YAP Nəsimi rayon təşkilatında 28 May-Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə YAP İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon ərazi partiya təşkilatlarının sədr və müavinləri iştirak ediblər. Tədbir öncə Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş video-çarx nümayiş etdirilib. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayaraq bildirib ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Müstəqil Azərbaycan dövlətinin öz sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan etmişdir.

Sonra çıxış edən millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Yaradılmasından 23 ay keçəndən sonra - 1920-ci il aprelin 28-də rus-bolşevik ordusu tərəfindən müstəqil Azərbaycan dövlətinin fəaliyyətinə son qoyulmuşdur. Yalnız 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan etmiş və dövlət müstəqilliyimiz yenidən bərpa olunmuşdur.

Çıxış edən Nəsimi rayon ərazi partiya təşkilatının sədri, tarix elmləri doktoru Qorxmaz Mustafayev vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, nəhəng işlər görmüş, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Sonda çıxış edən Nəsimi rayon ərazi partiya təşkilatının sədri Yavər Məmmədova verilib. Y. Məmmədov bildirib ki, bu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 ili tamam olur. 4 il öncə Azərbaycan Respublikası prezidenti İlham Əliyev Cənablarının müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə "Cümhuriyyət ili" elan edilmiş və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunmuşdu. Bu il ilk dəfə olaraq 28 may tarixi Müstəqillik Günü kimi qeyd ediləcək.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə