Azərbaycan-Norveç münasibətləri möhkəm təməl üzərində qurulub - TƏHLİL

Azərbaycan müstəqillik qazandıqdan sonra dünya dövlətləri ilə diplomatik münasibətlərin qurulmasında uğurlu addımlar atmışdır. Artıq ölkəmizin beynəlxalq təşkilatlara üzvlüyünün, eləcə də bir çox ölkələrlə diplomatik münasibətlərin qurmasının 30-cu ildönümü tamam olur. Qərbi Avropanın qabaqcıl dövlətlərindən olan Norveçlə qarşılıqlı əlaqələr - diplomatik münasibətlər 1992-ci ilin iyun ayının 5-də qurulmuşdur. Bu münasibətlərin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu böyükdür. Neft ölkəsi olan Norveçlə diplomatik əlaqələrin yaradılması həyata keçirilən siyasi, eyni zamanda, mədəni əlaqələrin inkişafını sürətləndirdi.

İki dövlətin - Norveç və Azərbaycanın dövlət və hökumət başçılarının rəsmi görüşləri zamanı imzalanan sənədlər bu əlaqələrin təməlini möhkəmləndirdi. Ötən dövr ərzində Norveç və Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub, əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar və hüquq-müqavilə bazası yaradılıb. 24-27 aprel 1996-cı ildə Ulu Öndər Heydər Əliyev Norveç Krallığının Baş naziri Quru Harlem Brundtlandın dəvətilə Norveç Krallığında ilk rəsmi səfərdə olub. Paytaxt Osloda Ulu Öndər Heydər Əliyev Norveç Kralı V Harald başda olmaqla rəsmi və işgüzar dairələrin nümayəndələri ilə çoxsaylı görüşlər keçirib. Bu danışıqlardan sonra "Azərbaycan və Norveç arasında dostluq və əməkdaşlıq haqqında saziş" imzalanıb. Bu sənədin imzalanması ilə iki neft ölkəsi arasında münasibətlərin rəsmi hüquqi-diplomatik əsası qoyulub.

Dövlətlərarası iqtisadi əlaqələr münasibətlərin inkişafında mühüm rola malikdir. Norveçə məxsus neft şirkəti olan "Statoyl" 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"ndə pay alaraq Azərbaycan-Norveç iqtisadi münasibətlərinin əsasını qoyub. Norveç dövləti sənaye və energetika nazirinin birinci müavini Qunnar Möntinin rəhbərlik etdiyi böyük nümayəndə heyəti müqavilənin imzalanması mərasimində iştirak etmək üçün Bakıda olub. Bu müqavilə əsasında "Statoyl" şirkəti 8,71% pay alıb. Şirkət 2 il sonra Xəzərin Azərbaycan sektorunda yerləşən ən iri qaz yatağı sayılan "Şahdəniz"in hasilatın pay bölgüsü əsasında birgə işlənilməsində də 25,5% pay alaraq Azərbaycanla əməkdaşlığını daha da genişləndirib. 1998-ci ildə "Statoyl" şirkəti həmin sektorda yerləşən "Araz-Alov-Şərq" blokunun birgə işlənilməsində 15% paya sahib olub. Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında "Əsrin müqaviləsi"ni imzalayan dünyanın 11 ən iri neft şirkətindən biri Norveçin "Statoil" neft şirkəti olub.

1996-cı ildə Ulu Öndər Heydər Əliyevin Norveçə ilk rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında müstəsna əhəmiyyəti olan sənədlər "Azərbaycan Respublikası və Norveç Krallığı arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlirlərə və kapitala görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiya", "Azərbaycan Respublikası Hökuməti və Norveç Sənaye və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Memorandumun (21 noyabr 1994-cü ildə Bakıda imzalanan) həyata keçirilməsinə dair Protokol" imzalanıb.

Onu da bildirək ki, səfər çərçivəsində Ulu Öndər Heydər Əliyev Stavanger şəhərinə gəlib və "Statoyl" şirkətinin prezidenti Harl Norvinq ilə görüşüb. Ulu Öndər Heydər Əliyevin Harl Norvinq ilə görüşündə Norveç Dövlət Neft Şirkəti "Statoyl" ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarına çatdıracaq neft - Bakı-Tbilisi-Ceyhan və qaz - Bakı-Tbilisi-Ərzurum kəmərlərinin inşasında da tərəfdaş kimi iştirak etməsini nəzərdə tutan sənəd imzalanıb. Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi, "Statoyl" şirkəti Azərbaycan dövlət müstəqilliyinə nail olduqdan sonra ölkəmizlə iqtisadi əməkdaşlıq etmək istəyən dünyanın böyük şirkətlərindən respublikamıza birincilər sırasında gələn şirkətidir. Bunların hamısı Norveç-Azərbaycan əlaqələrinin, Norveç-Azərbaycan dostluğunun yaranması üçün çox böyük kömək olmuşdur."

"ƏGƏR İNDİYƏDƏK BİZİM ƏMƏKDAŞLIĞIMIZ İKİ ÖLKƏNİN AYRI-AYRI ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏLƏR SƏVİYYƏSİNDƏ İDİSƏ, İNDİ BU, DÖVLƏTLƏRARASI SƏVİYYƏYƏ QALXDI"

Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin daha inkişafı istiqamətində töhfələrini verib. 2005-ci ildə Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının Varşavadakı III zirvə toplantısı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Baş naziri K.M.Bondeviklə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafı, o cümlədən "Statoil" Neft Şirkətinin Azərbaycandakı uğurlu fəaliyyətindən razılıq bildirilib. 28-29 aprel 2008-ci ildə Norveç Krallığının xarici işlər naziri Y.Stör Azərbaycan Respublikasında rəsmi səfərdə olub və Prezident İlham Əliyevlə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

5 iyun 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Norveçin dövlət katibi, neft sənayesi və energetika nazirinin müavini xanım Anita Utsetin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Norveç arasında energetika sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb və bu əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. 2009-cu ildə Prezident İlham Əliyev Norveçin dövlət katibi Robin Martin Kaasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının ilk illərdən başlayaraq təkcə Azərbaycan üçün deyil, dünyanın enerji sahəsində inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Azərbaycanla Norvec arasında mədəni əlaqələrinin dinamik inkişafında Ulu Öndər Heydər Əliyevin 1996-cı ilin aprelində bu ölkəyə rəsmi səfəri əhəmiyyətli rol oynamışdı. Həmin görüşdə "Azərbaycan Respublikası və Norveç krallığı "Birgə Bəvanat" imzaladı ki, bu da ölkələr arasında birbaşa əlaqələrin yaranması, sazişlərin imzalanmasında böyük əhəmiyyət kəsb etdi. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev bu hadisəyə böyük qiymət vermişdi. Ulu Öndərin bildirdiyi kimi, "İlk dəfədir ki, Norveçlə Azərbaycan arasında birbaşa sazişlər imzalanıb. Biz baş nazir xanım Brundtlandla Norveç-Azərbaycan əməkdaşlığı haqqında bəyanat imzaladıq. Bu, çox mühüm bir bəyanatdır. Başqa sazişlər də imzalandı... Əgər indiyədək bizim əməkdaşlığımız iki ölkənin ayrı-ayrı şirkətləri ilə əlaqələr səviyyəsində idisə, indi bu, dövlətlərarası səviyyəyə qalxdı. Bu, çox əhəmiyyətlidir".

İmzalanan sazişlər arasında iki ölkə arasında elm, təhsil, incəsənət, telekommunikasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müəyyənləşdirən sənədlər də mövcuddur. Bu tarixi görüşdə Dahi Öndər Heydər Əliyev Norveç mədəniyyətini və onun tarixini əks etdirən tədbirlərdə də iştirak etmişdi.

AZƏRBAYCAN - NORVEÇ MƏDƏNİ ƏLAQƏLƏRİ

Qeyd edək ki, hələ 1981-ci ildə etnoqraf Tur Heyerdal Qobustan qoruğunu ziyarət etmiş, burada qədim insanlar tərəfindən çəkilmiş qayıq rəsmlərini Norveçin Mis Dövrü qayıq rəsmlərinə bənzətmişdir. Bu səfər Heyerdalın Azərbaycan və Norveç xalqları arasında mümkün qədim əlaqələrə marağını artırmış, onun bir neçə dəfə daha Azərbaycana səfər etməsinə gətirib çıxarmışdır. 1995-ci ildə Heyerdal tərəfindən skandinaviyalıların qədim keçmişdə Azərbaycandan miqrasiya etməsi ilə bağlı nəzəriyyə irəli sürülmüşdür.

2011-ci ildə Azərbaycan Dillər Universiteti və Oslo Universiteti arasındakı Skandinaviya tədqiqatları layihəsinin bir hissəsi olaraq Bakıda elmi konfrans keçirilmişdir. Burada Heyerdalın nəzəriyyəsi haqqında ciddi elmi diskussiya aparmağa cəhd edilmiş, xüsusilə Azərbaycan-Norveç əlaqəsinə diqqət yetirilmişdir. 2013-cü il "Norveç günləri" keçirilmişdir.

Azərbaycan - Norveç mədəni əlaqələrinin tarixinə nəzər saldıqda, bu münasibətlərin hələ sovet quruluşu dövründə mövcudluğunu görmək mümkündür. Xüsusilə, kitab mübadiləsi, musiqi, təsviri sənət sahəsində yaranan qarşılıqlı əlaqələr Azərbaycan-Norveç mədəni əlaqələrinin bariz nümunəsidir. Bu sahələrdə sərgi, konsert və yaradıcılıq ezamiyyətlərinin təşkili mədəni əlaqələrin ənənəvi formaları kimi əhəmiyyət kəsb edirdi. 1971-ci ildə Azərbaycan musiqiçilərinin Norveçdə konsert çıxışları, 1986-cı ildə Norveç bəstəkarlarının respublikadakı çıxışları musiqi sahəsində əlaqələrin inkişafına başlıca səbəb oldu.

Azərbaycan ilə Norveç arasında dostluq əlaqələri bundan sonra da genişləndiriləcəkdir. Ölkəmizin sosial-iqtisadi inkişafı, qlobal iqtisadi layihələrin gerçəkləşməsi istiqamətində ardıcıl addımları və sülhsevər siyasəti dünya dövlətləri ilə münasibətlərin möhkəmlənməsinə və əməkdaşlığın davamlı olmasına təməldir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...