"Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın inkişaf mərhələsinin əsası qoyuldu" - ŞƏRH

"Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın inkişaf mərhələsinin əsası qoyuldu" - ŞƏRH

"Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri kimi fəaliyyətə başlaması müstəqillik illərimizin dönüş nöqtəsi kimi tariximizə həkk olundu. Milli Qurtuluş Günü, xalqımızın nicat yolunun başlanğıcı hesab olunan bu tarixi əhəmiyyətli gün dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın düşdüyü ağır vəziyyətdən xilas edilməsi istiqamətində ən önəmli mərhələlərdən biri idi". Bu sözləri "Səs" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib.

Vüsar İsmayılovun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə mühüm islahatlar paketi həyata keçirilib, dövlətçiliyimizin və xalqımızın hərtərəfli inkişafı üçün əvəzsiz xidmətlər göstərilib.Daha sonra Vüsar İsmayılov 1993-cü ildə siyasi səriştəsi və idarəçilik qabiliyyəti olmayan insanların ölkəmizə rəhbərlik etməsi nəticəsində ölkəmizin üzləşdiyi uçurumlardan bəhs etdi. Artıq ölkənin xaosa, anarxiyaya sürükləndiyini görən o zamankı hakimiyyət Bakı şəhərini tərk etmək qərarına gəldikdən sonra həmin ilin 24 iyun tarixində prezident səlahiyyətləri Ali Sovetin Sədri, Ümummilli Lider Heydər Əliyevə verildi: "Məhz Ali Sovetin Sədri Heydər Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə ölkədə yeni idarəçilik mühiti, eləcə də ictimai-siyasi sabitlik hökm sürməyə başladı. Beləliklə, dahi şəxsiyyətin idarəçilik bacarığı, əzmkarlığı və qətiyyəti sayəsində qısa zaman ərzində mühüm dəyişikliklərə nail olundu. Siyasi iradə, bilik və bacarıq, praqmatik düşüncə qabiliyyəti, müdriklik, uzaqgörənlik, uzun illərin uğurlu təcrübəsi, şəxsi nüfuzu və s. keyfiyyətləri sayəsində Azərbaycan güclənməyə, üzləşdiyi fəlakətləri dəf etməyə və qarşısına hədəflər müəyyənləşdirməyə başladı".

Ulu Öndər Heydər Əliyevin ölkəmizdə prezident səlahiyyətlərinin icrasına başlaması tariximizin ən parlaq səhifələrindən biri kimi ədalətin və milli iradənin təntənəsidir, - deyə rayon təşkilatının sədri bildirib: "Təbii ki, bu, eyni zamanda xalqımızın istək və arzusunun reallaşması idi. Çünki Azərbaycan xalqı artıq üzləşdiyi müsibətlərdən, təhlükələrdən çıxış yolunu ancaq dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. Tarix sübut etdi ki, xalqımız qətiyyən yanılmayıb və xilaskarlıq missiyyasını öz üzərinə götürən Ulu Öndər Azərbaycanı dövlət müstəqilliyini itirməkdən, daha dəhşətli vətəndaş müharibələrindən xilas etdi. Ümummilli Liderimiz Heydər Əliyevin iyunun 24-də prezidentlik səlahiyyətlərini icra etməyə başlaması, xalqımızın ictimai-siyasi fikir tarixində də dönüş nöqtəsi oldu. Dövlətimizin möhkəmlənməsi, ayrı-ayrı sahələrin inkişafına göstərilən diqqət və qayğı, əldə olunan uğurlar xalqımızın özünə qayıdışının əsas təkanverici qüvvəsi oldu".

Bir neçə ay sonra isə, 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqının dahi şəxsiyyətə etimad göstərməsi nəticəsində 98,8 faiz səslə prezident seçildi: "Bu gün Ulu Öndərin islahatlar kursuna sadiqlik göstərən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız günü-gündən daha da inkişaf edir, iqtisadi, siyasi, sosial sahələri əhatə edən çoxşaxəli islahatlar öz müsbət nəticələrini verir. Artıq Azərbaycan təkcə yerli deyil, regional və beynəlxalq layihələrin təşəbbüskarı və icraçısı kimi özünü dünyada təsdiq edib. Azərbaycana beynəlxalq etimad var və bu, milli maraqlarımızın həyata keçirilməsində əvəzsiz amildir. Bir sözlə, qürurla demək olar ki, Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Çünki Ulu Öndərin ideyaları və siyasət kursu davam edir, qurub-yaratdığı müstəqil Azərbaycanımız tarixi Zəfərə imza atan, getdikcə qüdrətlənən və inkişaf edən dövlətlərdən biridir". Azərbaycanın inkişaf göstəricilər beynəlxalq reytinq cədvəllərində və hesabatlarında öz əksini tapır. "Dövlətimizin və xalqımızın nailiyyətlərinin bundan sonra uğurla davam edəcəyinə heç bir şübhə yoxdur. Artıq xalqımız işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi prosesini qürurla və səylə yerinə yetirir. Qarabağımız Vətənimizin bir parçası kimi inkişaf edəcək, əvvəlki görkəminə və möhtəşəmliyinə qayıdacaq" - deyə, YAP Binəqədi rayon təşkilatının sədri bildirib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə