"Saxta siyasi gündəm yaratmağa cəhd göstərmək qeyri-ciddilikdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bilirsiniz ki, qanunvericilik canlı orqanizm kimidir və cəmiyyətdə münasibətlər inkişaf etdikcə hüquqi tənzimləmə də dəyişikliyə məhkumdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.


Onun sözlərinə görə, əks halda, ölü normalar yaranar və tənzimlənməyən münasibətlər toplusu meydana çıxar ki, bu da suverenlik üçün təhdiddir: “Çünki, dövlət hakimiyyətinin vahidliyi ilə yanaşı hakimiyyət orqanlarının hüquqi aktlarının fiziki və hüquqi şəxslər üçün məcburi qüvvəsi də suverenliyin şərtidir. Ölü normalarla isə təbii ki, bu şərti təmin etmək mümkün deyil. Bu mənada bütövlükdə normativ aktlar sistemi mütəmadi olaraq dəyişməkdə, yeni münasibətlərin təsiri ilə transformasiya keçirməkdədir. O cümlədən də, Konstitusiyamız.

Bilirsiniz ki, hazırki Konstitusiyamız 1995-ci il noyabrın 27-dən qüvvəyə mindikdən sonra 3 dəfə 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsvermələrdə qəbul edilmiş əlavə və dəyişikliklərə məruz qalmışdır. Gördüyünüz kimi zərurətlər qiymətləndirilərək daha öncə ana qanunumuzun mətninə üç referendumda 2 dəfə əlavə, 3 dəfə isə dəyişiklik edilib. Təbii ki, ciddi ehtiyac olarsa bu tendensiya bundan sonra da davam edəcək. Lakin, konstitusiyaya əlavə və dəyişillik siyasi şou mövzusu deyil və ola da bilməz. Azərbaycan dövlətçilik ənənəsi, köklü hüquq sistemi olan dövlətdir, bu dövlət şaiyələrlə, sosial media söyləntiləri ilə idarə olunmur, islahatlar, o cümlədən, siyasi-hüquqi islahatlar ehtimallara yox, təhlillərə əsaslanır və bundan sonra addımlar atılır. Bu mənada əgər təhlillərin yekunu mövcud Konstitusiyada çatışmazlıq yaxud boşluq meydana çıxdığını göstərərsə, o zaman əvvəlki kimi bütün prosedurlara riayət olunaraq Konstitusiyada müvafiq əlavə və dəyişikliklər xalqın iradəsinə təqdim edilə bilər və belə zərurət yaranarsa hər kəsin bundan xəbəri olacaq. İndidən ehtimallarla danışmaq, saxta siyasi gündəm yaratmağa cəhd göstərmək qeyri-ciddilikdir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə