Prezidentlərin Türkmənistan görüşündə ciddi nəticə olacaqmı? - PARTİYA SƏDRİ AÇIQLADI

"İyunun 29-da Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü başlayıb. Görüş haqda hələlik geniş məlumat verilmir. Tədbirin gündəliyi, mövzusu ictimai müzakirəyə təqdim edilməyib. Ən maraqlı məqamlardan biri Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin təması olacaq. Artıq iki gündür gözlənilən bu təmas haqda ən müxtəlif rəylər, şərhlər verilir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşləri həmişə mühüm əhəmiyyətə malik olub və Türkmənistanda baş tutacaq görüş də maraqla gözlənilir. Hər şeydən əvvəl, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında, sərhədlərin delimitasiyasında və Zəngəzur dəhlizinin açılmasında Rusiyanın aktiv iştirakı bizim maraqlarımıza cavab verir. Yəqin xatırlayırsınız, ötən ilin sonlarında Soçidə keçirilən görüşdə Paşinyan qəti şəkildə sülh sazişinin hazırlanmasında Rusiyanın vasitəçiliyini istəmədiyini bildirdi. “Bu danışıqlar Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılmalıdır”-dedi. Azərbaycan prezidenti bu vasitəçiliyə tərəfdar olduğu halda, Ermənistan baş nazirinin Rusiyaya qarşı açıq “de-marşı” çoxlarını təəccübləndirdi. Bir tərəfdən Rusiyanı “əzəli, əbədi müttəfiq” adlandırırsan, rus sülhməramlıları regionda əbədi qalsın-deyirsən, digər tərəfdən strateji müttəfiqinin vasitəçiliyindən imtina edirsən. Bu günlərdə “Vaşinqton Post” qəzeti bu məsələyə aydınlıq gətirərək yazdı ki, Ermənistanın Rusiyanın vasitəçiliyindən imtina etməsinin kökündə qorxu dayanır.

Paşinyan bu məsələdə Rusiyanın mövqeyini bilir və böyük qonşunun Ermənistana təzyiq edərək sülh sazişini imzalamağa məcbur edəcəyindən çəkinir. Azərbaycandakı bəzi “siyasətçilərin” Rusiya ilə danışıqlardan imtina etmək çağırışlarının kökündə məlumatsızlıq dayanır. Onlar anlamaq istəmirlər ki, həm ABŞ, həm də Avropa İttifaqı Ermənistana daha yaxın mövqe tutur və Qarabağa “status” verilməsini istəyir. Bunu Paşinyan Brüssel görüşündən sonra açıq şəkildə söylədi. “Qərbdəki dostlarımız status məsələsində plankanı endirməyi məsləhət görürlər”-dedi. Yəni, həm ABŞ, həm Aİ Qarabağa müstəqillik tələb etməməyi, ən yüksək status istəməyi təklif edirlər. Bu onların mövqeyidir və bu yanaşma bizi qətiyyən razı sala bilməz.

Bəs, bu məsələdə Rusiyanın mövqeyi necədir? Dəqiq məlum deyil. Bu barədə 2020-ci ilin 17 noyabrından sonra heç bir aydın bəyanat verilməyib. Ancaq prezident Putinin mövqeyi danışıqlarda iştirak edən Azərbaycan və Ermənistan liderlərinə məlumdur və onların bəyanatları əsasında müəyyən nəticələrə gəlmək olar. Məlumdur ki, ötən ilin iyulunda Azərbaycan prezidenti dövlət televiziyasına müsahibə verərkən-Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanla Rusiya arasında fikir ayrılığı yoxdur-dedi. Həmin ilin noyabrında Soçidə sülh sazişinin Rusiyanın vasitəçiliyi ilə imzalanmasını istədiyini bildirdi. Prezidentimizin bu bəyanatına Paşinyan qəti şəkildə etiraz etdi və Minsk qrupu həmsədrlərindən başqa heş kimin vasitəçiliyini istəmədiklərini bəyan etdi.

Bu gün də Ermənistan Minsk qrupunu “diriltmək” üçün “dəridən-qabıqdan çıxır”. Bunun səbəbləri barədə hamımız ciddi-ciddi düşünməliyik. Bir şey də nəzərə alınmalıdır. Ermənistana təzyiq göstərilməsə, nə Paşinyan, nə də başqa birisi sülh sazişinə qol çəkməyə cəsarət etməyəcək. Ermənistana və qarabağ ermənilərinə təzyiq göstərmək imkanına isə yalnız Rusiya malikdir. Bunu da unutmamalıyıq.

Ancaq onu da etiraf etmək lazımdır ki, Azərbaycanın müstəqilliyi üçün ən böyük təhlükə törədən dövlət də Rusiyadır və Ukraynanın müharibədən qələbə ilə çıxması bizim dövlət maraqlarımıza uyğundur. Çox təəssüf ki, proseslər hələlik bizim istədiyimiz kimi getmir və rus ordusu yeni ərazilər işğal edərək irəliləyir. Təbii ki, Rusiyanın başının Ukrayna müharibəsinə qarışdığını nəzərə alsaq yaxın günlərdə onun Azərbaycan-Ermənistan münasibətləri ilə ciddi məşğul olacağını gözləmək mümkün deyil. Rusiya eyni zamanda bu prosesdən tamamilə kənara çəkilə, təşəbbüsü ABŞ-a, yaxud, Avropa İttifaqına verə bilməz. Ona görə Türkmənistan danışıqlarında elan olunmasa da, müəyyən nəticələrin olacağı gözləniləndir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...