Azərbaycanın növbəti diplomatik uğuru - üçüncü Brüssel görüşü... ŞƏRH

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə növbəti 5 saatdan artıq davam edən görüş danışıqların detallı şəkildə aparıldığının göstəricisidir. Bu, Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında keçirilən yeddinci görüş idi.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə Brüsseldə keçirilən bu görüşdə də proseslərin Azərbaycanın maraqları çərçivəsində cərəyan etməsi baxımından növbəti uğurlu mərhələ oldu. Görüşdə postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr Bəyanatının müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib.

Bu faktı xüsusi olaraq vurğulamaq lazımdır ki, görüşdə «Dağlıq Qarabağ» ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib. Status məsələsi ümumiyyətlə olmayıb, yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan tərəfi həmişə özü bəyan edib. Bu, o deməkdir ki, 44 günlük Vətən müharibəsində “cəhənnəmə” göndərdiyimiz status məsələsi bir daha gündəmə gəlməyəcək və heç vaxt müzakirə predmeti olmayacaq.

Müzakirə olunan digər bir məsələ işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və itkin düşmüş şəxslərin taleyi ilə bağlı idi. İkinci Qarabağ müharibəsinin bitməsindən keçən dövr ərzində 200-dən çox vətəndaşımız ermənilərin ərazimizdə yerləşdirdiyi minaların partlaması nəticəsində həlak olub və ya ciddi xəsarətlər alıb. Beynəlxalq hüququn normalarına əsasən, məğlub dövlət qalib tərəfə minalanmış ərazilərin xəritələrini təqdim etməlidir ki, postmüharibə dövründə dinc sakinlər xəsarət almasın. Lakin Ermənistanın məsuliyyətsizliyinə görə bu dövrdə dinc insanlar da minaya düşərək xəsarət almaqda davam edir. Ermənistan həm də beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min vətəndaşımızın taleyi haqqında bu gün də heç bir məlumat vermir. Bu məsələləri Prezident İlham Əliyev görüş iştirakçılarının diqqətinə bir daha çatdırıb.

Görüşdə müzakirə edilən ən vacib məsələlərdən biri sülh sazişinin imzalanması üçün delimitasiya və demarkasiyası işlərinin aparılmasında irəliləyişə nail olunmasıdır. Belə ki, yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Bu komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Həmçinin, Zəngəzur dəhlizinin reallaşdırılması barədə Azərbaycanın əsas tələbləri ilə bağlı razılıq əldə olunub.Ümumilikdə, görüşü Azərbaycan diplomatiyasının növbəti bir qələbəsi olaraq dəyərləndirmək mümkündür. Prezident İlham Əliyevin Dövlətimizin haqlı mövqeyi bir daha təsdiqləndi, Azərbaycan öz şərtlərini bir daha diktə edə bildi. Bir sözlə, üçüncü Brüssel görüşü Azərbaycan Prezidentinin bölgədə yaratdığı reallıqdan kənar bir reallığın olmadığını bir daha sübut etdi.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...