"Gənc nəslin azalması “qocalan cəmiyyət” problemini aktuallaşdırır" - SOSİOLOQ

"Azərbaycanda doğum səviyyəsinin azalması, birmənalı şəkildə demək lazımdır ki, həm sosial-iqtisadi, həm də demoqrafik risklər yaradır. Bildiyimiz kimi, son illərdə Azərbaycan əhalisinin demoqrafik strukturunda mühüm dəyişikliklər müşahidə olunur. Doğum səviyyəsinin azalması yalnız statistik göstərici deyil, həm də ölkənin gələcək inkişafına birbaşa təsir edən strateji məsələdir".

Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, bu tendensiya sosial-iqtisadi risklərlə yanaşı, milli təhlükəsizlik baxımından da ciddi risklər yaradır: "Demoqrafik balansın pozulması doğum səviyyəsinin azalması ilə bağlı olaraq əhalinin yaş strukturunda dəyişikliklərə səbəb olur.

Gənc nəslin sayının azalması və yaşlı əhalinin payının artması demoqrafik balansın pozulmasına gətirib çıxarır. Bu isə “qocalan cəmiyyət” problemini aktuallaşdırır. Nəticədə işlək yaşda olan əhalinin sayı azalır, asılı əhali - uşaqlar və yaşlılar - artır. Bu da əmək bazarında çatışmazlıq riskini gücləndirir. Gələcəkdə doğum səviyyəsinin aşağı olması əmək bazarında ciddi problemlərə yol aça bilər. İşçi qüvvəsinin azalması iqtisadi artım tempini zəiflədə, müxtəlif sahələrdə kadr çatışmazlığı yarada bilər. Xüsusilə sənaye, kənd təsərrüfatı və xidmət sektorunda bu problem daha qabarıq hiss oluna bilər.

İqtisadi inkişafın ləngiməsi və əhali artımının zəifləməsi daxili bazarın daralmasına səbəb olur. İstehlakçı sayının azalması biznes mühitinə mənfi təsir göstərir, investisiyaların cəlb edilməsini çətinləşdirir. Bu isə ümumi iqtisadi inkişaf tempinin aşağı düşməsi ilə nəticələnə bilər.

Pensiya və sosial təminat sistemləri əsasən işləyən əhalinin ödədiyi vergilər hesabına formalaşır. Doğum səviyyəsinin azalması nəticəsində gələcəkdə bu sistemə daxil olan vəsait azalacaq, lakin pensiya alanların sayı artacaq. Bu isə sosial təminat sisteminin dayanıqlığını sual altına qoya bilər.

Doğum səviyyəsinin azalması ailə modelində də dəyişikliklərə səbəb olur. Gənclərin ailə qurmağa marağının azalması, evlilik yaşının yüksəlməsi və azuşaqlı ailə modelinin yayılması ənənəvi ailə dəyərlərinin zəifləməsinə gətirib çıxarır. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətin sosial strukturuna təsir edir.

Regionlarda, əsasən də kənd yerlərində doğum səviyyəsinin daha sürətlə azalması həmin ərazilərin tədricən boşalmasına səbəb olur. İnsanlar daha çox şəhərlərə üz tutur və bu, urbanizasiya prosesini sürətləndirir. Nəticədə regionlar iqtisadi və sosial baxımdan zəifləyir, şəhərlərdə isə infrastruktur yükü artır. Milli təhlükəsizlik baxımından demoqrafik azalma uzunmüddətli perspektivdə ölkənin ümumi təhlükəsizlik mühitinə də təsir göstərə bilər. Əhalinin sayının azalması müdafiə potensialına, insan resurslarına və dövlətin strateji imkanlarına təsir edən amillərdən biridir.

Doğum səviyyəsinin azalması kompleks və çoxşaxəli problemdir. Bu məsələnin həlli üçün dövlət siyasətində bir sıra istiqamətlərin gücləndirilməsi vacibdir. Gənc ailələr üçün sosial dəstək proqramlarının genişləndirilməsi zəruridir. Uşaq müavinətlərinin artırılması və əlçatanlığının təmin olunması bu risklərin azaldılmasında mühüm rol oynaya bilər. Eyni zamanda iş və ailə həyatının balanslaşdırılması üçün şərait yaradılmalıdır. Qadınların əmək bazarında iştirakını dəstəkləyən çevik mexanizmlərin tətbiqi də mövcud risklərin azalmasına töhfə verə bilər.

Bütün qeyd olunanları nəzərə alaraq xüsusilə vurğulamaq lazımdır ki, doğum səviyyəsinin azalması yalnız bu günün deyil, gələcəyin problemidir. Bu sahədə vaxtında və effektiv tədbirlərin görülməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə