"Bu şərəfli tarixi bizə yaşadan hər kəsi böyük hörmət və ehtiramla yad edirik" - POLİTOLOQ AÇIQLADI

“Bildiyimiz kimi bu ildən 28 May tarixi ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunur. 18 oktyabr tarixində isə Müstəqilliyin bərpa olunması günü qeyd olunacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.


Onun sözlərinə görə, 28 may həm Müstəqillik günü, həm də ümumxalq bayramıdır və bu günün tarixi əhəmiyyətini mütləq şəkildə biz yada salmalıyıq: “Çünki 1918-ci ildə Şərqdə ilk demokratik respublika quran qurucu babalarımız çox çətin keşməkeşli bir yoldan keçiblər. Azərbaycan parlamentinin təsis olunması, Bakı Dövlət Universitetinin yaranması, milli ordu quruculuğu və siyasi-hüquqi münasibətlər sistemi ilə yanaşı həm də demokratik dəyərlərin bərqərar olunması istiqamətində mühüm qərarlar qəbul olunmuşdur. Eyni zamanda biz qeyd etməliyik ki, müstəqilliyimizin de-yure tanınması istiqamətində böyük bir nümayəndə heyəti İstanbula daha sonra isə Parisə ezam olunub. Xüsusi ilə vurğulanmalıdır ki, ordu quruculuğu sayəsində atılan addımlar və Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi cümhuriyyət tariximizin ən şərəfli səhifələridir. Eyni zamanda 1991-ci ildə SSR-nin dağılması ilə Azərbaycan xalqı öz müqəddəratını təyin elədi və ikinci dəfə biz öz müstəqilliyimizə qovuşduq. Daha sonra Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə əsrin kontraktının imzalanması siyasi-iqtisadi hüquqi münasibətlər sisteminin formalaşması ölkəmizi dünya arenasında da ön plana çıxarırdı. Əlverişli geostrateji bir bölgədə yerləşən Azərbaycan regional və qlobal miqyasda əldə etdiyi uğurlarla müasir beynəlxalq münasibətlər sistemində öz yerini bir qədər də gücləndirirdi.

Sonraki proseslər də Ermənistanın Azərbaycanın işğalına son qoyması və Qarabağ probleminin həll olunması istiqamətində atılan mühüm addımlar siyasi hərbi sferada mühüm gedişlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün ərzində davam edən Vətən müharibəsində əldə olunan mühüm uğurlar Azərbaycan tarixinin ən parlaq səhifələridir və bugün bir müzəffər xalq qalib dövlət kimi dünya siyasi sistemində öz yerimizi tutmuşuq və post-münaqişə reallıqları kontekstində də mühüm addımlar atılır. Bölgənin iqtisadi nəqliyyat logistika mərkəzinə çevrilməsi ilə bağlı böyük işlər icra olunur. Azərbaycan nəinki enerji kommunikasiya sahəsində həm də yükdaşımalar seqmentində də bölgənin və dünyanın aparıcı dövlətinə çevriləcək. Bu şərəfli tarixi bizə yaşadan hər kəsi böyük hörmət və ehtiramla yad edirik”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə