“Prezidentin Özbəkistana səfəri tarixi və strateji əhəmiyyət daşıyır” - DEPUTAT ŞƏRH ETDİ

“Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşıyır. Dövlət başçılarının bəyanatları, imzalanmış sənədlərin əhatəsi bu səfərin tarixi əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Bununla da iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə keçmiş olur. Xarici siyasətdə əlaqələndirmə və beynəlxalq təşkilatlarda əməkdaşlıq müstəqil siyasət yürüdən hər iki dövlətin strateji tərəfdaşlığının vacib elementidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.


Onun sözlərinə görə, tərəflər hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi barədə də razılığa gəliblər ki, bu da Azərbaycanın hərbi sahədə əlaqələrinin daha da güclənməsi deməkdir: “Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan hərbi potensialını daha da gücləndirir və yeni nəsil müharibənin qalibi kimi bu sahədə ölkəmizlə əməkdaşlığa maraq artmaqdadır.

Özbəkistanla nəqliyyat-logistika sahəsində əməkdaşlıq da Azərbaycanın hazırda iştirak etdiyi mühüm beynəlxalq nəqliyyat layihələrinə əlavə imkanlar yaratmaqla yanaşı, tranzit imkanlarınnı genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflər həm də investisiyaların təşviqi ilə bağlı səmərəli addımlar atmaqda maraqlıdır. Sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”in əsas xarakterini təşkil edir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, rəsmi Daşkənd həm də ərazi bütövlüyü məsələsində hər zaman Azərbaycanı dəstəkləyib və sırf işğal siyasətinə görə Ermənistana daim soyuq münasibət sərgiləyib: “Nəzərə almaq lazımdır ki, hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir. Şavkat Mirziyoyevin Qələbə münasibətilə Azərbaycan xalqını təbrik etməsi, “bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edirəm” söyləməsi bu prinsipial dəstəyin növbəti təzahürüdür.

Özbəkistan həm də azad olunmuş ərazilərin bərpasında Azərbaycanın yanındadır. Belə ki, dost ölkə Füzulidə öz büdcəsi hesabına böyük məktəbin inşasına başlayıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun rəmzi hesab olunmalıdır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə