Paytaxtımızda yenidən "Formula-1" həyəcanı TƏHLİL

Paytaxtımızda yenidən "Formula-1" həyəcanı TƏHLİL

Son illərdə Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına və onlarla belə irimiqyası beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan 2016-cı ildən başlayaraq "Formula-1" yarışlarına da uğurla ev sahibliyi edir. Təbii ki, bütün bu və ya digər idman yarışlarının ölkəmizdə təşkili Azərbaycanın idman siyasətinin uğuru, beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin, idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin göstəricisidir. Belə yarışların keçirilməsi, onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub.

Paytaxt Bakıda yenidən Formula 1 Azərbaycan Qran-Prisinə start verir. İyunun 10-12-də keçiriləcək mötəbər yarış bu dəfə də öz azarkeşlərinə böyük sevinc hissini yaşadacaqdır. Hər il olduğu kimi, bu il də yarışların yüksək səviyyədə təşkili üçün lazımı işlər görülüb. Bu o deməkdir ki, Azərbaycan beynəlxalq tədbirlərin təşkilində yüksək təşkilatçılıq bacarığına malikdir. Məlumdur ki, keçən il pandemiya səbəbindən yarışlar tamaşaçılarsız keçirildi. Bu il yenidən Formula 1 Azərbaycan Qran-Prisini canlı izləmək imkanı yaranıb. Bakı şəhər halqasında tamaşaçılar üçün 9 tribuna var. Ən böyük tribuna "Abşeron" tribunasıdır ki, onun 5 min 500 tamaşaçı tutumu var. Ümumilikdə Formula 1 Azərbaycan Qran-Prisini canlı izləmək üçün tribunalarda 16 min 700 oturacaq quraşdırılıb.

FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİNƏ 1500 YERLİ KÖNÜLLÜ DƏSTƏKDİR

Bildiyimiz kimi, Formula 1 yarışları yarım milyarda yaxın tamaşaçı auditoriyasına görə dünyada futboldan sonra ikinci yeri tutur. Bu sayda tamaşaçı auditoriyasına malik yarış Azərbaycanın dünyada daha da tanıdılmasında müstəsna rola malikdir. Bu il yarışa Formula 1 Azərbaycan Qran-Prisinin ayrılmaz hissəsi olan 1500 yerli könüllü cəlb olunub. Yerli könüllülərlə yanaşı, həmçinin 100-ə yaxın xarici könüllü yarışın təşkilinə öz dəstəyini göstərəcək. Belə ki, xarici könüllülər ABŞ, İrlandiya, İsveçrə, İndoneziya, Pakistan, Çin, Tanzaniya, Qana, Qazaxıstan kimi ölkələrdən yarışa qatılaraq yerli könüllülərlə birgə çalışacaqlar. Yeri gəlmişkən bildirək ki, Formula 1 Azərbaycan Qran-Prisi üçün 8 minə yaxın könüllü qeydiyyatdan keçib, onlardan 1500-ü müsahibə əsasında seçilərək yarışa cəlb olunub.

MÜASİR İNFRASTRUKTUR VƏ TƏHLÜKƏSİZ İDMAN ÖLKƏSİ

Ölkəmizdə mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Bu nəhəng idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan, əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin, mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcuddur. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür. Bu və ya digər idman qurğularının paytaxtımızda mövcudluğu yarışların möhtəşəm keçirilməsinə əsas verir. İdman qurğuları ilə yanaşı, ölkəmizin idman sahəsində qazandıqları nəticələr də, çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Sidney görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırdı. Afinadan Azərbaycana 5 medalla qayıdan idmançılarımız Pekin yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər. Azərbaycana uğur gətirməklə, idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadası daha uğurlu oldu. Belə ki, qaliblər üçün nəzərdə tutulan medallardan 2 qızıl, 2 gümüş, 4 bürünc qazanmaqla, ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz əlavə aktivlər qazandılar. Bu kimi tarixi nailiyyətlər gənclərimizin idmana maraq və həvəsini daha da artırdı. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları, bir daha təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Belə ki, bu yarışda idmançılarımız 16 medal qazandı ki, onlardan 7-si qızıl medaldır. Bu da Azərbaycan güləşi tarixində rekord nəticədir.

DÜNYANIN İDMAN NƏBZİ YENİDƏN ŞƏRQ İLƏ QƏRBİN KOLORİTİNİN CƏMLƏŞDİYİ ŞƏHƏRDƏ DÖYÜNÜR

Beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycan növbəti dəfə öz təcrübəsindən yararlanaraq, Formula 1 yarışlarını da uğurla başa vuracaq. Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları yarışacaqlar. YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görmüş olacaqlar. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılıb. Plotlar əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yenidən yarışacaqlar. Məlumdur ki, dünya ölkələrində keçirilən Formula 1 yarışları çərçivəsində Bakıda keçiriləni ən yaxşı yarış hesab edilir. Bir daha dünya görəcək ki, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan qitə və dünya miqyaslı tədbirlərə uğurla ev sahibliyi edir. Yenidən dünyanın idman nəbzinin Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi şəhərdə döyünür.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə