"Bizim əlaqələrimizin, dostluğumuzun sonu yoxdur" - DEPUTAT ŞƏRH ETDİ

"Bizim əlaqələrimizin, dostluğumuzun sonu yoxdur" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıq, müttəfiqlik münasibətidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, iki qardaş ölkənin münasibətləri bu gün dünyanın istənilən iki qonşu dövlətləri üçün çox gözəl bir nümunədir: "Azərbaycan müstəqillik əldə etdiyi dövrlərdən bu yana Türkiyə hər zaman onun yanında olub. Azərbaycan daima Türkiyənin bütün xoş günlərini, eyni zamanda çətin zamanlarında yanında olmuşdur. Azərbaycan və Türkiyə birgə siyasət yürüdürlər. Dünya birliyində eyni mövqedən çıxış edirlər. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində Türkiyənin siyasi dəstəyinin çox böyük rolu oldu. Azərbaycan silahlı qüvvələrinin yenidən qurulmasında Türkiyə hərbiçilərinin böyük xidmətləri var.

Bu gün işğaldan azad olunan torpaqların bərpa edilməsində, infrastrukturun yenidən qurulmasında, qəsəbələrin yenidən salınmasında Türkiyə şirkətlərinin xüsusi iştirakı olmuşdur. Türkiyənin qarşılaşdığı problemlərə Azərbaycan daima bir qardaş münasibəti göstərib. Dəfələrlə beynəlxalq tədbirlərdə Türkiyə ilə bağlı məsələlərdə Azərbaycan daima Türkiyənin qardaşı və müttəfiqi olduğunu göstərib. Bizim əlaqələrimizin, dostluğumuzun sonu yoxdur. Bu dostluğun mükəmməlliyini hansısa bir xətt məhdudlaşdırmır. Nə qədər ki, Azərbaycan Türkiyə dövlətləri var bu qardaşlıq davam edəcək. Hər zaman bu iki ölkə bir yerdə olacaq. Həmişə Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət" siyasəti öz fəaliyyətini davam etdirəcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə