Brüssel nəticələri - erməni tərəfi dərk etməlidir: “artsax” yalnız xəyallarda qalacaq ANALİTİK+GÜNDƏM-AKTUAL

Qarşı tərəf yeni reallıqları qəbul etməli, onunla barışmalıdır, əks halda əldə edilmiş razılaşmaların əbədi olaraq masada qalmasında Bakının nə səbri, nə də təmkini müddət baxımından uzadıla bilməz

Qarabağ məsələsinin münaqişə olaraq “həll edilməməsi” iddiaları bir sıra Ermənistan KİV-ləri, bu ölkənin xarici ölkələrdəki lobbist dayaqları, siyasətçiləri və analitikləri tərəfindən tutuquşularda olduğu kimi təkrarlanmaqdadır.

O da əbəs deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan, ölkənin XİN rəhbəri Ararat Mirzoyan sonuncu – 22/23 may Brüssel görüşünə qədər məhz bu ətrafda fikirlərini bəyan edirdilər, hətta Azərbaycanın 5 bəndlik təkliflərini daha əvvəl qəbul etdiklərini etiraf etsələr də, sonradan “6 bənddən” ibarət öz təkliflərini sözün əsl mənasında danışıqlar masasına sırımağa cəhdlər göstərirdilər. Hətta bütün bunlar istər Moskvada, istərsə də əvvəlki Brüssel görüşlərindən sonra üzə çıxmışdı...

Sonuncu Brüssel görüşləri nə vəd edir?

Beləliklə, sonuncu Brüssel görüşündə bəzi məqamlara aydınlıq gətirildi və ilk baxışdan belə nəticə hasil etmək olar ki, Azərbaycan və Ermənistan mühüm razılaşmalar əldə ediblər. Təxminən 5 saata yaxın davam edən danışıqların ilkin nəticələri bunlardır:

-Sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların ilk birgə iclasları keçiriləcək. İclasın gündəmi ictimailəşdirilib.

-Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizi üzərindən tranziti razılaşdırıblar.

Qeyd edək ki, Şarl Mişelin bəyanatında dəhliz Qərbi Azərbaycan-Naxçıvan kimi vurğulanıb. Həmçinin, hər iki ölkənin beynəlxalq daşınmaları barədə də razılaşmalar əldə olunub.

-Sərhədlərin idarə olunması prinsipləri razılaşdırılıb – təhlükəsizlik, gömrük yığımları və beynəlxalq daşınmalar çərçivəsində qoyulan qaydalar.

-Hər iki ölkənin XİN rəhbərlərinin görüşləri razılaşdırılıb. Görüş yaxın həftələrdə baş tutacaq və ən əsası – danışıqların yeganə predmeti yekun sülh sazişidir.

-Azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində qarşılıqlı razılaşmalar əldə edilib, eləcə də Qarabağ müharibələrində itkin düşmüş şəxslərin işlərinin aparılması ətrafında ümumi razılıq əldə olunub.

Görüşə qədər masaya daşınmağa cəhd edilən qəbuledilməz erməni iddiaları

Sual edilə bilər ki, bəs bu görüşə qədər Paşinyan və Mirzoyan, həmçinin digər erməni siyasətçiləri və diplomatları danışıqlar masasına var gücləri ilə hansı təkliflərini sırımağa cəhdlər göstərirdilər?

İlk olaraq “münaqişənin həll olunmaması və ya başa çatmaması”, “yenidən status məsələsinin və ATƏT-in Minsk qrupunun dirildilməsi” və s.

Diqqət yetirsək görərik ki, 2020-ci ilin 44 günlük müharibəsinə qədər məhz erməni tərəfi ATƏT-in Minsk qrupu çərçivəsindəki bütün danışıqlarda “münaqişənin başa çatdığını” iddia edir, “dqr” adlı qondarma strukturun formalaşdırılması və artıq geriyə heç bir addımın atılmayacağı ətrafında fikirlər səsləndirilir, üstəlik isə danışıqların yalnız Azərbaycanın “yeni reallıqları qəbul etməsi” yönündə aparıldığı bəyan olunurdu. Bu məsələnin kulminasiya nöqtəsi isə baş nazir Nikol Paşinyanın Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə əlaqələndirilə bilər.

Əvvəlcə “Qarabağ Azərbaycandır və nida”, sonda isə “Nə oldu, Paşinyan?”

Təbii ki, Azərbaycan bununla qətiyyən barışmadı və Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” bəyanatı ilə ilk qətiyyətli addım atıldı və bunun ardınca isə artıq dillərdə əzbərə çevrilmiş “Nə oldu, Paşinyan?” ibarəsi ilə bütün dünya tanış oldu. Artıq Azərbaycan Ermənistan qarşısında bu ölkənin rədd etməyə cürət edə bilməyəcəyi şərtləri, tələbləri qoyur, eləcə də yeni reallıqlarla barışmaqdan başqa çarəsinin olmadığını sübut edir!

Bəli, bu gün Ermənistandakı revanşçı qüvvələr – koçaryanlar, sarqsyanlar, saqatelyanlar, vanetsyanlar və başqaları hələ də Qarabağ ermənilərinin öz müqəddəratlarını həll etmə “hüquqları”, “status”, “yeni müharibə” və s. kimi sərsəmləmələrini irəli sürürlər, üstəlik onların sərsəmləmələrinin xaricdən, müxtəlif dairələrdən idarə olunması da kimsəyə sirr deyil. Amma bütün bunlar sadəcə zaman məsələsidir və az sonra bu kimi qara-qışqırıqlara da bir son qoyulacaq. Bakı isə belə “inadcıl zarafatlardan” əsla xoşlanmır və yetərincə təmkin nümayiş etdirir.

Ermənistanla yalnız və yalnız 5 prinsip bazasında danışıqlar aparılır və eyni zamanda, sonuncu Brüssel görüşü də bunu ehtiva etməkdədir

Bu gün Azərbaycanın dövlət rəhbərliyi açıq-aydın nümayiş etdirir ki, ölkə yalnız konkret məsələlərin müzakirəsinə hazırdır, yerdə qalan “tələblər” isə yeni reallıqlar altında məhv edilib.

Bakı, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağdakı ermənilərinin təhlükəsizlik, maliyyə, sahibkarlıq, iqtisadi, vətəndaş hüquqlarının tanınması, mədəni-maarifçilik və eləcə də dini cəhətdəki hüquqlarının təmin olunacağını vəd edir. Özü də bu kimi məsələlər heç də Ermənistanla deyil, bilavasitə Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərlə müzakirə olunacaq. Ermənistanla isə yalnız və yalnız 5 prinsip bazasında danışıqlar aparılır və eyni zamanda, sonuncu Brüssel görüşü də bunu ehtiva etməkdədir.

Və ən əsası və sonuncusu – erməni siyasətçiləri və diplomatları nə zaman ki, öz sərsəm iddialarını, tələb və təkliflərini gündəm olaraq Azərbaycanla danışıqlar masasına sırımağa cəhd etməyəcəklərsə, bundan əl çəkəcəklərsə, bax onda danışıqlar məhsuldarlıqla başa çatacaq. Və məhz bundan sonra ikitərəfli razılaşmalara imzalar atılacaq. Ona görə də qarşı tərəf yeni reallıqları qəbul etməli, onunla barışmalıdır, əks halda əldə edilmiş razılaşmaların əbədi olaraq masada qalmasında Bakının nə səbri, nə də təmkini müddət baxımından uzadıla bilməz.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...