Moskva-Brüssel vasitəçiliyi: Azərbaycanın bütün hallarda qalibdir! ANALITIK+AKTUAL

İrəvanın destruktivliyi fonunda Bakının gücü, təsir imkanları daha da artır və eyni zamanda, ikitərəfli yaxud üçtərəfli formatlarda nəticə əldə olunmazsa, mövcud məsələnin birtərəfli qaydada həlli mümkünlüyü daha da çoxalır

Məlum olduğu kimi, sonuncu Brüssel görüşündən sonra Rusiya XİN-nin başçısı Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və erməni həmkarı Ararat Mirzoyanla telefonla danışdı, görüşdə əldə edilmiş qərarların versiyalarını müzakirə etdi.

Sonrakı prosesdə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinə telefon zəngi etdi. Bu xüsusda isə ilk bəlli olanlar bunlardır:

- nəqliyyat məsələləri komissiyalararası işçi qrupu səviyyəsində Rusiyanın iştirakı ilə qəbul ediləcək. Burada isə dəhlizin istifadəsinin hansı rejimdə işə salınması məsələsi dayanır.

1. Brüssel variantı – kommunikasiyaların üzərində ölkələrin suverenlikləri.

2. Moskva variantı – maneəsiz keçid.

Proqnoz etmək olar ki, məhz bu məqam daha çox müzakirə olunub. Belə ki, Rusiya üçün prosesdə hansı səviyyədə olması maraqlıdır. Və söz yox ki, Azərbaycan sözügedən kontekstdə Rusiya ilə Laçın dəhlizi məsələsini müzakirə edir və edəcək də.

- sərhəd üzrə: Rusiya burada məsləhətçi olaraq çıxış edir və ikitərəfli komissiyanın geniş tərkibli ilk görüşündə də yer alıb. Burada sərhəd anlayışı, həmçinin tərəflərin proses gözləntiləri əsas rol oynayır. Bu məqamda isə Azərbaycannın mövqeyi Prezident İlham Əliyev tərəfindən açıq şəkildə bəyan olunub – sərhədlərin müəyyənləşməsi yalnız qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanımaqla həyata keçirilməlidir!

- sülh razılaşması: bu məsələ bir sıra məqamlarda dumanlı qalsa da perspektivdə nə isə görünə bilər. Daha dəqiq desək, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sülh razılaşması ətrafında “yaxın həftələrdə” ifadəsini işlədib bu isə konkret vaxtı ehtiva etmir. Həmin məsələ isə ermənilər üçün son şansdır.

Yəni “status” və ATƏT-in Minsk qrupu üzrə nala—mıxa döyəcləmələri belə deməyə zəmin yaradır. Azərbaycanın isə çox gözləmək marağı və səbri isə ümumiyyətlə yoxdur. Əslində, Brüssel və Moskva da bunu yaxşı dərk edir.

Eyni zamanda, bu mərhələdə Azərbaycan üçün əsas məsələlərdən biri də Moskva və Brüssel formatlarını koordinatlaşdırmaqdan ibarətdir. Yəni əsas iş başlayan prosesin dayandırılmamasıdır. Həmçinin, Bakının maksimal konstruktivlik yanaşmaları da göstərir ki, proses heç də Moskva və Brüssel kimi vasitəçilərə qarşı yönəlməyib, əksinə, Ermənistanın qeyri-konstruktivliyi və verdiyi vədlərini yerinə yetirməməsi prosesin uzanmasına zəmin yaradır. Təbii ki, burada Brüssel ilə Moskva arasındakı rəqabəti də istisna etmək olmaz. Görünür, erməni rəhbərliyi məhz bu rəqabətin kəskinləşməsinə ümid bəsləyərək hələ də xam xəyallarına qapılmaqda davam etməkdədir.

44 günlük müharibədə Bakı Moskvaya sübut edə bildi ki, müharibə qərbin layihəsi deyil. Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra isə həmin münaqişənin regionumuza daxil olmasına qətiyyən imkan vermək olmaz. Bəs bunun nəticəsində nə əldə edə bilərik?

Ermənistan rəhbərliyi ağzı köpüklənə-köpüklənə ölü quruma çevrilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatları üzərində interpretasiya qismində istifadə edə və bunu “beynəlxalq ictimaiyyətin mövqeyi” kimi sırımaq cəhdlərini davam etdirə bilər. Lakin işə gələndə biz görürük ki, Aİ-nin prosesə cəlb edilməsi nəticə etibarı ilə Azərbaycana ayrılan maliyyə yardımının həcmini 150 milyon avrodan 2 milyard avroya qədər artırdı və ən əsası, ermənilərin “artsax xalqı” adlı sərsəmləmələri Şarl Mişelin “Qarabağın erməni əhalisi” ifadəsi ilə faş eidldi.

Bununla paralel olaraq Laçında alternativ yol infrastrukturu tikintisi sürətlə aparılır, Ermənistanla şərti sərhədlər möhkəmləndirilir, o cümlədən, Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdikləri ərazilərə nəzarət gücləndirilir.

Bütün bu proseslər çərçivəsində Rusiyaya qarşı tətbiq edilən snaksiyaların uzanması müddəti reallığa çevrilir və belə bir şəraitdə regionda Türkiyənin, Gürcüstanın da rolları artır. Daha dəqiq desək, Ermənistanın destruktivliyi fonunda Bakının gücü, təsir imkanları daha da artır və eyni zamanda, ikitərəfli yaxud üçtərəfli formatlarda nəticə əldə olunmazsa, mövcud məsələnin birtərəfli qaydada həlli mümkünlüyü daha da çoxalır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə