Afrika gününə həsr olunmuş konfrans keçirilib - YENİLƏNİB-FOTOLAR

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, Afrika gününə həsr olunmuş konfransın əsas məqsədi Qoşulmama Hərəkatı (QH) tarixində Afrika irsinin rolu və Hərəkatın hazırki beynəlxalq münasibətlər konyukturasında Afrika qitəsindən olan ölkələrin maraqlarını daha yaxşı təbliğ etməsinə dair müzakirələrin aparılması olub.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev və Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşın açılış nitqi ilə çıxış etdiyi konfransda Azərbaycanda akkreditə olunmuş diplomatik korpus, akademik dairələr, tədqiqatçılar, Afrika Birliyi ölkələri, həmçinin QH-yə üzv ölkələrdən olan tələbələr və çoxsaylı media nümayəndələri iştirak edib. Konfransda açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov, Azərbaycanın Afrika ölkələri ilə artan xətt üzrə inkişaf edən əməkdaşlıq əlaqələrinin yeni müstəviləri əhatə etdiyini bildirib. Azərbaycanın QH-yə sədrliyi çərçivəsində Azərbaycan və Afrika qitəsi ölkələri arasında mövcud münasibətlərin yeni mərhələyə qədəm qoymasını məmnunluqla qeyd edən nazir Ceyhun Bayramov, Hərəkatın hazırki sədri qismində Azərbaycanın Afrika qitəsini fəaliyyət dövründə diqqət mərkəzində saxlanılması üçün prioritet regionlardan biri kimi müəyyən etdiyini diqqətə çatdırıb. Afrikanın böyük potensiala malik olan bir qitə kimi əhəmiyyətinə diqqət çəkən nazir Ceyhun Bayramov, bu konfransın qlobal sülhün və inkişafın təmin edilməsində Afrika qitəsinin tarixi, bu günü və gələcək rolu haqqında məhsuldar müzakirələr aparmaq üçün yaxşı fürsət olduğunu bildirib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə