Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrində yeni mərhələ ŞƏRH

Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrində yeni mərhələ ŞƏRH

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, "Bir millət, iki dövlət" olaraq xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Xüsusilə, qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətlərarası münasibətlər prosesində atdığı qətiyyətli addımlar möhkəm təməllərə əsaslanan tarixi qardaşlıq əlaqələrinin daha da inkişaf edərək möhkəmləndirilməsinə uğurla xidmət göstərir.

Əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı sözsüz ki, 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasına verdiyi hərtərəfli dəstəkə bağlıdır. Bunun ardınca isə 2021-ci ilin 15 iyunda Milli Qurtuluş Gününə təsadüf edən tarixi "Şuşa Bəyannaməsi"nin imzalanması iki qardaş ölkəni bir-birinə daha sıx bağlamış və buna bütün dünya şahidlik etmişdir.

Əlaqələrin daha sıx şəkildə inkişafını sübut edən bariz nümunə göstərməli olsaq cari ilin 26-29 may tarixlərində keçirilən "TEKNOFEST Azərbaycan" festivalını xüsusi qeyd etməliyik. Bu festival ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. Bu, eyni zamanda, Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır. Cənab Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamla təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. "TEKNOFEST" festivalının Azərbaycanda keçirilməsi innovasiya üfüqlərini daha da genişləndirir. Gənclərə özlərini sınamaq, xəyallarını gerçəkləşdirmək üçün yeni platforma, meydan təqdim edir. Bundan əlavə "TEKNOFEST Azərbaycan" festivalına qatılan gənclərin ən böyük qazancı əldə etdikləri təcrübələrdir. Festival gənclərin texnologiya və innovasiya sahəsində potensialının üzə çıxarılması üçün unikal platformadır. Festivala aviaşouların göstərilməsi Azərbaycan-Türkiyə qardaşlığının ümumi mənafelərə xidmət edən simgəsinə çevirildi. Festivalın əhəmiyyətini yüksək şəkildə qiymətləndirən Cənab Prezident İlham Əliyev festivalda çıxış edərək bildirib: "Bu gün "TEKNOFEST" bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. "TEKNOFEST" elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, "TEKNOFEST"də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar".

Göründüyü kimi, iki qardaş ölkə arasında tarixi köklərə mailk olan əlaqələr müasir dövrümüzdə yüksələn xətlə inkişaf edir. Bu da öz növbəsində regionda sülhün və təhlükəsizliyin davamlı və dayanıqlı şəkildə təmin olunmasında və ümumi rifahın çiçəklənməsində başlıca funksiyanı yerinə yetirir.

Aytəkin Əhmədova

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə