15 iyun müasir Azərbaycan tarixində müstəsna əhəmiyytə malik əlamətdar bir gündür ŞƏRH
İyirminci əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş gənc Azərbaycan Respublikası, tarixinin ən ağır, çətin dövrünü yaşayırdı. Qarabağda erməni qəsbkarları tərəfindən, havadarlarının dəstəyi ilə bir-birinin ardınca rayonlarımız işğal olunurdu. Bir il əvvəl siyasi hakimiyyətə yiyələnmiş səriştəsiz, dövlət-idarəetmə sistemindən anlayışı olmayan AXC-Müsavat cütlüyü isə xalqın etimadını tamamilə itirmişdi. Hakimiyyət komandasının daxilində baş verən intriqaların nəticəsində biri-digərini qəbul etməyən qüvvələr, çoxsaylı "liderlər" peyda olmuş, subardinasiya prinsipləri pozulmuşdu. Beynəlxalq münasibətlər sistemində imkanlarımızın düzgün qiymətləndirilməməsi, xarici siyasətdə ölkəmizin təklənməsinə, düşmənlərimizin artmasına gətirib çıxarmışdı. Hətta tarixən bizə yaxınlığı ilə seçilən ölkələrlə belə münasibətlərdə ciddi soyuqluq yaranmışdı.
Ölkənin cənubunda "talış-muğan respublikası" adlı separatçı qurum elan olunmuş, Şimal bölgəsində isə, “sadvalçılar” at oynadırdı. Erməni işğalı nəticəsində 100 minlərlə qaçqın, məcburi köçkün "ordusu" evsiz-eşiksiz acınacaqlı vəziyyətdə bütün bölgələrə səpələnmişdi. İyun ayının 4-də Gəncədə qardaş qanı tökülmüşdü. 35 nəfər Milli qvardiyanın günahsız əsgəri qətlə yetirilmişdi. Respublikanın bütün şəhər və rayonlarında kütləvi etirazlar, hakimiyyətə tabesizlik, xaos, anarxiya hökm sürürdü. Mərkəzi hakimiyyətin nəzarətsizliyi ucbatından hər bir yaşayış məntəqəsində silahlı kriminal qruplar ağalıq edirdi. Cəbhə bölgəsindən oğurlanaraq çıxarılmış silahların alveri adi hal almışdı. Müasir atıcı silahlarla təchiz olunmuş həmin bandit dəstələri insan oğurluqlarından tutmuş, ən ağır qətllərə qədər törədilirdi. Bir çox rayonlarda polis əməkdaşları uniformada küçəyə çıxmağa qorxurdu. Cəmiyyətdə ziyalı, ağsaqqal sözü eşidilmirdi. Ən pisi o idi ki, xalq nəinki gələcəyə, sabaha belə inamını itirmişdi.
Belə bir ağır şəraitdə xalq Naxçıvana üz tutdu və böyük dövlət və ictimai xadim Heydər Əliyevi təkidlə Bakıya dəvət etdi. Məhz 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyinin qurtuluş günü oldu. Hakimiyyət sükanının arxasına keçən Heydər Əliyevə ölkədə hökm sürən hərcmərclik, separatçılıq meylləri, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə bir birini əvəz edən uğursuzluqlar, iqtisadi tənəzzül və tamamilə boş dövlət xəzinəsi miras qalmışdı.Lakin Ulu Öndərin güclü siyasi iradəsi, təcrübəsi və uzaqgörənliyi xalqımızı və dövlətimizi məruz qaldığı çətin hərbi, siyasi və iqtisadi böhrandan çıxartdı.İyunun 15-də Heydər Əliyev Ali Sovetə sədr seçildi və tarixə xalqın xilaskarı kimi düşdü. Bununla da müasir, güclü Azərbaycan dövlətinin əsası qoyuldu.
İctimai-siyasi sabitliyə aparan yol təxminən iki il çəkdi. Separatçılığa, hərbi müxalifətə, sui-qəsdlərə, cinayətkarlığa son qoyuldu. Oturuşmuş dövlət idarəetmə sistemi formalaşdırıldı. Atəşkəsə nail olundu. Beynəlxalq təşkilatlarla, ilk növbədə böyük dövlətlərlə münasibətlər quruldu. Yeni konstitusiya qəbul olundu. Cəmiyyətin bütün sahələrində köklü islahatlara başlanıldı. Keçmiş Sovet respublikaları arasında ilk olaraq torpaq, əmlak pulsuz olaraq kənd əhalisinə paylanıldı. Əsrin neft kontraktları imzalandı. Dinindən, etnik mənsubiyyətindən, siyasi əqidəsindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrini özündə birləşdirən və Ulu Öndərin müəllifi olduğu “Azərbaycançılıq” məfkurəsi dövlət ideologiyasına çevrildi.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin cüzi hissəsini ümumiləşdirilmiş şəkildə xatırlatmaqda əsas məqsədim odur ki, əgər o, zamanında Yaradanın hökmü ilə hakimiyyətə gəlməsəydi, bu günkü Azərbaycan adında dövlət olmayacaqdı. O dövrün ictimai-siyasi proseslərini araşdıran bir insan kimi tam məsuliyyətimlə bəyan edirəm. Heydər Əliyevdən başqa bu problemlərin öhdəsindən gələ biləcək, dövləti xilas edəcək ikinci bir şəxs yox idi. 1988-cildən, 93-cü ilə qədər 5 siyasi hakimiyyət dəyişmişdi. Bir balaca sosial gərginlik yarandıqda, hakimiyyətə rəhbərlik edənlər başlarını götürüb ölkədən qaçmışdılar.
O zamandan 30 il ötüb. Azərbaycan Heydər Əliyevin siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə, hər tərəfli inkişaf etmiş, beynəlxalq nüfuza malik, regionun lider dövlətinə çevrilmişdir. Dünya erməniliyinə qalib gələrək Qarabağ torpaqlarını işğaldan azad etmişdir. Mübaliğəsiz demək olar ki, 90-cı illərin prizmasından baxdıqda, bu günün nailiyyətləri fantastik görünür. Ancaq televiziya kanallarında Ulu Öndərin çıxışlarını dinlədikdə, Azərbaycanın bu gününü necə dəqiqliklə ifadə etdiyinin şahidi oluruq. Bu, o deməkdir ki, Ümummilli Liderin ruhu şaddır. Onun ideyaları yaşayır və Azərbaycan xalqına xidmət edir. Bu gün xalqımız tarixinin ən şərəfli bir səhifəsini - 15 İyun Milli Qurtuluş bayramını qeyd edir. 30 il əvvəl parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan Öz Xilaskarı- Ulu Öndər Heydər Əliyevin sayəsində məhv olmaq fəlakətindən qurtuldu və Yeni Yola qədəm qoydu. Və hər şey bu müqəddəs Günlə, möhtəşəm Yolla başlandı.
Bu gün həqiqətən möhtəşəm tarixi gündür, Qurtuluş hərəkatı Azərbaycanın xilasının simvoludur, Zəfərinin parlaq rəmzidir.
30 il əvvəl ərazilərini itirmiş, Qarabağsız, Şuşasız qalmış zəif Azərbaycan bu gün öz ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını təmin etmiş güclü dövlətə çevrilib. Qurtuluş Zəfərimizin məntiqi sonu 44 günlük Vətən savaşında qazanılmış parlaq Qələbə oldu. Qurtuluş hərəkatı bizi Qarabağ Zəfərinə gətirib çıxardı.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Ata vəsiyyətini yetirərək işğalçı Ermənistanın tapdağında olan Qarabağımızı azad etdi. Onun Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi bu fikirlər yaddan çıxmır: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”.Ulu öndər Heydər Əliyev adını Azərbaycan tarixinə dövlətimizin, xalqımızın Xilaskarı, İlham Əliyev isə qalib olkənin qalib Sərkərdəsi kimi Qurtuluşumuzun, Qələbəmizin yeni səhifəsini yazdı. 10 noyabr Zəfərinin təməli, bünövrəsi 15 İyun Qurtuluş Günüdür. Bu gün Qarabağın hər qarış torpağında, Şuşada Qurtuluş bayramı qeyd edilir, Heydər Əliyevin vaxtilə qurub yaratdığı Qarabağ yenidən qurulur. Bu gün Ulu öndərin ruhu şaddır, Onun ən böyük arzusu olan Qarabağ özümüzdədir, Şuşada üçrəngli ay-ulduzlu Azərbaycan bayrağı dalğalanır.
Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru,
Yeni Azərbaycan Partiyasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB