Azərbaycan-Türkiyə: qalibiyyətə hesablanmış geostrategiya və vahid liderlik faktoru
İki qardaş ölkənin sarsılmaz, möhkəm bağlılıqları bütün sahələri əhatə etməsi ilə yanaşı, qlobal dünyaya yeni çağırışlar sərgiləməkdədir
Qardaş Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Türkiyə ilə Azərbaycan arasında olan müttəfiqlik münasibətlərini şərh edərkən maraqlı bir tarixçəni xatırladıb. “Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan bildirir ki, “Qarabağ sizin haqq işinizdir”, deyə xatırladan Binəli Yıldırım bir mühüm amili diqqətə çatdırmaq istəyib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir və tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir birinə yaxın olmayıblar. Eyni zamanda, vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilməmişdi. Amma indi Türkiyə tam şəkildə və birmənalı olaraq Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı əsaslı qaydada realizə olunmaqdadır. Və bu gün tarixi, mədəniyyət və digər önəmli əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın həyata keçirdikləri siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir!

Həmçinin, bütün dünyaya örnək ola biləcək bu münasibətlər digər faktoru da önə sürür – artıq bu gün nə Türkiyə, nə də Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri, müstəqil qərar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdirlər.

Ən əsası isə, Prezident Ərdoğanın qətiyyəti və Qarabağ müharibəsində Azərbaycana dəstəyi ölkələrimizin şanlı tarixlərinə yazılan zəfər simvollarından biridir. Təkcə müttəfiqliyimizi əks etdirən Şuşa bəyannaməsi özündə bütün reallıqları əks etdirməkdədir. Belə ki, Azərbaycan-Türkiyə qardaşlığı əsasında formalaşan daha bir gerçəklik budur ki, məhz 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra regionda yaranan yeni geosiyasi mühit lider ölkə keyfiyyətlərini daha çox önə sürdü. Artıq əminliklə deyə bilərik ki, regionun lider ölkəsi qardaş Türkiyədir və Türkiyənin liderliyi eyni zamanda, Azərbaycanın artan liderlik imkanlarını tamamlayır. Daha dəqiq desək, dəyişən reallıqlar fonunda Azərbaycan-Türkiyə birliyinin, müttəfiqliyinin geostrategiyası üzərində qurulan vahid siyasət vektoru özündə liderlik faktorlarını da ehtiva etməkdədir.
Azərbaycan Türkiyəsiz, Türkiyə də Azərbaycansız qərarlar qəbul etmir, qarşılıqlı və davamlı müzakirələr fonunda əhəmiyyətli qərarlar verilir, nəticələr hasil olunur
Vətən müharibəsindən əvvəl və sonra regionda cərəyan edən hadisələrin müqayisəsini də aparsaq belə qənaətə gələ bilərik ki, əslində qazanılmış bu uğur düşünülmüş və məqsədyönlü vahid strategiyanın məntiqi nəticəsidir. Regional məsələlərin hər birində Azərbaycan Türkiyəsiz, Türkiyə də Azərbaycansız qərarlar qəbul etmir, qarşılıqlı və davamlı müzakirələr fonunda əhəmiyyətli qərarlar verilir, nəticələr hasil olunur.

Məlum olduğu kimi, mayın 22-də keçirilmiş növbəti Brüssel görüşündən sonra Prezident İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib. Rəsmi məlumatlardan da əldə etdiyimiz informasiyaya görə, dövlətimizin başçısı görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə və s. danışıqlar predmetlərinə toxunub və eyni zamanda, üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.

O cümlədən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib. Hər iki qardaş ölkənin liderləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar. Həmçinin, dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Əbəs deyil ki, festivalın şüarı da cəlbedici və qürurdoğurucudur – Bir millət, iki dövlət, tək festival!
İstər hərbi-müdafiə və hərbi sənaye, istərsə də digər faktorlarda daim Azərbaycanın yanında olduğunu praktiki şəkildə sübuta yetirməkdədir. Biz buraya iki ölkənin Müdafiə Nazirlikləri tərəfindən keçirilən və ənənə şəklini alan planlı hərbi təlimlərini, habelə birgə iqtisadi layihələri icra etməsini də göstərə bilərik.

Yeri gəlmişkən, artıq iki ölkənin qardaşlıq bağlarını əlaqələndirən daha bir önəmli hadisə reallaşdırılacaqdır. Bakıda dünyanın ən böyük texnologiyalar nümayişi – Texnofest (Teknofest) festivalı keçiriləcək. Əbəs deyil ki, festivalın şüarı da cəlbedici və qürurdoğurucudur – Bir millət, iki dövlət, tək festival!

Mühüm amillərdən biri də budur ki, Azərbaycan 44 günlük müharibə dövründə dünyaya beşinci nəsil yeni, müasir müharibə və qələbə reallığını göstərdi. Təkcə zərbə dronlarının istifadəsi və düşmənə sarsıdıcı zərbələrin endirilməsi də sübut edir ki, Azərbaycan qardaş Türkiyənin mənəvi dəstəyi ilə özünü tənha hiss etmədi.

Bu arada onu da xatırladaq ki, Mayın 28-də isə həm bu kimi mühüm festivalın keçirilməsi, həm də Müstəqillik Günü ilə bağlı qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Əroğanın Bakıya rəsmi səfəri planlaşdırılır. Bu səfər əsnasında isə növbəti müzakirələr aparılacaq, qərarlar qəbul ediləcək.

26-29 may tarixlərində keçiriləcək festivalda həm qardaş ölkənin, həm də ölkəmizin qabaqcıl hərbi və s. kibertexnologiyaları təqdim ediləcək. Əlbəttə ki, bütün bunlar yaxın gələcəkdə regional liderlik amilini daha yüksək sferaya qaldıracaq və regional nüfuzun möhkəmləndirilməsinə öz münbit təsirlərini göstərəcək.

Beləliklə, iki qardaş ölkənin sarsılmaz, möhkəm bağlılıqları bütün sahələri əhatə etməsi ilə yanaşı, qlobal dünyaya yeni çağırışlar sərgiləməkdədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB