Aİ-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir - DEPUTAT AÇIQLADI

Aİ-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir - DEPUTAT AÇIQLADI

"Azərbaycan dünya dövlətləri arasında iqtisadi inkişaf sürətinə görə ön sıralarda dayanır. Respublikamızın artan iqtisadi inkişafı regiondakı digər dövlətlər üçün də faydalıdır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Son illərdə Azərbaycanla Avropa İttifaqı ölkələri arasında strateji əməkdaşlığı mümkün və zəruri edən amillər kifayət qədər çoxdur. Qlobal enerji layihələrini, təhlükəsizlik, ticarət, investisiyalar kimi sahələri, həmçinin, siyasi əlaqələri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün fundamental əsaslar hesab etmək mümkündür. Azərbaycan-Avropa İttifaqı münasibətlərində diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, əlaqələrin dərinləşməsinə istək birtərəfli deyil". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə daha sıx əlaqələr qurmaq niyyəti nümayiş etdirdiyi kimi, qarşı tərəf də münasibətlərin dərinləşməsinə böyük önəm verir: "Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoyub.Deputat xatırladıb ki, bu dövlətlərdən biri də Avropa İttifaqına daxil olan Litvadır. Litva Respublikası Azərbaycanın mustəqilliyini 1991-ci il dekabrın 20-də tanımış və 1995-ci ilin noyabr ayında iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahələrində əməkdaşlıq mövcuddur.
K.Bayramov diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə isə Litva-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycanın siyasi-strateji əhəmiyyətinə böyük önəm verən Litvanın rəsmi dairələri son illərdə ölkəmizə səfərlərini intensivləşdirib. Son səfər zamanı Litva Respublikasının Prezidenti Gitanas Nausedanın da bildirdiyi kimi ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da böyük potensiala malikdir. Litva yaxşı inkişaf etmiş avtomobil yolu, dəmir yolu, inter-model və dəniz limanları infrastrukturu və xidmətlərinə sahibdir. Ancaq Azərbaycan öz təbii sərvətləri ilə Baltik ölkələrindən dəfələrlə öndədir və əsas strateji coğrafi məkanda yerləşir. Məhz, buna görə də ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, mövcud potensial və investisiya imkanları çox genişdir. Burada Baltik ölkələri iş adamlarına ölkədə yaradılmış sənaye parklarından, sənaye məhəllələrindən və aqroparklardan istifadə etmək, habelə, təklif olunan güzəştlərlə iqtisadi fəaliyyətin müxtəlif növləri ilə məşğul olmaq üçün şərait yaradılmışdır.

Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin başçısı deyib: "Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu". Bütün bunlar bir daha deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi əlaqələrini daha da inkişaf etdirəcəklər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə