“Paşinyan Rusiyaya etibar etmir” AÇIQLAMA

“Bu günlərdə Azərbaycan Prezident Aparatı xarici işlər şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan təhlükəsizlik şurasının katibi Mirzoyanla Brüsseldə nəzərdə tutulmuş görüşü baş tutmadı. Maraqlıdır ki, rəsmi Bakı bu dəfə bu görüşün keçirilməsini məqsədəmüvafiq olmadığını bəyan etdi. Buna səbəb isə məhz Paşinyanın istər Qarabağ, istərsə də nəqliyyat dəhlizlərinin açılması və nəzərdə tutulmuş marşrutların istiqamətləri ilə bağlı verdiyi ziddiyyətli açıqlamalardır”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Paşinyan rəsmi Bakıdan fərqli olaraq danışıqların yenidən ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılması mövqeyindən çıxış edir: “Burada Paşinyanın ona həvalə edilmiş missiyanı həyata keçirmək üçün çalışdığı bəllidir. Paşinyan onu hakimiyyətə gətirmiş ABŞ-ın danışıqlardan kənarda qalmasından məmnun deyil. O Qərbin adamıdır və buna görə də, Qərbin təmsilçiliyi ilə aparılan danışıqlarda özünü daha güvənli hesab edir. Paşinyan Rusiyaya etibar etmir, zira hələ müxalifətdə olarkən Ermənistanın Rusiya ilə münasibətlərinə yenidən baxılmasının tərəfdarı olmuşdur. Hətta Ermənistanın Rusiya ilə KTMT- də, habelə AİB-də bir yerdə olmasının əleyhdarı idi, lakin Ermənistanın müharibədəki məğlubiyyəti münaqişə ətrafında yeni geosiyasi reallıqlar yaradıb və rəsmi İrəvan bu reallıqları nəzərə almaya bilməz, buna görədir ki, Ermənistan üzdə Rusiya ilə əməkdaşlıq edir, eyni zamanda, Rusiyanın da münaqişə və Qarabağın perspektiv gələcəyi ilə bağlı məsələlərə ikili standartlardan yanaşdığının mahiyyətinə varır, ona görə də, bu istiqamətin də onun hakimiyyəti üçün vəd etdiyi imkanları nəzərə alıb iki stulda əyləşməyə cəhd edir, Rusiya isə Qərblə münasibətlərin indiki rakursundan çıxış edərək ATƏT Minsk qrupu çərçivəsində əməkdaşlığın mümkün olmadığını bəyan edir və özü də bu əməkdaşlıqdan məhz Qərb imtina edib”.

Elşən Manafov onu da bildirdi ki, Rusiyanın bu mövqeyi müəyyən mənada rəsmi Bakının da Qarabağla bağlı mövqeyi ilə üst-üstə düşür: “Çünki Azərbaycanda ictimaiyyətin ATƏT Minsk qrupunun danışıqlardakı mövqeyindən narazılığı bəllidir, digər tərəfdən Azərbaycan bəyan edir ki, onun üçün Qarabağ problemi bitib və Qarabağ artıq bundan sonra Azərbaycanın daxili problemidir və rəsmi Bakı bu məsələdə hər hansı təşəbbüsləri onun daxili işlərinə müdaxilə kimi qiymətləndirəcək. Paşinyan isə Qarabağın təhlükəsizliyinə təminatların alınmasından sonra Azərbaycanla sülh ətrafında danışıqların davam etdirilməsinin mümkün olacağını bəyan edir. Bu isə həm Moskva razılaşmalarının ziddinə olan mövqedir, digər tərəfdən Paşinyanın Azərbaycanla sərhəd məsələlərini həll etmək və sülh danışıqlarına hazır olması ilə bağlı verdiyi açıqlamaların ziddinə olan mövqedir. Nəhayət, nəqliyyat dəhlizləri və marşrutlarla bağlı Paşinyanın təklifləri də Azərbaycanı qane etmir, rəsmi Bakı Naxçıvana birbaşa avtomobil və dəmir yollarının açılışında maraqlı olduğunu bildirsə də Paşinyan bizlər üçün əlverişli olmayan avtomobil yollarının marşrut xətlərini təklif edir. Göründüyü kimi danışıqları uzadaraq bir tərəfdən rəsmi Bakı tərəfdən ola biləcək basqı və təzyiqlərdən sığortalanmağa çalışır, bunun baş verəcəyi təqdirdə Bakını danışıqları pozmaq və müharibə ritorikası ilə danışdığına görə onu ittiham etmək üçün tutarlı dəlillər əldə etmək və nəhayət Ukraynada Qərb və Rusiya arasında hazırda davam etməkdə olan gərginliyin perspektivdə yarana biləcək reallıqlarından çıxış edərək bölgədə Qərbin revanş götürməsi üçün daha əlverişli məqamın yetişəcəyinə ümid edir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə