“Erməni müxalifəti Paşinyanı devirib Azərbaycanla sülh danışıqlarını pozmaq istəyir” AÇIQLAMA
“Ermənistan tərəfinin Azərbaycanla danışıqlarda sərgilədiyi ikili mövqe bir tərəfdən bu ölkənin daxili ictimai siyasi durumu, digər tərəfdən Paşinyan iqtidarına olan geosiyasi təzyiqlərlə bağlıdır. Erməni müxalifətinin təşəbbüsü və çağırışı ilə keçirilən etiraz aksiyalarına qoşulanların sayı durmadan artır”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, erməni müxalifəti Paşinyanı Azərbaycanla danışıqlarda erməni xalqının, xüsusən Qarabağ ermənilərinin maraqlarına xəyanətdə günahlandırır: “Müharibədəki məğlubiyyətin də səbəblərini Paşinyanın ayağına yazmaqla müxalifət bilərəkdən cəmiyyətdə sosial və siyasi gərginliyin yüksəlməsinə, Paşinyana ünvanlanmış ittihamlarla onun istefaya getməsinə nail olmaq istəyir. Ermənistanda müxalifətin təşkil etdiyi aksiyalara münasibətdə Paşinyanın tərəddüd etməsi, aksiyalara qarşı yumşaq güc mövqeyində durması hazırda baş nazirin xeyrinə işləmir. Paşinyanla müqayisədə Azərbaycanla münasibətlərin perspektiv planlarına malik olmayan müxalifət ancaq bir məqsəd güdür, Paşinyanı devirib Azərbaycanla sülh danışıqları ətrafında mövqelərdən geri çəkilmək. İstisna deyil ki, müxalifət həm də onun hərəkətlərini koordinasiya edən məlum geosiyasi qütbün sifarişlərini yerinə yetirir. Müxalifət gözəl anlayır ki, Paşinyanı indi devirə bilməsə onun hakimiyyətə gəlmə ehtimali əhəmiyyətli dərəcədə zəifləyəcək. Zira Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi məsələsi həll olunduqdan, bölgədə nəqliyyat kommunikasiya dəhlizləri ilə bağlı Moskva və Brüssel görüşlərində müzakirə edilən məsələlər ətrafında razılıqlar əldə edildikdən sonra perspektivdə sülh müqaviləsinin imzalanması problem olmayacaq, bu isə Ermənistanın iqtisadi blokadadan çıxması, bölgə ilə bağlı geoiqtisadi layihələrə qoşulma imkanlarının artması və s. olacaq ki, bu uğurları erməni cəmiyyəti Paşinyan və onun komandasının fəaliyyəti ilə bağlayacaq. Odur ki, Paşinyana yönəl təzyiqlər yüksələn xətlə artmaqdadır. Beləliklə, Paşinyan ilk baxışda özü üçün daha əlverişli şərtlər və münasib şərait kontekstində danışıqlara getmək məqsədilə vaxt əldə etmək istəyir. Hazırda Ermənistanda iradəsiz iqtidar və kifayət qədər sosial dəstəyə malik olmayan müxalifətin qarşıdurmasında isə hansı tərəfin qalib gəlməsi tərəflərin edə biləcəkləri taktiki gedişlərdən asılı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB