Məhkəmədə sübutların vaxtında təqdim edilməsi vacib şərtdir - Ali məhkəmə

Məhkəmədə qalib gəlmək təkcə haqlı olmaqdan asılı deyil.

SİA xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Mülki işlər üzrə məhkəmə çəkişmələrinin uğurlu nəticəsi əsasən təqdim olunan sübutlardan asılıdır. Bildirilib ki, mülki prosessual qanunvericiliyə əsasən məhkəmə yalnız işdə olan sübutlar əsasında qərar qəbul edir.

Qeyd olunub ki, təcrübədə vətəndaşlar çox vaxt haqlı olduqları halda belə, işin onların ziyanına həll olunmasından narazılıq edirlər. Bu isə əsasən sübutetmə qaydalarına düzgün riayət edilməməsi ilə bağlı olur. Sübutların yalnız mövcud olması kifayət etmir, onlar qanunla müəyyən edilmiş qaydada və vaxtında təqdim edilməlidir. Əks halda, məhkəmə tərəfindən qəbul olunmaya bilər.

Məlumata görə, sübutlar əsasən birinci instansiya məhkəməsində işin baxılmağa hazırlanması mərhələsində – hazırlıq iclasında təqdim olunmalıdır. Əgər şəxs sübutu bu mərhələdə təqdim etmək imkanı olduğu halda bunu etməzsə və sonradan təqdim edərsə, məhkəmə həmin sübutu qəbul etməyə bilər.

Bununla yanaşı, qanun müəyyən istisnalara da yol verir. Belə ki, sübuta ehtiyac sonradan yaranarsa və ya sübut əvvəldən mövcud olsa da, obyektiv səbəblərdən vaxtında təqdim etmək mümkün olmayıbsa, həmin sübutlar sonradan məhkəməyə təqdim edilə bilər. Lakin bu halda gecikmənin səbəbi əsaslandırılmalı və müvafiq sənədlərlə təsdiqlənməlidir.

Vurğulanıb ki, apellyasiya instansiyasında yeni sübutların təqdim olunması daha məhduddur və yalnız birinci instansiyada təqdim edilməməsinin üzrlü səbəbləri sübuta yetirildiyi halda mümkündür.

Eyni zamanda, sübutlar işə aid olmalı və qanuni yolla əldə edilməlidir. Bu tələblərə cavab verməyən sübutlar məhkəmə tərəfindən qəbul edilmir.

Ali Məhkəmə vətəndaşlara tövsiyə edir ki, bütün sübutlar mümkün qədər əvvəlcədən toplansın, birinci instansiyada vaxtında təqdim edilsin və zərurət yarandıqda hüquqi yardımdan istifadə olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə