Azərbaycan regionda enerji təhlükəsizliyinin irəliləməsində güclü tərəfdaşdır ŞƏRH

Azərbaycan regionda enerji təhlükəsizliyinin irəliləməsində güclü tərəfdaşdır ŞƏRH

Bu gün Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə, son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Bu baxımdan, regionun əsas neft ölkələrindən biri kimi Azərbaycana diqqətin artması təbii idi. Məhz Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirməsi anlaşılandır. Çünki Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna görə də “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır” qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir və Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Bir sözlə, təməli ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Və bu gün ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.

İyun ayının 1-də paytaxtımız Bakı şəhərində tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi dövlətlərarası iqtisadi əməkdaşlıq və münasibətlərin daha geniş yananmasına öz təsirini göstərəcək. Çünki dünyanın enerji xəritəsini dəyişən Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Xəzər Neft-Qaz sərgiləri və keçirilən konfranslar həmişə uğurla nəticələnib və xalqlararası əməkdaşlığın genişlənməsinə stimul yaradıb.

Prezident İlham Əliyev belə tədbirlərin böyük maraqla qarşılandığını vurğulayaraq qeyd edib ki, «Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub, həm dövlət, həm sərmayədarlar öz mənfəətini götürür və beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır. Bu format bu gün digər sahələrdə də özünü büruzə verir».

Bu gün Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar məhz ulu öndər Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması "Əsrin kontraktı"nın imzalanması ilə təsdiqləndi. Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı-Tbilisi-Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Bu gün Azərbaycan Avropanın enerji təminatı üçün etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktubunda bildirib ki, Azərbaycan bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan ölkəmizin mövqeyi daha da güclənir: «Dünya neft və enerji sənayesinin inkişafında xüsusi mövqeyi ilə seçilən Azərbaycan həmçinin müxtəlif ölkələrdə genişmiqyaslı investisiya layihələri həyata keçirməkdədir. Bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan ölkəmizin mövqeyi daha da güclənir". Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir və xarici sərmayədarlar üçün də əlverişli şərait yaradır.

Həmçinin, regionda enerji təhlükəsizliyi, diversifikasiyası və “yaşıl enerji”yə keçidin sürətləndirilməsi üçün əməkdaşlığı daha da genişləndirməyə çağıran dövlətimizin başçısı vurğulayıb ki, perspektivdə enerji təhlükəsizliyi sahəsində çağırışları uğurla qarşılamaq məqsədilə bu sahədə yeni texnologiyaların və rəqəmsal həllərin tətbiqi üstünlük təşkil etməlidir: «Azərbaycan, uzun müddətdir, belə qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edir. İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və forumunuz aktual mövzulu dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir».

Dövlət başçısı İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin alternativ enerji resursları baxımından böyük potensialın olduğunu deyərək onu da qeyd edib ki, hazırda alternativ enerji ilə bağlı bir çox enerji şirkəti ilə aktiv danışıqlar aparılır: «Biz alternativ enerji ilə bağlı bir çox enerji şirkətləri ilə danışıqların aktiv mərhələsindəyik. Xəzərin nəhəng imkanları var. Artıq qiymətləndirilib və məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı və imkanları 150 000 meqavatdır. Bu, böyük həcmdir. Eyni zamanda, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq azad etdiyimiz ərazilərdə böyük potensial var. Xüsusilə də Kəlbəcər və Laçında, eləcə də digər ərazilərdə. Biz sadəcə külək və günəş potensialını təxminən 9-10 min meqavat olaraq proqnozlaşdırırıq. Böyük potensialı olan suyu da bura daxil etsək, təxminən 1000 meqavat əlavə həcm olar. Bütün bunlar hökumətimiz tərəfindən hazırda ciddi şəkildə həll edilir".Göründüyü kimi, bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələrdəndir və bundan sonra da uğurları daha çox olacaq.Dövlət başçımızın dediyi kimi: «İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və forumunuz aktual mövzulu dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir».

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə